Şrift:
DİFAİ və BORÇALI
22.11.2012 [11:49] - Gündəm, DAVAMın yazıları
Anar Məsimov

XX əsrin əvvəlləri... Azərbaycan türkləri öz ərazilərində qətliama və ermənilər tərəfindən törədilən qırğınlara məruz qalır. Azərbaycan Türkü əzilir, alçaldılır, onun torpaqlarından özgələr üçün dövlət yaradılması planlaşdırılırdı.Çar Rusiyası tərəfindən silahlandırılan ermənilər Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə və Şirvanda yaşayan silahsız Azərbaycan xalqına, dinc əhaliyə hücumlar edir, vəhşiliklər törədirlər...
1905-ci il... Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən "Fədai" adlı gizli bir cəmiyyət yaradılır. Bu, Azərbaycan Türkünün özünü müdafiə instinkti, illərdən bəri toplanmış passionar enerjinin vulkantək püskürməsi demək idi. Türk həmişə olduğu kimi bu dəfə də hücumda olmalı idi. Böyük türkçü-publisist Yusif bəy Akçuralı 1928-ci ildə nəşr etdirdiyi "Türk ili" kitabında Əhməd bəy Ağaoğlunun tərcümeyi-halını yazarkən qeyd edir: "Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda "Fədai" adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu".
Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirdikdən sonra o, Peterburqa üz tutaraq orada Universitetə daxil olur. O burada bir çox Azərbaycanlı ziyalılarla tanış olur. Bunlar arasında Tiflisli Əlimərdan bəy Topçubaşov (Azərbaycan Xalq Cumhuriyyətinin Xarici işlər Naziri), Əli bəy Hüseynzadə (Siyasi ideoloq, jurnalist, rəssam, Azərbaycan Xalq Cumhuriyyətinin bayrağının təsisçisi) və Borçalılı İsrafil ağa Borçalinski (Hacıəliyev, Acalov: hüquqşunas, sonralar Borçalı türklərinin əsas dayağına çevrilmişdir) diqqəti cəlb edir.
Daha sonra Əhməd bəy Parisə gedərək orada Sorbonna Universitetinə daxil olur. Parisdə oxuduğu müddətdə Əhməd bəy beş dilə mükəmməl şəkildə yiyələnərək həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.
Universiteti qurtarıb Azərbaycana dönən Əhməd bəy burada fransız dilini tədris etməklə yanaşı cəhalət dənizində üzən Azərbaycan xalqının milli özünüdərketmə ideyalarının yayılması işinə başlayır. Bir çox qəzetlərdə yazılar yazdıqdan sonra Azərbaycan dilində gündəlik “İrşad” qəzetini təsis edərək milləti maarifləndirməklə oyatmağa çalışır.
Bakının aşıb-daşan qara qızılı bütün dünyanın nəzərini indiki paytaxtımıza yönəldir. Uzaq İsveçdən Nobel qardaşlarından tutmuş Simenslərə qədər bütün burjua övladları Bakının misilsiz zənginliyindən pay almağa yönəlmişdilər. Bunlar azmış kimi Osmanlı və irandan qovulmuş ermənilər də Bakıya sürətlə axışırdılar. Yerevan qəzasının ən ucqar kəndindən belə ermənilər ev-eşiklərini atıb sürətlə Bakıya yerləşirdilər. Dünənə kimi Bakı dalanlarında ayyaqqabı təmiri edən Adamovlar, Mantaşyanlar, Lalayanlar Çar Rusyası məmurları ilə əlbir olub yerli milləti talayır, onların ata-baba torpaqlarını zorla əllərindən alırdılar. Etiraz edənlərin bir sonu vardı - ölüm. Bakı və onun ətrafında böyük torpaq hissələrinə sahib olan ermənilər orada olan neft buruqlarından küllü miqdarda pul qazanırdılar. Azğınlaşan ermənilər Azərbaycanın hər yanında ağalıq edirdilər. Bakı, Yelizavetpol (Gəncə), Tiflisdə onlarla ermənicə qəzetər və jurnallar buraxdıran ermənilərin Danakstün partiyası hər yerdə azərbaycanlı ovuna çıxmışdılar. Ən çox qətliamlar isə, Qarabağ və İrəvan qəzalarında baş verdi.
1906-cı ildə yazmaqla milləti gec oyadacağını anlayan Əhməd bəy Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin də xeyir-duası ilə Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə Gəncəyə gələrək buradakı tanınmış vətənsevər millətçi ziyalıların öndə gələn ismləri ilə Ələkbər bəy Rəfibəyli (görkəmli ictimai və siyasi xadim, Azərbaycan xalqının milli istiqlal hərəkatının fəal mübarizlərindən biri), Ələsgər bəy Xasməmmədli (görkəmli ictimai və siyasi xadim), Ədil xan Ziyadxanov(görkəmli dövlət xadimi, alim, diplomat), Nəsib bəy Nəsibbəyli (siyasi və dövlət xadimi), Həsən bəy Ağayev (ictimai-siyasi xadim, jurnalist, həkim, müəllim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini) və Axund Namaz Pişnamazzadə (Azərbaycan Xalq Cümhuriyyəti dini idarəsinin müftisi ) görüşərək “Difai” (Müdafiə) Partiyasın yaradır (S.Rüstəmxanlı, “Difai Fədailəri”, səh. 305). Sonradan Difainin Şuşa (Qarabağ müdafiə komitəsi), Dərbənd, Borçalı, Naxçıvan, Cavanşir, Qazax, Tərtər, Qaryaqində (Cəbrayıl) şöbələri açılır.
“Difai”nin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. Artıq ermənilər Azərbaycan Türklərinin nəyə qadir olduqlarını anlamağa başlayırlar. Hüseyn Baykaranın yazdığı kimi, "Difai” partiyasının fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınmışdı. "Hələ Şuşada məktəbdə işləyərkən ermənilərlə mübarizə aparan Əhməd bəyin "Fədai" təşkilatı vasitəsilə onlara qarşı böyük miqyasda müqavimət göstərdiyinin şahidi oluruq..." (Y.Akçuraoğlu, "Türk ili", səh. 441). “Difai” Azərbaycan tarixində misli görünməmiş qeyrət səhifələri yazır, millətinin və vətəninin qarşısında duran hər bir kəsi məhv etməklə...
Difai fəaliyyəti dövründə, əli məzlum azərbaycanlı qanına batmış hər kəsin cəzasını verirdi. Minlərlə rus və erməni məmurları, satqın yerli məmurlar və milləti cəhalətə sürükləyib vicdanını pula satan mollalar bu partiyanın qurbanına çevrilir...

DİFAİNİN BORÇALI QOLU

Difai azərbaycanlıların hər yerində olduğu kimi Borçalıda da özünə dayaqlar axtarır.Əhməd bəy Ağaoğlu 1906-cı il 20 fevralında Tiflisə gələrək burada ÜmumZaqafqaziya qurultayında iştirak edir.Daha sonra o bu qurultayda Borçalını təmsil edən İsrafil ağa Borçalinski, Rəhim bəy Axundov və Əbdürrəhman Haqverdi oğlu ilə görüşür. Əhməd bəy Qazax və Tiflisdə Difainin təşkilatlanma məsələsini hərbi topoqraf Vəkilova tapşırsa da onun Borçalı və Tiflisdə tək ümidi və dayağı Peterburqdan tanıdığı İsrafil ağa idi.
İsrafil ağa Tiflis və Borçalıda dönəminin nadir ziyalı şəxsiyyətlərindən idi ki, dövlətdə təmsil olunurdu və yerli əhali arasında böyük nüfuza malik idi.
Peterburq Universitetinin hüquq bölümünü bitirmiş İsrafil ağa həmin ərəfədə Tiflisdə məhkəmə sədri vəzifəsində çalışırdı və bütün Borçalıların dayağına çevrilmişdi (Ş.Məmmədli, “Parçalanmış Borçalı”). Tiflis Seyminin ilk azərbaycanlı üzvi kimi tarixə düşən İsrafil ağa Tiflisdə Çar Rusyası höküməti elitasında böyük nüfuza malik idi. Zaqafqaziya elitasının üzvi kimi qəbul edilən İsrafil ağa Tiflisdə nəşr olunan Azərbaycan dilli qəzetlərə dəstəyi ilə tanınırdı. Onun millətini sevən, erməni və rus haqsızlıqlarına dözməyən biri olduğu hamıya məlum idi. Ehtiyatı əldən verməyən İsrafil ağa ata yurdu Ağalıq kəndində silah anbarı tiktirib, oranı daima hazır və dolu vəziyyətdə saxlayırdı. Erməni-müsəlman qarşıdurmasının qaçılmaz olduğunu öncədən hiss edən İsrafil ağa Borçalıdakı Kəpənəkçidə yaşayan əmisi oğlu Emin ağa Borçalı (dövlət xadimi) başda olmaqla bütün Borçalı igidlərini ayıq-sayıq saxlayırdı .
1905-ci ildə ermənilər azərbaycanlıların yaşadığı digər bölgələrdə olduğu kimi Tiflis və Borçalda da silahsız müsəlman xalqına qarşı hücumlara başlayır. Ermənilər ilk öncə Tiflisdə yaşayan irandan gəlmiş müsəlman hamballara (həmşərilərə) divan tutmağa başladılar. Ahısqalı görkəmli ictimai və siyası xadim, böyük millətçi “Cənubi Qərbi Türk Cumhuriyyəti”nin (dövlətin başçısı Emin ağa Borçalı idi) nazirlər şurasının 1-ci sədri Ömər Faiq Nemanzadə öz xatirələrində bu barədə xatirələrini yazıb. O, Tiflisdə ermənilərin türk-müsəlman əhalisinə qarşı vəhşiliyini gerçək bir surətdə təsvir etmişdir. Ömər Faiq özü gördüyü erməni vəhşiliyini qələmə alaraq yazmışdır ki, Tiflisin Voronsov körpüsündən keçən türk hamballarını (iranlı həmşəriləri) erməni silahlıları sürüyüb körpünün kənarına gətirir və buradan çaya tullayırdılar. “Reskavoronsov məhəllələrindəki mazutlarda işləyən türk fəhlələrini gizləndikləri yerdən çıxarıb xəncərlə yaralaya-yaralaya Kür çayının kənarındakı dəyirmanların hündür yerinə gətirir və oradan aşağıya tullayırdılar. Suya atılan biçarələr boğulmamaq üçün var-gücü ilə çalışır, kənara doğru yaxınlaşır, lakin kənardakı erməni daşnaklarının onlara yağdırdıqları güllələrlə yaralanır təkrar suya batırdılar. Bir az sonra isə çıxıb əl-ayaq çarpır, üzməyə çalışırdılar.
Lakin yenə güllə yağışına tutularaq batır və axırda görünməz olurdular. Kür çayı sularının qanlı dalğaları arasında qarışıb axaraq gedən cansız, hərəkətsiz türk-müsəlman meyidləri görünürdü”.
Azğınlaşan ermənilər daha sonra Azərbaycan Türklərinin yaşadığı Meydan və Hallovar məhəllələrinə saldırır.Belə savaşların birində görkəmli dramaturq və dövlət xadimi Nəriman Nərimanovun anası qətlə yetrilir.
İlk öncə Borçalıda (Şüləverdə) erməni quldurlarını tərksilah edən Borçalılar daha sonra Tiflisə doğru hərəkət etdilər (Gürcüstan Azərbaycanlıları.2010). İsrafil və Emin ağaların sayəsində Borçalı süvariləri Tiflisə erməni qəsbkarları üzərinə yürüş edir.
...İki mindən artıq Borçalı süvarisinin Tiflisə, şəhərə gəldiklərini eşidəndə yerli türklər bir az da ürəkləndi. Şayiə gəzirdi ki, guya borçalılılar gürcü kəndlərindən mal-qaranı qovur, qadınları girov götürürdülər. Halbuki Borçalıdan gələn yol üstündə belə bir gürcü kəndi yox idi. Bu xəbərlər Tiflisdə savaşın genişlənməsinin qarşısını aldı. Borçalıların yaxınlaşdığını bilən gürcü, rus, hətta erməni ziyalıları ağ bayraqlarla şəhəri dolaşmağa başladılar (S.Rüstəmxanlı, “Difai Fədailəri” 203-cü səhifə).
Ömər Faiq Nemanzadə (1919-cu ildə Emin ağa Borçalı ilə Metex qalasında birlikdə cəza çəkib) daha sonra yazır : “Cənubi Qafqaz üzrə canişin kəndlərdən gələn köməkdən xəbərdar olan kimi əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Türk-müsəlman igidləri şəhərin ətrafından atlarını kəndlərə geri qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Erməni silahlı dəstələrinin üzərinə hücuma keçən türk-müsəlman silahlıları cəmi bir gün vuruşduqdan sonra erməni daşnak silahlılarını məğlub etdilər”.
Məhz İsrafil ağa 1905-ci ildən 1918-ci ilə kimi Borçalı və Tiflisdə quduzlaşmış ermənilərin qəniminə çevrilir. Bu müddət ərzində o, dəfələrlə azğınlaşmış ermənilərin layiqli cavabını verir.1917-ci ildə isə İsrafil ağanın başçılığı ilə Borçalı süvariləri sadə müsəlman xalqa divan tutan yerli Lüksemburq (indiki Bolnisi) almanlarını darmadağn edir.
1909-cu ildə Çar Rusya höküməti “Difai” partiyasını bağladıqdan sonra Əhməd bəy məcburən Osmanlıya getməli olur. İstanbulda olduğu müddət ərzində Əhməd bəy keçmiş silahdaşları ilə əlaqəni kəsmir.
BORÇALIDA DAŞNAK QƏTLİAMI
1918-ci ildə ermənilər azərbaycanlılar yaşayan hər yerdə Bakıda, Qubada, Şamaxıda, Göyçədə, Naxçıvanda, Lənkəranda, Urmiyyədə, Salmasda, Xoyda və digər şəhərlərdə sadə xalqa qarşı qətliamlara başlayırlar. Azərbaycanın hər yerində qan tökən daşnaklar Borçalıya üz tuturlar. Lakin burada onların mənfur niyyətləri baş tutmur.
Qaniçən daşnaklar Andronik və general Nazarbekyan 800 silahlı ilə zamanında ulu türk yurdu Borçalıya İran və Osmanlıdan qaçqın kimi köçən ermənilərin məskünlaşıb yurd saldıqları, sonralar Xaçın adlandırdıqları kəndə gəlirlər. Daşnakların məqsədi Borçalıda da böyük qətliamlar törətmək idi.
Bu olaylara hazır olan İsrafil ağa bu işdən xəbər tutan kimi yerli igidlərlə birlikdə daşnaklara pusqu qurub onarın 90 %- ni məhv edir, general Nazarbekyanın isə şəxsən başını kəsir.
Artıq “Azərbaycan Xalq Cumhuriyyəti” öz müstəqilliyni elan etmişdi. Bakını ermənilərdən azad etməyə gələn Qafqaz İslam Ordusunu və ordunun komandanı Nuru Paşanı İsrafil ağa Emin ağa ilə birlikdə şəxsən Calaloğlunda (Osmanlı sərhəddi) qarşılayıb Borçalıya gətirir, orada qonaqlayır daha sonra isə Qazağa qədər müşayət edir.
Məhz 1918-ci ildə Qafqaz İslam ordusu Bakını ermənilərdən azad etdikdən sonra şəhərə girən ordunun önündə dayanan Nuru Paşanın yanında addımlayanlardan biri Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadə idilər.
Bu xəbər oxucular tərəfindən 1138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed