Şrift:
Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR
10.12.2012 [14:12] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
… 50 yaşlı Fərəc Quliyev: «Mənasız keçən günüm olmadı»

Fərəc bəyin kövrək, həssas bir qəlbi var

Əslində, o, özü öz portretini çoxdan çizib, çoxdan sözünü deyib və millət, xalq yolunda xidmətləri danılmaz faktdır. O özü haqqında maraqlı bir fikir deyib: «Mən parlamentdən məhbəsə, məhbəsdən parlamentə yol keçmiş adamam. Mən Azərbaycan müstəqilliyinə səs verənlərdən biriyəm. Mən öz keçmişimlə fəxr edirəm». Sakit təbiətli, insanlara sayğı ilə yanaşan, hər kəsi dinləməyi sevən, özündən həm yaşca, həm başca kiçik olanların belə sözünü kəsmədən dinləmək bacarığı olan deputat Fərəc Quliyevi bir daha tanımaq istədim. Onun haqqında bu sətirləri yaza-yaza onu bir daha tanıdım, kəşf etdim. Bu gün Fərəc bəyin 50 yaşı tamam olur. 50 yaş indiki zəmanədə ömrün nə əvvəli, nə yarısı, nə də axırı sayılmır. Amma gənc yaşlarından xalq-millət üçün ağır, sıldırımlı yollarda yol daşlarıyla, yoldaşlarıyla yoldaşlıq edən Fərəc Quliyevin 50 illik ömrü bəlkə də, 150 ilə bərabərdir. Xalq hərəkatının öncüllərindən, milli-azadlıq hərəkatından zəfərlə çıxan liderlərdən biri olan Fərəc bəy məşəqqətli, amma bütün hallarda xalqın-millətin taleyi ilə bağlı olan bir ömür yaşayıb. Mən onu həbsdən əvvəlki fəaliyyətini çox az xatırlayıram. O zaman jurnalistikaya yeni gəlmişdim. Bir neçə ildən sonra eşitdim ki, Fərəc Quliyev həbs olunub. Sonradan Fərəc bəy haqqında yalnız mətbuatda məhbəs xəbərlərini oxuyurdum. Nəhayət, 8 ilə yaxın məhbəs həyatını başa vurub azadlığa çıxdıqda onu yaxından tanıya bildim. Həbsxanadan çıxdıqdan dərhal sonra Milli-Dirçəliş Hərəkatını yaradan Fərəc Quliyev «Yeni Dirçəliş» adlı qəzet də təsis etmişdi. Onun rəhbərlik etdiyi partiyanın da, qəzetin də başlıca məqsədi Azərbaycanın bütövlüyü, birliyi, yumruq kimi birləşməsi idi. Odur ki, bu gün də yenicə partiya adlanmağa başlayan Milli-Dirçəliş Hərəkatı Partiyasının bayrağında da yumruq şəklini görmək mümkündür. Əslində, sakit tonda irəli sürülən ideyaların kökündə bütöv xalq, bütöv millət, xoşbəxt gələcək dayanır. Fərəc Quliyev harada olmasından asılı olmayaraq, məhz bu ideyalar ətrafında düşünür və düşüncələrini paylaşır. Mən onun Milli Məclisdə, yəni ikinci dəfə deputatlığı dövründəki fəaliyyətini yaxından izləyirəm. Fərəc Quliyevin parlamentdə ilk çıxışı Dağlıq Qarabağ məsələsi ilə bağlı oldu. O təklif etdi ki, Qarabağ məsələsi ilə bağlı Milli Məclisdə qapalı dinləmələr keçirilsin, deputatların da baş verənlərdən xəbəri olsun. Sonradan bu təklifi bir neçə dəfə də eşitdik. Parlament rəhbərliyinin bu məsələyə yanaşmasından asılı olmayaraq, Fərəc Quliyev bu gün öz düşüncəsində qalır.
Fərəc bəyin kövrək, həssas bir qəlbi var. Onun seçicilərlə qurduğu iş prinsipi də məhz bundan irəli gəlir. Məsələlərə həssaslıqla yanaşdığı kimi, onu seçən insanları dinləməyə də bu cür yanaşır.
Fərəc Quliyevin Qarabağ savaşında etdiyi mücadilə də unudulmaz bir faktdır. O, xalqın müstəqilliyi üçün necə mücadilə edibsə, torpaq üçün də bu cür savaşıb: «Müharibə vaxtı Ordubadda belə bir hadisə baş verdi. Ermənilər bir çobanımızı öldürüb qoyunları aparmışdılar. Həmin vaxt biz rus hərbiçilərinin müşayətilə Yerevana gedən qatarı saxladıb erməniləri əsir götürdük və mən göstəriş verdim ki, qadın və uşaqları Mehriyə yola salsınlar. Qalan ermənilərlə qoyunları başa-baş dəyişdik, sözsüz ki, çobanımızı öldürdüklərinə görə bir neçəsi də kəsir gəldi ermənilərdən. Orda erməni korpusunun Gevorq adlı komandiri vardı. Biz erməni əsirlərlə qoyunları dəyişəndə dedi ki, ermənilər müharibə olmasını istəmirik, sülhün əldə edilməsi yolunu tapmaq lazımdır, mən hətta sizi Mehriyə dəvət edirəm. Həmin vaxt Naxçıvanın daxili işlər naziri işləyən rəhmətlik Mamed müəllim də yanımdaydı. Gevorqdan soruşdum, bizi Ermənistana dəvət edirsiniz? Cavab verdi ki, bəli, qorxmursunuzsa, gedək. Razılaşdım. Mamed müəllimlə Ermənistana yola düşdük. Gevorq sözünü geri götürə bilmədi. Ordubaddakı özünümüdafiə qüvvələrinə tapşırdım ki, əgər 3 saat müddətinə geri qayıtmasaq, heç bir xəbər və ya əmr gözləmədən, əlinizdəki bütün arsenalla Mehriyə zərbə endirin. Çünki hərbi cəhətdən strateji yüksəklik sayılan "Soyuq" əlimizdəydi. İndi də Mehri, Qafan, Gorus həmin strateji yüksəklikdəki hərbçilərimizin əllərinin altındadır. Mehriyə çatanda «UAZ»-dan düşüb, ermənilərlə azərbaycanca salamlaşdım. Üstümüzə gəldilər, amma ermənilər Gevorqa qışqırırdılar. “Nə isəediyinizi bilmirsiniz, nə Qarabağ-Qarabağ salmısınız, bizə müharibə lazım deyil və s.» Ermənilərdə həddən artıq ruh düşkünlüyü vardı. Ermənilər qışqıraraq deyirdilər ki, azərbaycanlı əsgərlər kişi adamlardır, onlar bizim hamımızı buraxdılar. Ermənilər bu davranışı qiymətləndirirdilər. Üç saatın bitməsinə xeyli vardı, amma Gevorq hey xahiş edirdi ki, biz Mehrini tərk edək. Ermənilərin bir jestinə qarşı çox riskli jest etdik». Bu cəsarətli addım Fərəc Quliyevin döyüşdə göstərdiyi şücaətlərdən biridir. Hər halda, qanlı-qadalı illərdə Mehriyə sağ gedib salamat qayıtmaq da bir siyasət idi.
Fərəc Quliyev Qarabağa, Ermənistana təkcə müharibə dövründə yox, bir neçə ay bundan əvvəl də getmişdi. Onun Ermənistana səfəri və orada nümayiş etdirdiyi mövqe ermənilərə sözün əsl mənasında od qoymuşdu: «Biz İrəvanda olarkən Serj Sarkisyanın otağında hər kəsə məlum olan sərt davranışığımızı nümayiş etdirdik. Onun kabinetindən çölə çıxandan sonra ermənilərdən biri məndən soruşdu ki, biz sizin prezidentlə belə danışsaq, necə reaksiya verərsiniz? Mən gülümsəyib “səni pəncərədən atardım" dedim. Erməni tutuldu, görünür, belə cavab gözləmirdi. Prezident bir məqamdır, bayraq, gerb kimi o da ölkənin atributudur, təmsilçisidir. Mən baş nazirin fəaliyyətini tənqid edə bilərəm. Fəaliyyətində nöqsanlar ola bilər. Bu başqa şeydir. Amma kənar ölkədən onun barəsində bir söz deyiləndə baş naziri müdafiə etməliyəm. Hətta tənqiddə də ifadələrinə fikir verməlisən».
Fərəc bəyin siyasəti qeyd etdiyim kimi, birlik, bütöv xalq ideyasından, ərazi bütövlüyündən ibarətdir. Onun rəhbərlik etdiyi MDHP qarşıdan gələn prezident seçkisinə də qatılmaq fikrindədir: «Təşkilat olaraq mütləq prezident seçkisinə qatılmaq istəyirik. Əgər normal seçki olsa, mənim özümün də iştirakım mümkündür. Amma partiyanın qərarı son fikir olacaq. Biz bütövlükdə hesab edirik ki, həmin mühit yaranacaq, normal, demokratik seçki keçiriləcək. Belə olsa, yarışmaq istəyimiz var. Hesab edirəm ki, Azərbaycana çox ciddi şəkildə fayda verə biləcək kadrlara malikik. Normal siyasi yarışın dava və ya düşmənçilik olmadığını düşünürük».
Fərəc Quliyevin daim gündəmdə saxladığı daha bir məsələ Cənubi Azərbaycan mövzusudur. Günün isnətilən vaxtı ona bu barədə sual versən, başqalarından fərqli olaraq, nəyisə bəhanə edib cavab verməkdən yayınmaz: «İran dövləti mütəmadi olaraq Azərbaycan türklərini öz yurdundan qaçırmaq və əvəzində digər etnosları məskunlaşdırmaq siyasətini həyata keçirib. Ostanlarda Azərbaycan adlarını dəyişmək, ostanların bir hissəsini başqa ərazilərə daxil etməklə kompakt yaşamağa əngəl törətmək siyasəti həmişə aktual olub. Xüsusilə də Azərbaycan ərazilərində inkişafla bağlı hansısa iş görülmür. İsfahan geridə qalmış ərazi olmasına baxmayaraq, indi Azərbaycan ərazilərindən on dəfə artıq inkişaf etdirilib. Bir müddət əvvəl Amerika konqresmenləri Bütöv Azərbaycan, onun müstəqilliyi ilə bağlı məsələlərə toxunmuşdular. Bu həm də ona işarə edir ki, bölgədə yeni şəkilləndirmədə Azərbaycanın müstəsna yeri tanınır».
Görək, Fərəc Quliyev özü öz haqqında nə düşünür, nə deyir. 50 illik keçməkeşli ömür bu böyük və geniş qəlbli insanda nə kimi iz qoyub: «Mən özümə hər gün hesabat verirəm. Ümumiyyətlə, hər kəs günün sonunda özü özünə hesabat verməlidir ki, bu gün nələri etdim. Ən azından hansı günahları, yaxşılıqları etdim. Hesabat məsələsilə sabaha hazırlıq görməlidir. Əlbəttə, siyasi adamların şəxsi həyatı olmur. Hətta şəxsi həyatın özü belə müəyyən çərçivə daxilində olur. Ailənə istədiyin qədər diqqət, vaxt ayıra bilmirsən. Bəlkə də qəribə görünür, amma məsələn mən çayxanada kimi isə nərd oynayan gördükdə nostalji hisslər keçirirəm. Düşünürəm ki, nə yaxşıdır, vaxt tapsaydım mən də oynayardım. İctimai yük çox olanda şəxsi həyat kənarda qalır. Gərək insanlar xoşbəxtliklərini cəmiyyətin, millətin içində axtarsınlar. Yəni millət xoşbəxt olsun ki, mən də onunla bərabər xoşbəxt olum.

50 yaş haqqında düşüncələr

Mənim gəncliyim olmadı. Doğrusu, buna təəssüflənmirəm. Mən bir az tələbkar adamam. Hətta ailədə də tələbkaram. Üzr istəyirəm, övladlarımdan birini evləndirmişəm, baba olmuşam. Həmin övladım belə, axşam saat 21:00-dan sonra evdən çıxanda icazə alır. Harasa getdikdə mütləq bu barədə mənə demədən getmir. Qayda belədir. Hərdən düşünürəm ki, özümün gəncliyim olmadı uşaqların da gənc kimi yaşamalarına imkan vermirəm. Bu ifadələrimə görə üzr istəyirəm. Mən övladlarımla həm də dostam. Hərdən onlara deyirəm ki, rahat, sərbəst olun, gedin, gəzin, istirahət edin. Belə olmaz axı, indidən ağsaqqallaşmayın. Mən özüm gəncliyimi yaşamamışam, siz yaşayın. Doğrudan da o dönəmdə elə vəziyyət yarandı ki, parlamentin ən gənc deputatlarından oldum. Deyəsən elə parlamentin ən gənc üzvü mən idim. 27 yaşımda deputat idim. İllərimin ən yaxşı vaxtı mübarizədə keçdi. İnstitut dönəmində azdan-çoxdan siyasi fəaliyyətlə məşğul olmuşdum. "Qeyrət" təşkilatı yaratmışdıq. Sonradan Qarabağ məsələsi ortaya çıxdı. Döyüşməyə məcbur olduq. Yəni bu, əslində gənclik olmadı. Daha sonra parlament, məhbəs, həbsxana həyatından sonra yenidən mübarizə və parlament. Amma hər halda hesab edirəm ki, mənasız keçən günüm olmadı.

«Hər gün 12-14 saat yazırdım»

Sufizmdə belə bir deyim var: "İnsan haqq işi görərkən əzalarında ağrılar olursa, bu, ona mənəvi ləzzət verir". Haqq işi görərkən qarşılaşdığımız əzab-əziyyət, səngər və s. sonradan bunlar yaxşı xatirələr kimi yadda qalır. Hətta həbsxana da. Məhbəsdə olanda saçlarıma “dən”düşməmişdi. Həbsxanada 6 kitab, xeyli məqalə yazdım. Kitablardan ikisi çap edilib. Hər gün 12-14 saat yazırdım. Hər səhər Azərbaycanın Dövlət Himni səsləndiriləndə ayağa qalxıb, himnimizi biz də oxuyurduq və səhərimiz bununla başlayırdı. Həbsxanda da, Azərbaycanın üçrəngli bayrağını başım üzərində görəndə bundan zövq alırdım.

Fərəc Quliyev kimdir?
Fərəc İbrahim oğlu Quliyev(Ulusoy) 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-cı ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olub. 1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib, Demokratik Blokun üzvü olub. İstiqlalçı deputat- "müstəqillik aktı"nın həmmüəlliflərindəndir. 1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olub. Azərbaycanda ilk dəfə Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik edib. 1990-cı il Yanvar qırğınından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi "Qisas" təşkilatı formalaşdırıb.
Naxçıvanda ən yüksək zirvədə yerləşən "Soyuq" adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən 24 nəfərlə birlilkdə ələ keçiribr. İndi orada Azərbaycan Milli Ordusunun hərbi hissəsi yerləşib. Bu əməliyyata görə prezident Ə.Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də, bu addan imtina edib.
Ordubadda Azərbaycan Milli Ordusunun təməli olan özünümüdafiə –könüllü batalyonların yaradılmasına rəhbərlik edib.
1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. Məhbəsdən çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaradıb, bu təşkilatın prezidenti seçilib.
2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilib, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olub. DAK Azərbaycan nümayəndəliyi rəhbərliyinin dünya azərbaycanlıları arasında yaratdığı dostluq körpüsünə görə "Qız Qalası" diplomu ilə təltif olunub. 2003-cu ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırıb, 07.05.2005-ci il tarixdə 1-ci qurultayda MDH sədri seçilib.
«Yeni Dirçəliş» qəzetinin, «Davam.az» elektron qəzetin təsisçisidir. Güney Azərbaycanda yayımlamaq üçün "Qəzet içində qəzet" layihəsində "Təbriz" qəzetini təsis edib, "Yeni Dirçəliş" və “Davam” qəzetləri ilə birgə çapını reallaşdırıb.
Şito-Ryu Karate Do federasiyasının fəxri prezidentidir. "Sportivnaya Rossiya" Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq diploma və medala layiq görülüb. 2011-ci ildə ”Hərbi vətənpərvərlik İşlərində Xidmətlərinə Görə”medalı ilə təltif edilib.
2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə yenidən seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin, “Avronest” Parlament Asambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvüdür. Azərbaycan parlamentinin Türkiyə, Ukrayna, Litva, Qazağıstan, Rumıniya, Belçika, Gürcüstan parlamentləri ilə dostluq qruplarının üzvüdür.
Əlavə hüquq təhsili alıb. 5 kitab və elmi-nəzəri məqalələr müəllifidir. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 övladı var.
P.S. Fərəc Quliyevin müstəqillik mübarizəsi haqda fikirlərindən bir maraqlı parçanı dönə-dönə oxuyuram. Maraqlıdır: «Bəlkə də özüm siqnator deputat olduğum üçün bu məsələ barədə bir qədər ətraflı danışa bilmirəm. Çünki bir az qeyri-təvazökar səslənir. Müstəqillik olduqca mühüm məsələdir. Allah bir də bizə müstəqillik uğrunda mübarizə aparmağı qismət etməsin. Yəni istiqlaliyyətimizi bir də itirməyək».

Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR

Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR

Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR

Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR

Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR


"Üç nöqtə" qəzeti. Elməddin MURADLI
Bu xəbər oxucular tərəfindən 2242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed