Şrift:
Erməni diasporunun maliyyə mənbələri
30.11.2012 [15:17] - Gündəm
Taleh CƏFƏROV, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, "Oğuz" müstəqil araşdırmaçılar qrupu idarə heyətinin üzvü

Ermənilərin dünyanın müxtəlif ölkələrinə səpələnməsi davamlı miqrasiya prosesi nəticəsində həyata keçirilmişdir. Belə ki, ermənilərin hələ XIX əsrin I yarısından başlayaraq, ilk olaraq ABŞ-ın müxtəlif ştatlarına, xüsusilə Boston şəhərinə kütləvi miqrasiyası yeni yaranmaqda olan erməni icmasının sosial dayaqlarının daha da möhkəmləndirilməsinə təkan vermiş oldu. Qısa müddət ərzində çoxlu sayda erməni gənclərinin təhsil almaq məqsədilə buraya köçü qeydə alınmışdır. Köçüb gələnlərin əksəriyyəti ABŞ-ın missioner təşkilatlarının ayırdığı külli miqdarda vəsait hesabına məskunlaşırdı. Ayrılmış pullar xüsusilə, erməni gənclərinin maariflənməsinə, onların təhsil, səhiyyə sahələrində mövcüd biliklərinin daha da möhkəmləndirilməsinə sərf olunurdu. Eyni zamanda, missionerlər ermənilərlə ABŞ arasında münasibətləri nizama salan vasitəçilərə çevrilmişdilər.

Bu barədə daha geniş məlumatlara görkəmli Amerika tarixçiləri Castin və Karolin Makkartilərin birgə yazdıqları "Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik" adlı əsərində rast gəlmək mümkündür. Müəlliflərin fikrincə, Amerika məktəblərinin erməni millətçilərinə kömək etdikləri dolayı vasitəçilik yollarından biri Birləşmiş Ştatlarla əlaqələrin inkişaf etdirilməsi idi. Missionerlər erməni tələbələrin və protestantların Amerikaya səfərlərini maliyyələşdirirdilər. Ermənilərin Amerikaya axınının ardı-arası kəsilmirdi. Bu, Birləşmiş Ştatlarda və Kanadada olan bugünkü böyük erməni icmalarının yaranmasının əsasını qoyurdu. Ermənilərin inqilabçı təşkilatları Amerikada olan ermənilər arasında fəal iş aparırdılar. Oradan olduqca böyük maliyyə yardımı daxil olurdu. Bundan başqa, ermənilər Osmanlı imperiyasına ABŞ pasportu ilə qayıtmaq imkanına malik idilər. Bu ermənilər Siyahıların (xarici vətəndaşların Osmanlı qanunları ilə məhkum olunmasına yol verməyən razılaşmalar) verdiyi üstünlüklərdən istifadə edərək öz məqsədlərinə çatmaq üçün daha açıq fəaliyyət göstərə bilirdilər. Eləcə də, Birləşmiş Ştatlarda olan ermənilər Amerika ictimai rəyinə böyük təsir göstərirdilər. ABŞ-da hər hansı bir nüfuzlu türk icması olmadığı üçün bu ölkədə ancaq ermənilərin səsi eşidilirdi.

Missionerlərin digər bir məqsədi isə erməni gəncləri arasında milli hissləri daha da gücləndirmək, türklərə qarşı düşmənçiliyi alovlandırmaq və onlara Anadoluda erməni dövləti yaratmaq istəyini aşılamaq idi. Osmanlı imperiyasından gəlmiş erməni gəncləri müəyyən müddətdən sonra öz yerlərinə qayıtmalı və bu işə yardımçı olmalı idilər. Amma onların çoxu bir daha geriyə qayıtmaqdan imtina edərək burada erməni icmalarının təşkilatlanmasına yardımçı olurdu. Bu işə sərf edilən külli miqdarda vəsait qısa müddət ərzində öz nəticəsini vermiş oldu. Belə ki, 1893-cü ilə qədər Türkiyədə 624 məktəb, 436 ibadətxana açılmışdır. Həmin dövrdə Türkiyədə 1317 amerikalı missioner fəaliyyət göstərirdi və 1893-cü ilə qədər onlar burada 3 milyon İncilin və təxminən 4 milyona yaxın müxtəlif səpkili kitabların əhaliyə çatdırılmasını təmin etmişdilər. Bunun üçün təşkilat 10 milyon dollarından keçməyi də əsirgəməmişdir. Maraqlısı ondan ibarətdir ki, bu vəsaitin yarıdan çoxu ABŞ vətəndaşlarından toplanmışdır. Həmin dövr üçün bu, olduqca böyük məbləğ idi. Həmçinin bu işdə onlara ABŞ-ın protestant kilsəsinin verdiyi dəstək də xüsusilə diqqəti cəlb edir.

Eyni zamanda, ermənilərin dini mənsubiyyətinə özünəməxsus formada yaxınlaşmaq istəyi isə ABŞ missionerlərinin maliyyə strukturlarına külli miqdarda vəsait hesabına başa gəlmişdi. Qısa müddət ərzində maliyyə resurslarının ayırdıqları vəsait erməni diasporunun sosial-siyasi strukturlarının yaranmasına və inkişafına xeyli dərəcədə müsbət təsirini göstərmişdi. Erməni siyasi partiyalarının regional şöbələrinin yaradılması, ticarət evlərinin, məktəblərin, kilsələrin tikilməsi, mətbuat orqanlarının təşkili, kitabxana, xəstəxana, şənbə və bazar günləri məktəblərinin inşa edilməsi, bütövlükdə əcnəbi dövlətlərin külli miqdarda ayırdıqları vəsait hesabına formalaşmaqda idi. İstər ABŞ-da, istər Fransada, Rusiyada, Ukraynada, Ermənistanda, istərsə də Suriya və Livanda bu proses davamlı şəkildə həyata keçirilməkdə idi. Qeyd etmək lazımdır ki, bəzi dövlətlərin ermənilərin, xüsusilə erməni diasporunun maliyyələşdirilməsində, həmçinin onların sosial dayaqlarının daha da möhkəmləndirilməsində yaxından iştirakı bir sıra məqamlara aydınlıq gətirir. Buraya, birincisi, əcnəbi dövlətlərin ermənilərdən bir alət kimi istifadə etmək, ikincisi, həmin qüvvələrin bir sıra niyyətlərini erməni diasporunun köməyi ilə həyata keçirmək, üçüncüsü, diaspor vasitəsilə Yaxın Şərq, Qafqaz, habelə Şərqi Avropa dövlətləri ilə əlaqələri daha da möhkəmləndirmək, dördüncüsü, sadə ermənilər arasında bu ölkələrə qarşı inamı daha da gücləndirmək istəklərini aid etmək olar. Bununla diaspor daxilində müxtəlif siyasi qrupların vahid mərkəzdə birləşməsi prosesi sürətlənməkdə və onların həmin ölkələrdə siyasi arenaya inteqrasiyası reallaşmaqda idi. İlk dövrdə diasporun təşəkkülü və formalaşmasına ayrılan vəsait müvafiq ölkələr tərəfindən bu və ya digər yollarla öz ünvanlarına çatdırılırdısa, XX əsrin I yarısından etibarən diaspor daxilində zəngin erməni ailələrinin bu missiyanı öz üzərlərinə götürməsi prosesi qeydə alınmışdı. Əvvəlcə sənətkar və ticarət sahələrində varlanan ermənilər burada bir sıra təşkilatlar, o cümlədən xeyriyyə fondları yaratmağa başladılar. Buna misal olaraq, qonşu Gürcüstanda iri erməni maqnatlarının yaratdığı xeyriyyə fondlarını qeyd etmək olar. İlk mərhələdə xeyriyyə təşkilatları erməni icmalarının, diasporlarının ödədikləri aylıq vəsait hesabına formalaşırdısa, getdikcə bu proses yavaş-yavaş aradan qalxmağa başladı. İri maliyyə qurumlarının yaradılmasına ehtiyacın olduğunu düşünən erməni maqnatları daha çox vəsaitin toplandığı fondlar yaratmaqda maraqlı idilər. Onlar daha çox bu ölkələrdəki mövcud asılılığın nisbətən aradan qaldırılmasına çalışırdılar.

Erməni diasporunun əsas maliyyə mənbələrini araşdırdığımız zaman onları şərti olaraq aşagıdakı şəkildə qruplaşdırdıq: 1. İri erməni maqnatları tərəfindən edilən yardımlar. 2. Erməni xeyriyyə fondları tərəfindən edilən yardımlar. 3. Erməni kilsəsi tərəfindən edilən yardımlar. 4. Erməni lobbi təşkilatlarının ayırdığı yardımlar. 5. Ermənistan hökuməti tərəfindən edilən yardımlar. 6. Ermənipərəst dövlətlər tərəfindən edilən gizli yardımlar və s.

II Dünya müharibəsindən sonra ümumdünya erməni təşkilatlarına, siyasi birliklərinə ciddi maliyyə yardımları ayıran xeyriyyə təşkilatlarının sayı durmadan atmaqda idi. Belə təşkilatlardan biri də mərkəzi qərargahı Portuqaliyada yerləşən Gülbənkyan Fondudur. Fondun 1966-cı il raportunda dünyadakı erməni təşkilatlarına toplam 1 milyon 548 min 330 dollar ayrıldığı qeyd edilmişdir. Ayrılmış pullar xüsusilə, raportda qeyd olunduğu kimi, dünyanın müxtəlif ölkələrinə səpələnmış ermənilərin təhsil, mədəniyyət və müxtəlif sənət sahələrinin inkişafına və sosial yardım məqsədilə lazımı ehtiyaclara xərclənməsidir. Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Gülbənkyan Fondunun fəaliyyətə başladığı 18 iyul 1956-ci il tarixindən 31 dekabr 1966-cı il tarixinə qədər dünyadakı erməni vətəndaşlarına verilən pulların ümumi məbləği 9 milyon 781 min 730 dollar olmuşdur.

XX əsrin 70-80-ci illərində erməni təşkilatlarına külli miqdarda maliyyə vəsaitləri ayıran xeyriyyə fondlarından biri də Qara Xaç Cəmiyyətidir. Cəmiyyət 1872-ci ildə Vanda təşkil olunmuşdu. Qeyd etmək lazımdır ki bu dövrdə erməni diasporunun türk dünyasına qarşı antitürk fəaliyyətində taktiki dəyişiklik edilmiş, türk missionerlərinə, təşkilatlarına və missiyalarına qarşı terror cinayətləri ilə yadda qalmışdır. Tarixçi Sani Hacıyevin təbirincə desək, dünyanın bir çox ölkələrində yaşayan ermənilərin yaratdıqları ictimai birliklər, fondlar və hərəkatlar erməni terrorizminin aparıcı qüvvəsi və maliyə qaynağıdır. Bu mənada Qara Xaç Cəmiyyətinin əsas məqsədi milli mənafelərə nail olmaq, gənclərin silahlandırılması və üsyanların təşkil edilməsi idi.

Keçən əsrin 70-ci illərinin əvvəllərində, daha dəqiq desək, 1972-ci ildə yaradılmış təşkilatlardan biri də Amerika Erməni Assambleyası adlı lobbi təşkilatıdır. Erməni diasporunun tanınmış şəxsləri tərəfindən ABŞ-da təsis edilən və orada yaşayan erməniləri təmsil etmək iddiası ilə yaradılan təşkilat 2,5 milyon dollarlıq büdcəsi və 7 min işçisi olan güclü bir qurumdur. Təşkilat əsas fəaliyyətini ABŞ-ın xarici siyasətinə uyğun qurmuş və qarşıya qoyduğu məqsəd başlıca olaraq qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanıdılması olmuşdur.

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan çoxsaylı erməni diaspor hərəkatlarının və terrorçu təşkilatlarının ətrafına inteqrasiya olunduğu nüvə rolunu oynayır. Ermənistan dünya erməni fondları və təşkilatlarından nəhəng maliyyə yardımı alaraq, özü də erməni təşkilatlarının koordinatoru rolunu oynayır, onların fəaliyyətlərini planlaşdırır və əlaqələndirir. Məhz Ermənistan hökumətinin ayırdığı pullar hesabına ölkəmizdə 30-dan çox terror hadisəsi qeydə alınmış, nəticədə 2 mindən artıq insan qətlə yetirilmişdir.

Müasir dövrdə dünyanın bir sıra inkişaf etmış ölkələrində Türkiyəyə, Azərbaycana və digər türk respublikalarına qarşı cox ciddi şəkildə kampaniyalar aparılmaqdadır. Bu çirkin işlərin arxasında dünyanın aparıcı şirkətlərindən bir neçəsi dayanmaqdadır. Bu istiqamətdə fəaliyyət göstərən iri şirkətlərə misal olaraq, İngiltərəyə məxsus British Airways, dünyanın 77 dövlətində xüsusi nümayəndəliyə malik HSBC Bankı, ABŞ-a məxsus AKSA Sığorta Şirkətini və digər qurumları qeyd etmək olar. Adlarını çəkdiyimiz bu təşkilatlar xüsusilə beynəlxalq səviyyədə uydurma "erməni soyqırımı" haqqında elmi konfransların keçirilməsinə və bu istiqamətdə nəşr edilən kitablara maliyyə dəstəyi verməkdədirlər. Qeyd edək ki, HSBC Bankın dünyanın müxtəlif regionlarını birləşdirən 120 milyon nəfərlik müştəriləri vardır. Bu maliyyə sektorlarının Türkiyədə çox geniş şəbəkələri vardır. Türkiyədə qazanc əldə edən bu şirkətlər və banklar öz gəlirlərinin bir hissəsini uydurma "erməni soyqırımı"nın tanıdılmasına xərcləməkdədirlər.

Dünyada zəngin maliyyə imkanlarına malik iri sığorta şirkətlərindən biri də AKSA Sığorta Şirkətidir. Şirkət erməni diasporlarına təzminat şəklində külli miqdarda vəsait ayırmaqla yanaşı, onların təhsil almaq imkanlarının da yaxşılaşdırılmasına istənilən dəstəyi verməkdədir. Mərkəzi ofisi ABŞ-da yerləşən AKSA Sığorta Şirkətinin dünyanın əksər dövlətlərində xüsusi numayəndəliyi fəaliyyət göstərir. Maraqlıdır ki, bu şirkət 1915-ci il qondarma "erməni soyqırımı" qurbanlarının sağ qalmış ailə üzvlərinə maddi təzminat ödəmək barədə xüsusi qərar qəbul edib. Nəticədə ABŞ, İngiltərə, Fransa, Kanada, Belçika, İsveç, İsveçrə və digər ölkələrdə yaşayan ermənilər "soyqırımı qurbanları" olmaları barədə bu sığorta şirkətinə sənədlər təqdim etməkdədirlər. Bu istiqamətdə bir sıra araşdırmalar aparmış Ənvər Börüsöy yazır: "HSBC Bankın İrəvandakı təmsilçiliyinin müraciətinə nəzər salsaq görərik ki, yaxın vaxtlarda Ermənistanda 1915-ci il "erməni soyqırımı"nın qurbanı olmuş 1353 nəfərə sığorta şəklində maliyyə yardımları olunacaq. Bunun üçün bankın hesabından 3 milyon 650 min dollar vəsait ayrılacaq". AKSA Sığorta Şirkətinin Türkiyənin əksər şəhərlərində xüsusi təsisatları mövcuddur. Bu şirkət əldə etdiyi gəlirlərin böyük bir hissəsini ABŞ, Fransa, Livan və digər dövlətlərdə yaşayan və uydurma "erməni soyqırımı"nın qurbanlarının ailələrinə maliyyə dəstəyi olaraq verir.

Erməni diasporuna külli miqdarda maliyyə yardımları ayıran digər təşkilatlardan biri də ABŞ-a məxsus Nyu York Life Sığorta Şirkətidir. Qeyd edək ki, bu şirkət uzun illərdir ABŞ, Fransa və digər dövlətlərdə 1915-ci il qurbanları barədə müvafiq sənədlər toplamaqla məşğuldur. Şirkətin əsas hədəfi 26 dövlətdə yaşayan ermənilərə 119 milyon dollar həcmində təzminatların ödənilməsini təmin etməkdir. Bu istiqamətdə bir sıra yardım kampaniyaları həyata keçirilmişdir. Hal-hazırda 20 milyon dollar həcmində 2 min 500 erməni vətəndaşına maliyyə yardımlarının ödənilməsi planlaşdırılır. Çünki bu vətəndaşların əcdadı olmuş şəxslər vaxtilə Osmanlı dövlətində yaşamaqla, həm də ABŞ-a məxsus sığorta şirkətlərinin üzvü olublar.

Göründüyü kimi, erməni diasporuna dəstək verən maliyyə resursları haqqında məlumatlar olduqca səthidir. Buna səbəb həmin fondların, maliyyə resurslarının, iri maqnatların fəaliyyətinin xalqdan gizli saxlanılmasıdır. Lakin buna baxmayaraq, əldə etdiyimiz məlumatlara əsasən, qeyd etmək olar ki, erməni diasporunun antitürk fəaliyyətinə yönəldilmiş külli miqdarda vəsait əsasən qondarma "erməni soyqırımı" qurbanlarının sağ qalmış ailə üzvlərinə təzminat şəklində verilmişdir. Erməni terrorizminə dəstək məqsədilə milyonlarla vəsaitin terrorçu qruplaşmalara, millətçi ekstremistlərə ayrılması nəticəsində çoxsaylı terror cinayətləri həyata kecirilmiş, minlərlə insan qətlə yetirilmişdir. Adlarını çəkdiyimiz maliyyə mənbələrinin fəaliyyətinin Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Türkmənistanda məhdudlaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə xalqla hökumət arasında birliyin hökm sürməsi nəticə etibarilə həmin ölkələrin təhlükəsizlik sistemlərinin daha da möhkəmləndirilməsinə şərait yaradacaqdır.
Bu xəbər oxucular tərəfindən 2241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed