Şrift:
Bugünün çaxnaşmalarından çaşmamalı
09.11.2012 [12:25] - Gündəm, Türk dünyası-Turan
SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı

Noyabrın 10-da Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündən 74 il ötür.


Atatürkü Türk Dünyasında və bütün dünyada tanımayan yoxdur. O, ümumtarix və bəşər miqyasında tanınan, bilinən, öyrənilən simalardandır. O, Türk millətini sanki yoxdan var etmişdi. Onun şəxsində yaradıcı kişi qüdrəti özünü göstərmişdi. Bu, qeyrətə və millətə mütləq sevginin ifadəsi idi. Dünyada bütün böyük dəyərlərin bel sütunu bu cür sevgilərdir. Bu sevgi ilə qeyrət əslində sinonimdir. Bu gün Türkiyədə qəribə gedişlər görürük. Elə bil ki, bilərəkdən Atatürkün xəttinə qarşı gizli-açıq qalxışmalar var. Ölkə dinə elə bürünüb ki, onun milli siması günbəgün itməkdədir. Bu proses tarixi bir səbəblə də izah edilə bilər – mənim gümanıma görə. Bu da ondan ibarətdir ki, Atatürk millətçiliyi tündlüyündə bu gün türklük eləmək elə Atatürkün öz idealına ziyan verə bilər. Bu gün Türkiyədə Atatürkçülüyə qarşı müşahidə olunan ayaqlanmaların bir üzrlü səbəbi varsa, o da məncə, budur. Zaman dəyişib. İnsanların sanki hüceyrə tərkibi dəyişib. Lətifəsi uzaq olsun, indiki çağda «it qursağının yağ götürməməsi» çox aydın görünür. Tamamilə sanki təsadüfi bir misal deyim. Bu həftə Türkiyənin «Bugün» telekanalında balaca bir xəbər verdilər: polis zabitinə küçədə it hücum edir. Zabit tapançasını çıxarıb iti vurur. Küçədə qaynaşan insanlar zabitin üstünə cumurlar ki, niyə iti vurdun? Onlar polis zabitinin nəyi simgələdiyini (rəmzləşdirdiyini) unudublar sanki. Əslində zabitə saymazlıq, iti qorumaq indiki gəlişmiş dünyanın və elə Türkiyənin də ictimai durumunu çox doğru əks etdirir. Belə bir çağda Atatürk ideallarını yaşatmaq dahi ağıl istəyir. Bu ağıl fiziki güc, qətiyyət, qılınc kəsəri məzmununu yaşatmalı, yeritməlidir. O ağıl bizim İnam Atamızın irəli sürdüyü İnsanlaşma harayı üstə köklənə bilər. O Ağıl bütün millətləri millət sayır, onların birgə yaşaya bilmələri üçün zəmin hazırlayır. Yeni şəraitdə iç-içə yaşayan millətlər sifətlərini də qoruyub yaşatmalıdırlar, dövlətlərini də, insanlıqlarını da. Bu üçlü görəvin yerinə yetirilməsi qarşısında kürəsəlləşdirmə adında div var. O div birgə yaşayan xalqların dirsəyini görməlidir. Ona görə ki, millət sima, kürəsəlçilik simasızlıq deməkdir. Əslində bu saat dünyada çox geniş yayılmış dövlət-millət qarşıdurmaları həmin sima ilə simasızlığın qarşıdurmasıdır. Bunu hər bir xalqın mənsubu və ya iki xalqın birlikdəki mənsubu da nəzərə almalıdır. Bilməlidir ki, onları toqquşduran səbəb onların öz içlərindəki naqisliklə yanaşı, həm də beynəlxalq, yəni kürəsəlçi naqislikdir. Rusiyada, Türkiyədə, başqa ölkələrdə dövlətlər öz içlərində xalqların dinc yanaşı yaşaya bilmələri üçün çaba göstərirlər. Ancaq beynəlxalq irtica buna əngəl törədir. Öz içində dinclik arayan bir dövlət başqa dövlətin içinə nadinclik salır. Nə qədər ki, bu proses davam edir, xalqlar yanlış olaraq bir-birinin simasında özlərinə düşmən görəcəklər.
Bundan çıxmağın yolu: hər xalqın ruhani başbilənləri olmalıdır. Onlar insanlara başa salmalıdırlar ki, xalq müxtəlifliyi, milli müxtəliflik düşmənçiliyin əsası deyil. Bunu ardıcıl inadla öz xalqının qəzəbinə tuş gəlməkdən çəkinmədən ona başa salmalıdırlar. Burada çox çətin, başqa bir məsələ də var. Bu, dövlət-millət məsələsidir. Bu iki varlığı necə yola verməli? Ruhani başilənlər bunun üzərində öz başlarını da sındırmalıdırlar, soydaşlarının başlarını da.
Dövlət şərti qurumdur. Millət mütləq qurumdur. O şərti qurum içində millətlər öz mütləq varlıqlarını yaşatmalıdırlar. Bu, çətindir, ancaq mümkündür. Yaşamaq istəyiriksə, bu çətinliyə dov gəlməliyik. Bunun əksi olan başqa bir çıxış yolu da axtarılır. O da bəşəri millətsizləşdirmək yoludur. Sən millətin uğrunda niyə çarpışırsan? Ona görə ki, öz sifətinlə öz qanının, qəlbinin ritmiylə, döyüntüsüylə yaşamaq istəyirsən. Millətsiz bəşərdə isə söz yox ki, heç kəsin sifəti, qəlbinin döyüntü tərzi ələ alınmır. Özü də bu ələ almamaq tamamilə məkrdən irəli gəlmir. Bu «həlli» irəli sürənlər də insanların qayğısına qalırlar. Məsələnin canı, məğzi isə bundadır ki, insanlar simasız, özümlüksüz yaşamaq istəmirlər. Ancaq insani naqislikləri onları buna sürükləyir. Ona görə də xalqların öz simaları uğrunda döyüşləri ruhani başçılarının bələdçiliyi ilə insani naqisliklərinə qarşı olmalıdır.
Konkret indiki Türkiyə çox qarışıq tora salınıb. Ancaq Türk milləti adında möhtəşəm, yenilməz, ölməz bir qüdrət var. Bu beynəlxalq tələlər, torlar dağılacaq, Türk sifəti başqa ulusların sifəti ilə yanaşı yaşayacaq. Gələcəyi indiki zamanın gərginliyi ilə ölçməməli. Türkün o qüdrəti dediyim məsələdə – bizim İnam Atamızın yaratdığı Mütləqə İnam dünyabaxışı da var. Türk milləti öz gələcəyinə başının üstündəki, qəlbinin içindəki Mütləqə İnam bayrağı ilə gedəcək.
Artıq bu gediş başlayıb. Bu İnam təsadüfi yaranmayıb. Tarixi, bəşəri, insani, ruhani gərəklikdən yaranıb. Türk millətinin Atatürk sevgisi çox möhtəşəm, qurucu, qoruyucu sevgi idi. O sevgini anlamayanlar, istəməyənlər Atatürkün nüfuzunu bilərəkdən, ya da bilməyərəkdən zədələməyə çalışırlar. Atatürkü dinin ayağına verməyə çalışırlar, verirlər. Bu, faciəvi yanlışdır. Düzünə qalsa, bu, həm də ilahi yanlışdır. Çünki inanc həqiqətçi qəhrəmanlığa qarşı dayanmamalıdır. Din əslində siyasətdə millətə qarşıdır. Din öz mahiyətində insanların dəruni duyğularına qarşı ola bilməz. Ona görə ki, inanc, inam, vicdan kimi sifətlər, ərdəmliklər elə məhz insanların dəruni duyğularından, eşqlərindən, ehtiyaclarından yaranır.
Bizim İnam Atamızın Mütləqə İnamı buna ən gözəl sübutdur. Bu İnam insanın böyük arzularından, qəhrəmanlq istəyindən, aydın sima istəyindən, ləyaqət, şərəf istəyindən yaranıb, ona da xidmət edir. Ona görə də bu gün dindən yapışıb Atatürkü aşağılayanlar bilməlidirlər ki, yumruq onların öz başlarına dəyəcək. Din gedəcək, Ata, Atatürk qalacaq.

Atamız var olsun!
7 Dözüm günü, Yağış ayı 34-cü il.
(7.11.2012).
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed