Şrift:
İran Məhkəmə Sistemi: “Evin zindanından yayılan görüntülərə görə 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib”
31.08.2021 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 30-da İran Məhkəmə Sisteminin rəsmi agentliyi “Mizan” məlumat yayıb.


Məlumatda bildirilir ki, məhkumlara qarşı aqressiv davranan həmin şəxslər dindirildikdən sonra onlardan 2-si saxlanılıb, 4-ü isə mülki vəsiqə girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.


“Bəzi video-görüntülərdə qanun pozuntularına açıq şəkildə yol verən məmurlara qarşı həmən vaxt, yəni cinayətin baş verdiyi vaxtda tədbir görülüb.

Belə ki, onlardan bəziləri tənbeh edilib, bəziləri isə işdən qovulub”, -deyə İran Məhkəmə Sisteminin “Mizan” agentliyinin yaydığı məlumatda bildirilir.


Məlumatda cinayət məsuliyyətinə cəlb edilən məmurların adları və onların Evin zindanında konkret hansı məsuliyyət daşıması açıqlanmayıb.


Xatırladaq ki, avqustun 22-də Tehranın qorxunc Evin zindanının nəzarət kameraları “Əlinin ədaləti” adlı haker qrupunun hücumuna məruz qalıb və həbsxana kameralarının zindanın mühitindən çəkdiyi bir çox görüntülər ələ keçirilib.


Haker qrupunun zindandakı ağır vəziyyətlə bağlı yaydığı görüntülərin birində məmurların həbsxana həyətində halı pisləşərək huşunu itirib yerə yıxılan maskalı bir məhbusa yardım etmək əvəzinə, onu heyvan kimi yerdə sürüyə-sürüyə dartıb aparmaları, eləcə də məhbusların zindan məmurları tərəfindən vəhşicəsinə döyülüb təhqir edilməsi kadrları öz əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 1209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed