Şrift:
Deputat xarici işlər nazirini parlamentə çağırmağı təklif edir
12.12.2012 [11:54] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Heç olmasa xarici işlər naziri Milli Məclisə dəvət olunsun, Dağlıq Qarabağla bağlı qapalı bir müzakirə keçirək”. Deputat Fərəc Quliyev Milli Məclisin 11 dekabr iclasında belə deyib.

“Media forum” saytının məlumatına görə, deputat qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr olur, amma Azərbaycan parlamenti ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi haqda müzakirələr keçirmir: “Biz dəfələrlə bunu təklif etmişik. Lakin təkliflərimiz nəzərə alınmır. Münaqişə ilə bağlı vahid mövqe yoxdur. Bir qrup deyir Azərbaycan icması ilə Dağlıq Qarabağda yaşayan erməni icması arasında danışıqlar aparılsın. Digərləri deyir ATƏT-in Minsk qrupu vasitəçiliyini davam etdirməlidir. Başqaları isə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların olmasını təklif edir. Başqa mövqelər də var. Ona görə də bu məsələdə koordinasiya olmalıdır, vahid mövqe formalaşdırılmalıdır. İşin koordinasiya olunması üçün daimi fəaliyyət göstərən bir komissiya formalaşdırılmalıdır. Heç olmasa beynəlxalq təşkilatların tədbirlərinə gedən deputatlar bir məsələ qaldıranda vahid mövqedən çıxış etsinlər.

Dağlıq Qarabağ ölkənin problemidir və burada hakimiyyət-müxalifət məsələsi yoxdur. Bura gələn xarici diplomatlarla görüşən müxalifət təmsilçiləri də bu çərçivəni bilməlidir. Ona görə də heç olmasa qapalı bir müzakirə keçirək, xarici işlər naziri Milli Məclisə dəvət olunsun. Biz də bilək ki, keçmişdə nələr olub, indiki siyasi kurs nədir. Bu məsələlərə aydınlıq gətirilsin. Belə olmasa xarici ölkələrdə aparılan dinləmələrin də heç bir əhəmiyyəti olmayacaq. Çünki dinləmələrin hansı baza əsasında aparılması məlum deyil”.

Deputatın təklifinə münasibət bildirən parlament sədri Oqtay Əsədov deyib ki, ilk növbədə xaricdə işləmək lazımdır: “Burada komitə yaratmaqla, özümüz özümüzə danışmaqla məsələ düzəlmir. İşimizi beynəlxalq təşkilatlarda, xarici ölkələrdə qurmalıyıq. Bunun üçün də dövlət, hökumət, deputatlar çalışır”.

"Media forum"
Bu xəbər oxucular tərəfindən 1385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed