Şrift:
Doqquz ayda Şəki rayonu üzrə heyvan sahiblərinə 212 min manatdan çox subsidiya hesablanıb
08.10.2020 [13:04] - Gündəm, İqtisadiyyat
Bu ilin 9 ayında Şəki rayonunda 4696 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 125 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 2347 baş buzov və balaq doğulub. Doqquz ayda Şəki rayonu üzrə 1648 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2123 baş cinsi yaxşılaşdırılmış buzova görə 212 min 300 manat subsidiya hesablanıb.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 399 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.

Nazim Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” müvafiq Sərəncamının icrası olaraq, son 5 ildə Şəki rayonu üzrə 6841 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 8396 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 839 min 600 manat subsidiya ödənilib.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, doqquz ayda Şəki rayonunda ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz, süd istehsalı isə 2 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed