Şrift:
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16.05.2021 [11:15] - Xəbərlər, Hüquq
Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən gün Yardımlı rayonu ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, mayın 15-də DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində - Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində üç nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onlara odlu silahdan atəş açıb. Nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb. Onun İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyənləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının ölkə ərazisinə qanunsuz yolla gətirdikləri 3840 qram marixuana və 95 qram metamfetamin, güclü təsir edici maddə olan 17 min 715 ədəd preqabalin həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi sübutlar aşkarlanaraq götürülüb.

İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Hazırda həmin cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Görülən tədbirlərin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 2744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed