Şrift:
Şirinxanım Kərimbəyli: YURD İSTƏYİ, VƏTƏN SEVGİSİ
06.12.2012 [13:30] - Gündəm, DAVAMın yazıları
(HAFİZ RÜSTƏMİN « YARDIMLIYA SƏYAHƏT»İNƏ SƏYAHƏT)
Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan Hafiz Rüstəmlə mən yaradıcı insanların gediş – gəliş yeri olan, Əli Rza Xələflinin rəhbərlik etdiyi və mənim əməkdaşlıq etdiyim “Kredo” qəzetində tanış olmuşam. Onun bədii ədəbiyyatımız haqqındakı ürək yanğılı söz-söhbətindən doymaq olmur. Hafiz bəy geniş ürək sahibidir. O, əsil yaradıcılığı simiclik etmədən qiymətləndirməyi bacaran söz, fikir adamıdır, sözünün urvatı, axarı misralarından boylanan, qəlbi sözlə çalxalanan şairdir. Hafiz Rüstəm hər cümlənin qurluşuşuna, hər misranın düzülüşünə məsuliyyətlə yanaşan yaradıcı insandır. Qəlbi Vətən eşqiylə döyünən vətəndaş yazardır.
Müəllifin «Bakıdan Yardımlıya Səyahət» kitabı haqqında öz fikirlərimi yazmamışdan öncə bir-iki kəlmə indiki yaradıcı durum barədə fikir söyləmək yerinə düşərdi. Son illərdə bəzi yazar insanlarımızın yaratdığı ədəbi məhsullarda milli məfkurənin unudulduğu, hətta eldən, yurddan yazmağa rişxədlə baxıldığının təəssüflə şahidi olursan. Vətənlə bağlı mövzulara geridə qalmışlıq kimi baxan dırnaq arası söz xiridarlarının fikiri-zikiri avropasayağı söz oynatmaqdır. Fikrimizcə, Vətən eşqi bütün hisslərdən, duyğulardan öndə olmalıdır. Kişini kişi edən Vətəndir, millətin xoşbəxtliyi onunla təndir!
İndi qayıdaq haqqında yazmağa qərar verdiyim müəllifin «Bakıdan Yardımlıya Səyahət» kitabının üstünə. Müəllifin bu kitabı özünün qeyd etdiyi kimi yaddaş- poemadır. Poema başdan-başa bütöv bir elin kədərini-sevincini, ağrısıni-hekayətini özündə birləşdirən möhtəşəm bir əsərdir. Əsərin baş qəhrəmanı müəllif özüdür və dostu Mir Mahmud ağadır. Poemada müəllif klassik şairlərimizin yazı üsuluna sadiq qalıb. Xüsusən indiki dövürdə yazar insanlarmız arasında Allahın varlığına şübhəylə baxan, allahsızlıq ideyaları ilə nəfəs alan qövm yaranmaqdadır. Hafiz Rüstəm bu növ düşünənlərin əksinə olaraq poemanı Allaha münacatla başlayır.
Sən ey bağışlayan, sən ey rəhm edən,
Əsirgəmə eşqi ilhamı məndən.
Ey iki dünyaya yeganə sahib,
Həm işin içində, həm də ki, qalib.
Haqqın varlığına sidqi ürəklə bağlanan, onu yaranışların sahibi sanan müəllif dünyanın böyük dahilərinin gəldiyi fikirlə həmahəng olur. Biz bütünlükdə ağrılı bir ömür yaşayan millətlərdənik. Bu ağrını isə öz çiyinlərində ömrü boyu daşıyan vətən təəssübü, yurd ağrısı çəkən düşüncə sahibləri, həqiqi yazar insanlardır. Hafiz Rüstəm də, məhz belə yazar insanlardandır. Əgər belə olmasaydı bu cür iri həcimli poemanı araya-ərsəyə gətirə bilməzdi.
Biz hamımz doğulub böyüdüyümüz ocaqlardan, yuvalardan şəhərə peşə, sənət, böyük arzular dalınca üz tutan kəslərik. Kəndin təmiz havasını, saf, sadəlövh, dilə bağlı, yurda aşiq insanlarını buraxıb paytaxta yüksək amallar dalınca üz tuturuq. Hələ şəhərin isti asfaltını, boz üzünü görməmiş quş kimi qanad açırıq. Gəlib bir çox mətləblərdən hali olub qaim-qədəm olandan sonra çox şeylərin bizim gənclik düşüncələrimizdən daha ağrılı, daha çətin olduğunun fərqinə varırıq. Bu yolda sağlamlığımızı, uşaqlıq, gənclik illərinin şirinliyini itiririk, yavaş-yavaş iddialı, təkəbbürlü anadangəlmə şəhərli olmasaq da belə şəhər insanına çevrilirik. Doğma yurdlarımızda qoyub gəldiyimiz istiqanlığı xatirələrə gömüldürük, amma hər birimizin içində doğulduğumuz yurdların eşqindən qaynaqlanan bir niskil yatır. Biz vaxt tapanda hərdən bir qoyub gəldiyimiz ocaqlara yollanırıq. Bəzən soyuq, bəzən isti qarşılanırıq. Çünki tərk edilmiş yuvalardan canıbir, qanıbir yurddaşlar olsa belə sən qonağsan. Qoynunda məskən saldığın şəhərə qayıtmalısan. Ürəyi qan yaddaşından qopub gələn ocaq sevgisi adamı bir an belə tərk etmir, bu sevgi ağır vaxtlarda göz yaşlarına, xoş çağlarda isə yurdla təmasda olmaq istəyinə çevrilir. Müəllifi də yəqin yaşının yarıya adlayan çağında bu istək, bu dilək çalxaladıb, onu atalı, analı günlərinin ürək titrədən, qəlbə məlhəm xatirələrinə yönəldib. Ata ocağından boylanan isti ana nəfəsinin, cana mərhəm şirin laylalarının qulaqlarda donub qalmış havasının sədası niskilli xatirələrinin dünyasından onu səsləyib. Onun da ata ocağının şirinliyi uşaqlıq çağlarının uzaq xatirələrində özünə məskən salıb. O da qələminə və kağızına sarılıb bu istəyi boğça-boğça xatirələr taxçasından çıxarıb misra-misra dastana çevirib. Şair yaşadığı anların xatirələrə dönmüş zamanlarını keçmişin ötüb qalmış günlərində itib-batmamaq üçün, doğulduğu ocağını, yurdunu sözün sehri ilə əbədiləşdirmk üçün bu həyat hekayətini muncuq-muncuq söz ovqatına kökləyir.
Hafiz Rüstəm poemanı ayrı-ayrı başlıqlarla səhifələyir. Hər başlıq adamı bəhs etdiyi hekayətin izinə salır. Müəllifin «Yardımlıya səyahət» yaddaş-poemasında «Cənuba doğru», «Sərhəd ağrıları», «Ricət», «Dağlar… meşələr» , «Yollar-görüntülər», «Məcnun dağ havasında» və sair başlıqlarla sıralanmış hekayətlər Yardımlı bölgəsinin tarixi, etniki adət-ənənələri ilə oxucunu hali edir, yurdun gəlməli-görməli gözəllikləriylə onu tanış edir. Sanki müəllif oxucunun əlindən tutub onu öz doğulduğu, boya-başa çatdığı məkana aparır. Şair poemanın «Sərhəd ağrıları» bölməsində yolların zaman köhləninə əyləşib insanı ömrün rəngarəngliyi ilə ulaşdırdığını şirin bir dillə nəzmə çəkir:
Yollar elə uzanır,
Sanki qurtarmayacaq.
Bizi apardığıtək
geri qaytarmayacaq
Vaxt keçir aşıb-daşır
insan dözmü, səbri,
Yardımlı –ölkəmizin
uzaq, ucqar « Sibiri».
Hafiz Rüstəm indi bir tarixə çevrilmiş sovet dövrünün yaşantılarını qələmə alır. O, Rus İmperiyasının ölkəmiz içində cızdığı sərhədlərinin törətdiyi fəsadları poemanın misralarına gətirir. Vətən içində öz yurd-yuvasına çətinliklə gedib-gələn insanların məşəqqətli həyatını yana-yana qələmə alır. O, parça-parça, tikə-tikə olmuş başıbəlalı Azərbaycanın faciəvi taleyini, bütünlükdə hamımızın ürək ağrısını poemasında əbədiləşdirir. Hələ tələbəlik illərində Bakı Universitetində oxuduğum zamanlarda tələbə yoldaşlarım Naxçıvana, Yardımlıya bir çox sərhəd rayonlarına gediş-gəlişin başağrısı olduğunu deyirdilər. Onların başıbəlalı Azərbaycanımızın içərisindən çəkilmiş tikanlı məftillərin hər iki tərəfində həsrətli gözlərin axıtdığı kədər yaşlarının hekayətini nəql etdiklərinin şahidi olmuşam. Tələbə yoldaşlarım öz doğma yurdlarına çətinliklə gedib gəlirdilər. Məhz şair də bu həyat hekayətində xalqın keçirdiyi acı-ağrıları misraların dili ilə oxucuya bəyan edir. Müllif əsərin «İlk bahar lövhələri» bölməsində öz halı-əhvalını dağlarla bölüşür:
Sizinçün burnumun ucu göynəyir,
Burnumdan uzağa getmədim, dağlar.
Mən də bəxtəvərdim guya şəhərdə,
Əslində murada yetmədim, dağlar.

Sizsiz neçə-neçə illər ötüşdü,
Əsdi rüzgarlar, yellər ötüşdü,
Ələndi qar-yağış, sellər ötüşdü,
Mənsə yanınızdan ötmədim, dağlar.
Deyirlər ki, insanın yaxşı günləri barmaqların sayı qədərdir. Müəllif dağlara həsr etdiyi bu gözəl qoşmasında keçirdiyi xoş günlərinin xatirələrindən doğan yurd istəyini, təbiət gözəlliklərini misraların sehri içində bəsləyir. Sözün aliliyi ilə təbiət mənzərələrinə aşina olur. Şəhərin texniki üstünlükləri saf kənd havasının, onun təbii yeməklərinin qarşısında olduqca aldadıcı və keçicidir. Adam yaşa dolduqca, fiziki problemlər ortaya çıxdıqca daha çox o təmizliyin, o saflığın, o büllurluğun həsrətin çəkir. Hər kəsə bəllidir ki, candan şirin heç nə yoxdur, o şirin can bədən ağrıları artıqca öz öhdəsinə düşən yükü çəkə bilmir. Yavaş-yavaş insan özü üçün sakit bir guşə arzusunda olur. O sakit guşələr isə uf demədən atıb gəldiyimiz yurdlar, obalardır. Məhz Hafiz Rüstəm də o obaların, o yurdların qəlbdən getməz məhəbbətini möhtəşəm sözün axarı-buxarı ilə misralarının ovqatına kökləyir. Qardaşım Hafiz Rüstəm, yurdun şirinliyi canla ölçülür, can nə qədər insana əzizdirsə, yurd da elə can mərtəbəsindədir. Mən əskərlikdən sonra Rusiyanın ucqarlarının birində gün-güzəran sürmüş bir nəfər yurddaşımızın ağır vəziyyətdə kəndə dönüb ata evinin daş divarını qucaqlayıb hönkür-hönkür ağladığının şahidi olmuşam. Nə idi ömürünün qüruba enən çağında onu klometrlərlə yolu qət edib can ağrılarıyla ocağa gətirən?! Mənə elə gəlir ki, beyinin hansısa qatında özünə yuva salmış ocaq sevgisi, uşaqlıq xatirələrində mürgüləyən ata mehri, ana məhəbbəti idi. Diş göynədən bulaqların şaqqıltısı şairi hansı andasa gecə yuxusundan ayıldıb, şirin yuxusuna soyuq su səpib:
Get Çanaqlı bulağa
Diş göynədən,
Dil-damağ donduran
Bir kuzə su gətir…
Necə deyərlər bir el mahnısında deyildiyi kimi:
«Sudan gələn sürməli qız,
Çox incidir küzə səni…»
Çanaqlı bulaq kim bilir neçə əsmər üzlü gözəlin kuzəsinə su doldurub, üz-gözünə çisək ələyib, bulaq qənşərindən keçən hansısa bir igidin oğrun baxışlarına tuş gələn qız sonra
barmağına nişan üzüyü taxıb. Şair «Kaş bir çoban olaydım» bölməsində təbiət rahatlığını çobanlığın sehirli çubuğu ilə ölçür. Uzun yollar qət edən çobanların dağda, düzdə keçən həyatını misralar içində mirvaritək sapa düzür:
Obaşdan örüşlərdə hər gün açam səhəri,
Tütəyimlə otaram, yatıram sürüləri.
Fəqət qoyun-quzudan ayrı bir şey qanmayam,
Bekara bir söz üstə alışmayam, yanmayam.
Ümumiyyətlə, şairlik, yazıçılıq, söz, misra pərvanəsi olmaq ürək ağrısından, ağrılı-acılı günlər içində çalxalanmaqdan başqa bir şey deyildir, bunu dərdi söz içində dağ edənlər yaxşı bilərlər, üstəlik həmkarlarının sənə olan basqıları, soyuq baxışlar, soyuq üzlər, nifrət dolu gözlər…
Şair «İlk bahar lövhələri» hekayətində doğulduğu elin, obanın güllü-çiçəkli ormanlarının, yamyaşıl düzlərinin, boy-boya verib təbiətə bir loğman dəqiqliyi ilə məlhəm edən ağacların çiçək açan vaxtında ətrafa rahiyə səpdiyini, ruhu diləndirdiyini rəssam təki boyalara tutur, amma rənglərlə yox, qəlbi təlatümə gətirən sözlərlə…O əsərə baş qəhrəman seçdiyi dostu Mir Mahmud ağaya üzünü tuturaq deyir:
Gəl, düşək maşından, Mir Mahmud ağa,
Çoxdandır bu yerə ayağım dəymir.
Üz tutaq dərədən axan bulağa,
Onun saf suyuna dodağım dəymir.
Yuxarda qeyd etdiyim kimi, Hafiz Rüstəm hər birimizin gizli bir xiffətinə çevirilmiş ocaq həsrətini, yuva istəyini «İlk bahar lövhələri»nin qəlb yandıran, ruh tirədən misralarında sözə gətirir, nəzmə çəkir. Ali düşüncələr burulğanında özünə yer tapmayan şairin ilhamı bir qanadlı quşa bənzəyir. Daxilən öz dünyasına çəkilir, hüdudsuz səmalarda səkdikcə səkir. O, onu içəridən rahat buraxmayan ruhuna qoşulub istəkli məkanlarda şahin təki süzdükcə süzür. Hərdən bir talalara enir, yemliklərdən, quzuqulaqlardan dadır, böynubükük, kol dibində nazlanan bənövşələrin başına tumar çəkir, nazlı təbiətin gül qoxuyan, bal dadan havasını ciyərlərinə çəkir:
Bilirəm, yol gəlib susamısan sən,
İç dərə döşündə soyuq bulaqdan.
Dər güllü təpənin yemliklərindən,
Həzz al çeynədikcə quzuqulaqdan.

Şair təbiətin saf və bol nemətlərini, qarın doyduran bərəkətini saydıqca, insanda şəhərin hay-küyünü atıb təsvir etdiyi məkanlara qaçmaq istəyi yaranır. Bax budur, dəyərli oxucu, şairin, yazıçının ürəyinin təbiətlə həmahəng vurmağı, onun nəbzini tutmağı… Bizlər təbiətə nə qədər divan tutsaq da, onun qədrini bilməsək də, hər addımda çirkləndirsək də torpaq bizdən hələ öz bar-bərəkətini əsirgəmir. Bizlər isə, sanki onun butib-tükənməyəcəyinin fərqindəyik. Daha fikirləşmirik ki, heç nə əbədi deyil. Hər bir canlı kimi torpağın da canlıdır, yalnız və yalnız onun ömrünü uzada bilərik…Çünki bugünki, sabahkı insanın taleyi ayağımızı basıb, üstündə gəzdiyimiz yerdən aslıdır. O bizi bir gün qoynundan kənara tullaya bilər. Bu faciənin tezliklə baş verməməsinin qarşısını almaq üçün dəyrli söz adamı Hafiz Rüstəmin təsvir etdiyi ruh oxşayan, qəlb ovlayan təbiətin istəkli övladı olan torpağı qorumalıyıq!...
Ürəyimizi yandıran, qəlbimizi sızladan şəhid balalarımız bizlərə nə qədər kədər şərbəti içirtsələr də onların Böyük Yaradan qarşısında da, vicdanımız qarşısında da müqəddəs mərtəbəsi var. Hər kəsə o mərtəbəyə qalxmaq nəsib olmaz! Şair şəhid bacısı oğlu Füzulinin nakam taleyinə misralarla heykəl yonaraq deyir:
Deməyin yatıbdır bir uyqu kimi,
Təkcə məhşər günü qalxar Füzuli.
Günəş dan yerindən çıxdığı kimi,
Hər gün qarşımıza çıxar Füzuli.
Məncə Şəhidi olmayan xalq yoxdur, əgər varsa belə xalqın yaşadığı yer Vətən deyil… Vətən sahibi olmaq çox çətin bir işdir. Vətən itgisiz, qansız, qadasız olmayır. Onu qorumağa hünər gərək, ər gərək…Nə yaxşı ki, bizdə belə ərlər var…Nə qədər soyqırımlarına məruz qalsaq belə Vətən təəssübünü çəkənlərimizin sayı azalmayıb, azalsaydı bügün biz Vətənsiz qalardıq…Minlərlə şəhidimizin yurd-yuvalara tökülən qanıyla yoğrulan, Vətən torpağı, sən Füzuli kimi igid balalarımızı qoynunda bəslədikcə məmləkətimizin var olma qisməti canımız-dan boylanacaqdır! Onların ruhu bizlərin ruhundan çox-çox yüksəklərdə olcaqdır, hərçənd ki, bəzi sağlarımız belə düşüncə tərzinin fərqində deyillər. Sağ ikən qarın doldurub dünyanın nazü-nemətlərini dörd əllə qucaqlayıb başqalarına daddırmayanlar, xəstə ruhlarının şəfasına çarə ummalıdırlar. Bu çarə haqqın tərəzisin əyməməkdən, başqasının qəlbinə dəyməməkdən keçir. Sizsə, dəyərli şair, öz bacıoğlunuzla qürur hissi keçirə bilərsiz, O bu dünyadan pak getdi, o qədər aramızda ruhunu çirkaba batıranlar, vicdanını yatıranlar var ki…
Hafiz Rüstəm «Bakıdan Yardımlıya səyahət» kitabında əsər boyu adını çəkdiyi, yer, yurd adları, ordan çıxan şəxsiyyətlər, maraqlı adamlar barədə izahlar verir, onların, kim, nəçi olduğu, hardan gedib hara gəldiyi barədə əsər boyu gen-bol məlumatlar, açıqlamalar verir. Şair şahidi olduğu və olmadığı bir çox məqamlar barədə oxucunu hali edir. Onun «Məcnun dağ havasında» hekayətində təmiz bir etirafla qarışılaşırsan:
Şəhərdə kəndliyəm, kənddə şəhərli,
Yarı sevincliyəm, yarı kədərli.
Mənim kənd mənşəyim, əslim, zatım var,
Əslində ikili bir həyatım var.
Çağırır hüsnünə təbiət məni…
Dəyərli oxucu, şərafətli, ləyaqətli söz xiridarları, fikir adamları Hafiz Rüstəmin «Bakıdan Yardımlıya səyahət» əsəri yaddaş-poemadır. Müəllif beynimizin dərin qatlarında uyuyan, hərdən bir diksinib ayılan və ruhumuzu göyüm-göyüm göynədən ocaq həsrətini, yuva istəyini misra-misra nəzmə çəkir, onun yaddaş-poeması bizi geriyə səsləyir, gəldiyimiz yerlərin görüşünə tələsdirir. Unutqanlığın daşını atıb o yerlərin şirin qoxusunu nəfəsimizə çəkməyə, ciyərimizə daddırmağa çağırır. Yad baxışların əhatəsində ötüb keçən ömrümüz istəkli yurdlarımızın, ellərimizin həsrət dolu ağrısını canda bəsləyir. Əsər başdan-başa bir elin, bir yurddun həyat, yaşam kitabıdır. Böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın Heydərbaba məktəbinə sadiq
qalıb Hafiz Rüstəm… Əsər barədə «Kredo» qəzetinin baş redaktoru, dəyərli araşdırmaçı-şair Əli Rza Xələfli «Yardımlıya aparan yollar» adlı sanballı bir kitab hasil edib. Hər iki müəllifə həm Hafiz Rüstəmə, həm də Əli Rza Xələfliyə yeni-yeni yaradıcılıq uğurları arzulayıram, Vətən duyğlu belə bir əsərin meydana gəlməsində şair qardaşım Hafiz Rüstəmə cansağlığı diləyi ilə:

Şirinxanım Kərimbəyli Şadiman
14.10.2012





Bu xəbər oxucular tərəfindən 1452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed