Şrift:
Finlandiya parlamentində Dağlıq Qarabağ dinləmələri
08.11.2012 [13:30] - Xəbərlər
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Helsinkiyə səfər edib. Noyabrın 7-də Finlandiya parlamentində “Dağlıq Qarabağ – işğal edilmiş və unudulmuş ərazilər” mövzusunda dinləmələr olub.

Dinləmələrdə Finlandiya parlamentinin üzvləri, Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Elxan Süleymanov, qrupun üzvləri Fazil Mustafa, Zahid Oruc və Ceyhun Osmanlı iştirak ediblər.

Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero Lehti çıxışında qeyd edib ki, 20 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmaq olmaz, çünki dinc əhali hələ də həlak olur: “Bu problem beynəlxalq məsələdir, çünki onun həll edilməmiş qalması təkcə regiona deyil, bütün dünyaya ziyan vurur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir və dünya birliyi bu fikrin tərəfdarıdır”.

Milli Məclisin deputatı Elxan Süleymanov Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açaraq vurğulayıb ki, bu problemin beynəlxalq hüquq normalarına müvafiq qaydada həll edilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir: “Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr bu günə qədər yerinə yetirilməyib. Həmin sənədlərdə qeyd edilir ki, Azərbaycanın işğal edilmiş 20 faiz ərazisi nəzarət edilməyən zonalara çevrilib. Bu ərazilərin azərbaycanlı əhalisinin hüquqları kütləvi şəkildə pozulub, işğalçı qüvvələr etnik təmizləmə siyasəti aparıb, bunun nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Elxan Süleymanov deyib ki, Finlandiya daha fəal hərəkət edə və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun həllində ciddi mövqe tuta bilər: “Finlandiya parlamenti bu problem barəsində müvafiq qətnamə qəbul etməklə beynəlxalq təşkilatlardan həmin sənədlərin yerinə yetirilməsini tələb edə bilər”.

AŞPA-nın fəxri üzvü Jaako Laakso çıxışında qeyd edib ki, son vaxtlar müharibə təhlükəsi artıb: “Finlandiya hökuməti beynəlxalq hüquq çərçivəsində regionda sülhə nail olmağa kömək edə bilər. Beynəlxalq birlik ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin dinc yolla tənzimlənməsinə dair danışıqları dəstəkləyir. Təəssüf ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişə zonasında vəziyyəti dəyişməyib. Finlandiya dövləti bu münaqişənin yaxın gələcəkdə həllinə və regionda sülhün və tərəqqinin bərqərar olmasına kömək etməlidir”.

Baş nazirin müavini Əli həsənov çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.

Baş nazirin müavini Xocalı soyqırımı barədə də məlumat verib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri Ermənistan prezidenti Serj Sərkisyanın, Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirdilər. Nəticədə 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”.

Əli Həsənov deyib ki, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgə yaşayışına zəmanət verən özünüidarə formasında ola bilər: “Azərbaycan prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq. Münaqişə yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilə bilər”.

Dinləmələrdə Avropa İttifaqının Qafqaz regionu üzrə sabiq xüsusi nümayəndəsi, səfir Heyikki Talvitie də çıxış edib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar heç bir nəticə verməyib: “Minsk qrupunda təmsil olunmuş ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına əsas verir”.

Finlandiya parlamentinin üzvü Elizabet Naukler “Aland adaları – muxtariyyətin Finlandiya modeli” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Aland adaları probleminin həlli Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi variantı ola bilərdi. Finlandiyanın bu təcrübəsindən çox ölkənin istifadə etdiyini vurğulayan Elizabet Naukler ümidvar olduğunu bildirib ki, Qarabağ münaqişəsi hərbi əməliyyatlarsız, danışıqlar yolu ilə həll ediləcək.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed