Şrift:
Azərbaycan və Moldova tarixçilərinin ortaq əməkdaşlığı müzakirə edilib
15.04.2021 [05:51] - Xəbərlər, Siyasət
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Elmlər Akademiyasının (MEA) prezidenti, akademik professor İon Tiqineanu ilə onlayn formatda görüşüb.

Səfirlikdən bildiriblər ki, görüşdə İ.Tiqineanu MEA-nın pandemiya dövründə fəaliyyəti barədə geniş məlumat verib, koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlığın davam etdirildiyini bildirib, akademiyanın yaradılmasının 60 illiyi və akademik tipli ilk elmi müəssisələrin yaradılmasının 75-ci ildönümünə həsr olunmuş “Elm həftəsi” adlı silsilə tədbirlərin keçiriləcəyini (onlayn formatda) diqqətə çatdıraraq, Azərbaycan tərəfini tədbirlərdə iştiraka dəvət edib.

Səfir Q.Osmanov ölkələrimiz arasında geniş əməkdaşlıq əlaqələrindən danışıb, bununla bağlı mədəniyyət və elm sahələrində münasibətlərdən söhbət açıb, Azərbaycanın Milli Elmlər Akademiyası ilə Moldova Elmlər Akademiyası arasındakı əməkdaşlıq sazişinin əhəmiyyətini xatırladıb.

Əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir uzun illər ərzində yaşadığımız ortaq tarixi nəzərə alaraq, bu sahədə araşdırmalar aparılması və əməkdaşlıq edilməsinin əhəmiyyətini vurğulayıb, hər iki ölkənin akademiyaları nəzdində tarix institutları arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması təşəbbüsünü irəli sürüb.

MEA-nın Tarix İnstitutunun direktoru professor G.Kojokaru hər iki quruma fayda gətirəcək Azərbaycandan olan həmkarları ilə əməkdaşlıq müqaviləsi imzalamaq təşəbbüsünü dəstəkləyib, Moldova tədqiqatçıları üçün Azərbaycanın tarixi keçmişinin araşdırılmasının xüsusi maraq kəsb edəcəyinə əminliyini bildirib.

Görüşdə hər iki ölkədəki elmi tədqiqatçıların potensialı, qarşılıqlı təcrübə mübadiləsi imkanları, birgə layihələrdə iştirak üçün tədqiqatçı qrupların yaradılması, o cümlədən beynəlxalq elmi forumlarda iştirak və digər maraq doğuran məsələlər müzakirə edilib.
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed