Şrift:
Gürcüstanda azərbaycanlılara basqınlar getdikcə artır
08.11.2012 [15:18] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Bu məsələlərə Azərbaycan tərəfi dövlət səviyyəsində sərt reaksiya verməlidir"

Son günlər Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyəcanlı xəbərlər gəlməkdə davam edir. Belə ki, həmin xəbərlərdə Gürcüstanda Azərbaycan kəndlərinə basqınların sayı durmadan artdığı qeyd olunur. Qara maskalı, xüsusi geyimlərdə olan, quldur və ya hansısa orqanların əməkdaşları olduğu müəyyən edilməyən şəxslər əhaliyə xəsarət yetirir, işgəncə verir, insanların pullarını, zinət əşyalarını, mal-qaralarını və s. əmlakını qarət edir. Yerli hakimiyyət və hüquq mühafizə orqanları əhalinin müdafiəsi, cinayətkarların müəyyənləşdirilərək cəzalandırılması istiqamətində heç bir iş görmürlər. Əhali bu cinayətlərin hüquq-mühafizə orqanlarının müdafiə etdiyi erməni cinayətkar dəstəsi tərəfindən törədildiyini istisna etmir. Gürcüstanda yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər hesab edirlər ki, Azərbaycan hakimiyyəti işə qarışmalı və soydaşlarımızın müdafiəsi üçün lazımi tədbirlər görməlidir. Bəzi ekspertlər də hesab edir ki, mövcud vəziyyəti və Gürcüstanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən təhdidlərin mümkünlüyünü nəzərə alaraq yerli azərbaycanlı əhali silahlandırılmalıdır.

Məsələyə münasibət bildirən Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrpunun üzvü, millət vəkili Fərəc Quliyev bizimlə söhbətində vurğuladı ki, mütəmadi olaraq Gürcüstanda yaşayan soydaşlarımızdan şikayətlər alır. Artıq bu məsələni parlamentin qarşıdakı iclaslarından birində qaldırmaq niyyətindədir: "Azərbaycan qonşu ölkə olaraq hər zaman Gürcüstana ən yüksək səviyyədə yardım əli uzadıb. Tək bu ölkənin ərazisindən keçən kəmərlərə görə yüz milyonlarla dollar gəlir əldə edilir. Həmçinin Gürcüstan nə zaman enerji böhranı ilə üzləşibsə, Azərbaycan dərhal onun bu çətinliklərini aradan qaldırıb. Lakin biz qarşı tərəfdən adekvat münasibət görmürük. Gürcüstan sərhədlərin delimitasiyası məsələsində anlaşmaq istəmir, hətta bizim tarixi abidələrin mənimsənilməsinə də çalışır". Millət vəkilinin sözlərinə görə, Gürcüstandakı soydaşlarımıza daima çətinliklər yaradılır. Onlar torpaq islahatı, məktəb problemi, dövlət strukturlarında vəzifələr tutması ilə bağlı əngəllərlə qarşılaşırlar. Hətta Borçalı əhalisinin öndə gedən bir neçə nəfəri əvvəllər qətlə də yetirilib, bu cinayətlərin üstü isə açılmamış qalıb: "Orada yaşayan azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunması mövqeyindən çıxış edirlər. Lakin onların bu siyasi mövqeləri heç də gözlənilən münasibətlə qarşılaşmır. Əksinə, Axalkalakidə yaşayan ermənilər separatçı mövqelərini ortaya qoyurlar, lakin heç bir diskriminasiyaya məruz qalmırlar. Gürcüstan tərəfi soydaşlarımızın sıx məskunlaşdığı ərazilərdə süni olaraq gürcü əhalisini yerləşdirərək demoqrafik durumu dəyişməyə səy göstərir. Bu məsələlərə Azərbaycan tərəfi dövlət və qeyri-hökumət təşkilatları səviyyəsində sərt reaksiya verməlidir. Öz mövqeyimizi ortaya qoymalı, baş verən olaylar istər Gürcüstan prezidenti Mixail Saakaşvili, istərsə də yeni hökumətin diqqətinə çatdırılmalıdır. Hətta Azərbaycan tərəfi Borçalıdakı soydaşlarımızın problmlərinin həlli üçün alternativ proqram da irəli sürməlidir". Millət vəkili azərbaycanlıların mümkün təxribatlardan qorunması üçün onların silahlandırılması məsələsinə də münasibət bildirib: "Dövlət istənilən vətəndaşına milliyyətindən və dinindən asılı olmayaraq sahib çıxmalı və onun təhlükəsizliyinə özü cavabdehlik daşımalıdır".

"Həftə içi" qəzeti. Azad
Bu xəbər oxucular tərəfindən 1188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed