Şrift:
İranlı hüquq müdafiəçisi aclıq aksiyasını dayandırdı
07.12.2012 [16:57] - Güney Azərbaycan xəbərləri
Tanınmış iranlı hüquq müdafiəçisi, vəkil Nəsrin Sütudə dekabrın 4-də 49 gün sürən aclıq aksiyasını dayandırıb. Nəsrin Sütudə uşaqları ilə görüşməsinə icazə verilmədiyinə, 12 yaşlı qızı Mehravə Xəndanın ölkədən çıxmasına qadağa qoyulduuna etiraz olaraq aclığa başlamışdı. Səhhəti kəskin pisləşən hüquq müdafiəçisi qızının ölkəni tərk etməsinə qoyulan qadağa götürülməyincə aclığı davam etdirəcəyini bildirmişdi. İranlı deputatlar Məhəmmədrza Tabiş və Məhəmməd Həsən Əbuturabi Fərd məsələni parlament sədri Əli Laricani və Məhkəmə Sisteminin rəisi Sadıq Laricani ilə müzakirə edəndən sonra qadağa ortadan qaldırılıb və bundan sonra Nəsrin Sütudə aclığı dayandırıb. Nəsrin Sütudənin səhhətində ciddi problemlər yarandığı, onda tez-tez başgicəllənmə, qan təzyiqi olduğu, görmə qabiliyyətinin isə xeyli zəiflədiyi bildirilir. Bir çox siyasi məhbusların vəkilliyini qəbul etdiyinə görə 2010-cu ilin sentyabr ayında zindana salınan Nəsrin Sütudə 11 il həbsə məhkum edilib. Nəsrin Sütudə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub. Xanım Sütudə bu il oktyabrın 26-da insan hüquqları uğrundakı fəaliyyətinə görə Avropa Parlamentinin Saxarov mükafatına layiq görülüb. Mərhum sovet dissidenti, akademik Andrey Saxarovun adını daşıyan mükafatın digər laureatı İran rejissoru, azərbaycanlı Cəfər Pənahi olub.

Liviyada 6 İran casusu həbs olunub

Liviyada saxta Türkiyə pasportu daşıyan 6 İran casusu həbs olunub. Onların ikisinin «Sakinə» və «Saniyə» kimi qadın adları daşıdığı məlum olub. Agentlərin Liviyada Türkiyə vətəndaşları adı altında iğtişaş törətmək niyyətləri də ortaya çıxıb. İranlı agentlərin üzə çıxamasına məhz «Sakinə» və «Saniyə»nin özlərini şübhəli aparması səbəb olub. Şübhəliləri sorğuya alan kimi İran səfirliyi məsələyə qarışıb və agentlərin iranlı olduğunu Liviya rəsmilərinə çatdırıb. Türkiyə səfirliyi və Xarici İşlər Nazirliyinin vasitəçiliyilə Liviya Milli Təhlükəsizlik Nazirliyinə təcili xəbərdarlıq göndərilib. Beləliklə, Suriya ilə bağlı mövcud gərginliklə yanaşı, Liviya-Türkiyə-İran üçlüyü arasında yeni böhranlı anlar yaşanıb. Son məlumatlara görə, Liviya təhlükəsizlik gücləri altı nəfəri sorğuya alıb. Sorğuda məlum olub ki, altı nəfərin hamısı iranlı agentdir. Türklərə Liviyada göstərilən hörmət və sərbəst dolaşa bilmə imkanı verildiyi üçün agentlər bundan istifadə ediblər. Onlar şəkillərini dəyişərək Türkiyə vətəndaşı olduqlarını göstəriblər. İstintaq zamanı onların qeyri-qnuni təşkilatlarla birgə Liviyada sensasion iğtişaşlar törədəcəyi bəlli olub. Bildirilir ki, mövcud məsələ üzərində Türkiyə və Liviyanın Təhlükəsizlik nazirlikləri birgə işləyir. Liviya rəsmiləri isə agentlərin daha çox olduğunu və bununla bağlı araşdırmaların aparıldığını deyiblər.

Güney Azərbaycanda qızlar məktəbində yanğın

Hadisə nəticəsində 37 şagird xəsarət alıb

Dekabrın 5-də Güney Azərbaycanda (İranın Qərbi Azərbaycan vilayəti) qızların təhsil aldığı ibtidai məktəbdə yanğın olub. Hadisə Piranşəhr şəhəri yaxınlığındakı Şinabad kəndində baş verib. Dərs vaxtı 4-cü sinif şagirdlərinin sinif otağı yanıb. Nəticədə 37 şagird xəsarət alıb. Məlumatlara görə, yanğın neftlə yanan köhnə sobanı sinifdən çıxararkən törəyib. Xəsarəti alan şagird qızlar əyalətin mərkəzindəki — Urmiya şəhərindəki xəstəxanalara köçürülüb. Onlardan 8 nəfərinin səhhətinin çox pis olduğu bildirilir. Hadisədən az sonra jurnalistlərə açıqlama verən İran parlamentinin deputatı Rəsul Xəzri rəsmilərin cavabdeh olduğunu vurğulayaraq təhsil nazirini istefa verməyə çağırıb.

Tehranı çirkli hava ağuşuna alıb

İranın paytaxtı Tehran şəhərində hava kəskin şəkildə çirklənib. Buna 12 milyon nəfər əhalisi olan, hər gün əlavə 3 milyon adamın gəldiyi Tehranda avtomobillərin atmosferə buraxdığı tüstü, eyni zamanda küləyin kənar yerlərdən gətirdiyi toz dumanı səbəb olub. İran hökuməti vəziyyətin təhlükəli həddə çatdığını nəzərə alaraq dekabrın 4-nü və 5-ni qeyri-iş günü elan edib. Ölkənin səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi isə Tehran sakinlərini bir neçə günlüyə paytaxtı tərk etməyə çağırıb. Nazir vurğulayıb ki, ürək xəstəliyi olanlar ya paytaxtı tərk etməli, ya da bir neçə günlüyə evdən çölə çıxmamalıdır: «Xəstəxanalara ürək xəstəliyindən müraciət edənlərin sayı 30 faiz artıb. Hazırda vətəndaşlara yardım göstərmək üçün paytaxt meydanlarında təcili tibbi yardım maşınları dayanıb. Vətəndaşlara tövsiyə edirik ki, imkanları çatırsa, bu günlərdə paytaxtı tərk etsinlər. Havanın çirklənməsi yaxın günlərdə daha təhlükəli hal ala bilər. Yaşlı vətəndaşlara, uşaqlara və ürək xəstəliyi olanlara tövsiyə edirik ki, evdən çıxmasınlar».

İranda avtobus qəzasında Azərbaycan vətəndaşları xəsarət alıb

İranda avtobusun qəzaya uğraması nəticəsində 4 Azərbaycan vətəndaşı xəsarət alıb. Bu barədə Qəzvin yol polisinin rəhbəri Müzəffər Hüseyni məlumat verib. Avtobus Astara-Tehran avtomobil yolu ilə hərəkət edirmiş. Qəza nəticəsində nəqliyyat vasitəsi Qəzvin yaxınlığında uçuruma yuvarlanıb. 32 nəfərin xəsarət aldığı (18-nin vəziyyəti ağırdır) qəza dekabrın 5-də səhər saatlarında baş verib. İlkin məlumata görə, hadisənin baş verməsində təqsirkar avtobusun sürücüsüdür.

Azərbaycan və İran sərhədçiləri birgə təlimlər keçirəcəklər

Dekabrın 5-də İran və Azərbaycan sərhədçiləri əməkdaşlıq müqaviləsi imzalayıblar. Sənəd Güney Azərbaycanın Ərdəbil şəhərində imzalanıb. Əməkdaşlıq müqaviləsi sərhəd zonalarında əsgərlərin birgə təlimlərinin keçirilməsini əks etdirir.
Bu xəbər oxucular tərəfindən 1106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed