Şrift:
İlqar Fəhmi: Od-alovdan keçən Şuşa
17.09.2021 [14:12] - Xəbərlər, Mədəniyyət
Azərbaycanın şeir-sənət adamları otuz illik ayrılıqdan sonra azad Şuşada yenidən Vaqif poeziyasının işığına toplaşmışdılar. Onlar həmin gün həm Şuşanın yeni növrağının, həm də Vaqif Poeziya Günlərinin sevincini yaşayırdılar. Bu möhtəşəm poeziya bayramının iştirakçıları arasında olan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin təqdim etdiyi “Od-alovdan keçən Şuşa” sərlövhəli publisistik məqalədə Vaqif şeirinin sehrindən bəhs olunur, müəllifin qala şəhərin tarixi keçmişi və bu günü barədə düşüncələri yer alır.

Vaqif Poeziya Günlərində nədənsə Şuşa haqqında düşünərkən həmişə Vaqifin beytləri, misraları beynimdə dolaşırdı… Sanki beynimdə hər misrada, hər bənddə, hər beytdə Şuşanın izlərini tapmağa çalışırdım - görəsən, bunlardan hansı məhz Şuşada yazılıb; görəsən, bunu yazarkən Şuşanın harasında olub, haranı seyr edib sair…

Qarabağ içrə bir şair kəlimullah Musadır,

Cavanşir içrə bir mövzun bəyati-dəsti-beyzadır…

Özünü Musa peyğəmbərə, qələm tutan əlini isə Musanın işıq saçan əlinə bənzədən Molla Pənah Vaqifi bəlkə də Şuşanın mənəvi atasına bənzətmək olar.

Mən də beynimdə Vaqifin beytlərini düşünə-düşünə onun şeirləriylə Şuşanın küçələri, evləri, məscid-minarələri arasında rabitə qurmağa çalışırdım..

Hərçənd Şuşada gördüyümüz tikililərin əksəriyyəti Vaqifdən çox-çox sonralar tikilib. Buna baxmayaraq, elə bil hər daşın, hər ağacın ətrafında onun nəfəsi dolaşır…

Elə buna görə də Azərbaycan Prezidenti İlham Əliyev Şuşada ilk olaraq “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş verdi, Vaqifin məqbərəsinin təmirinə başlanıldı…

Vaqifin yaradıcılığında da elə bil Şuşanın, Qarabağın sonrakı yüzilliklərdə başına gələcək sevincli-kədərli hadisələr, faciələr, zəfərlər poetik şəkildə öz əksini tapmışdı. Bəlkə də Vaqif hiss edirdi, duyurdu ki, belə gözəlliklərə tamah salan, onları ələ keçirmək istəyənlər çox olacaq, Şuşanın başı üstündə zaman-zaman qara dumanlar dolaşacaq… Amma bu ağır sınaqlar Şuşanı bir az da bərkidəcək, bir az da qiymətini artıracaq…

Eybdən saf çıxar, pak mübərra görünər,

Hər tila kim küreyi-atəşi-suzanə düşər…

Vaqif bu şeirdə zahirən qızılın saflaşmasından danışır. Bildirir ki, qızıl parçasını zərgər kürəsinin içinə salıb yandıranda, içindəki bütün artıq qatqıları, hisi-pası - bir sözlə, hər şey yanıb kül olur, yalnız saf təmiz qızıl qalır…

Amma mən düşünürəm ki, bu sözləri Vaqif ümumən Şuşanın gələcək taleyinə həsr edib. Zaman-zaman tarixin odlu kürəsində Şuşanın düşdüyü od-alov onu təmizləyib, saflaşdırıb, bizim üçün daha da qiymətli edib…

Hətta bu fikirlərin əhatə dairəsini bəlkə bir az da genişləndirək. Axı elə bircə sonuncu ağır imtahan - 44 günlük müzəffər Qarabağ müharibəsi zamanı bizim xalq sanki odun-alovun içindən keçib bir az da saflaşdı, təmizləndi. Bu müharibə zamanı biz özümüz özümüzü daha yaxşı tanıdıq, dünənə qədər naümid olduğumuz gənc nəslin şücaətini görüb daha da qürurlandıq…

Xalqımız tarixin bu odlu-alovlu kürəsindən keçərək, 44 gün içində sanki qızıl kimi saflaşdı, mənəvi cəhətdən təmizləndi, əsl saf qızıl xislətini üzə çıxardı…

Şuşa da bu qızılın üstündə ən qiymətli bir qaş kimi parıldamağa başladı…

Bu gün bizim gördüyümüz Şuşa nəinki XVIII-XIX əsrlərdəki Şuşa deyil, bu, heç 30 il əvvəlki Şuşa da deyil. Bu Şuşa artıq xalqın kollektiv təhtəlşüurunda möhkəm kök atmış, yuxularımızda yer almış bir əzəmətli arxetip, zəngin bir mif kimidir.

Bu gün bizim gördüyümüz Şuşa sanki bir aysberqdir. Görünən yalnız kiçik bir hissəsidir. Daha böyük və görünməyən hissəsi isə mifləşərək xalqımızın təhtəlşüurunda gizlənib - eynən aysberqin suyun içərisində qalan hissəsi kimi…

Şuşaya bu gün yüzlərlə xarici qonaq gəlir. Onlar aysberqin yalnız üzdə görünən hissəsini müşahidə edirlər. Ora ayaq basan hər bir azərbaycanlı isə hiss edir ki, aysberqin görünməyən tərəfi onun təhtəlşüurundadı.

Bəli, istər Şuşa qalası, istər Gövhər ağa məscidi, istər İsa bulağı, hətta Şuşa həbsxanası - bütün bunlar artıq sadəcə obyektlər deyil, bizim altşüurumuzdakı Şuşa arxetipinin komponentləridi. Məhz buna görə də bu şəhər bu qədər diridi, canlıdı… Enerjisini bizim ruhumuzdan alır. Ora ayaq basan hər bir azərbaycanlı öz ruhundan Şuşaya bir az da güc verir, bir az da enerji verir…

Bu otuz ilin od-alovu Şuşanı bizim içimizdə daha da böyütdü, daha da gücləndirdi. Şuşanı düşməndən azad edən cəsur döyüşçülərimiz bu dağları, qayaları keçərkən, hansısa uzaq bir şəhərə doğru getmirdilər, bu yol onları öz ruhlarının dərinliyinə aparırdı.

Şuşaya doğru gedən hər bir azərbaycanlı əslində öz ruhunun dərinliklərinə doğru yol gedir. Bu yolda özünü tanıyır, özünə yaxınlaşır…

Vaqif Poeziya Günləri bizim qələm sahiblərimiz üçün də öz içinə, öz ruhuna aparan yol oldu. Tanımadıqlarımızı tanıdıq, bilmədiklərimizi bildik… Amma bu səfər bir son deyil… Şuşa yolu əbədi qalacaq, bizi özümüzə, kökümüzə, təhtəlşüurumuza bir az da yaxınlaşdıracaq.

Ruhunun dərinliklərində özünün bu cür möhtəşəm “Şuşa”sı olan bir xalq daha heç vaxt heç bir qəsbkarın qabağında diz yerə qoymayacaq…
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed