Şrift:
Deputat: Quruculuq işlərinin hazırkı miqyası və sürəti ölkəmizin iqtisadi gücünü sərgiləyir
08.10.2021 [11:48] - Xəbərlər, İqtisadiyyat
Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasının sürətlə həyata keçirilməsinin şahidi olduq. Quruculuq işlərinin hazırkı miqyası və sürəti ölkəmizin iqtisadi gücünü sərgiləyir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

Deputat diqqətə çatdırıb ki, 30 illik işğal dövrü ərzində ermənilər tərəfindən viran qoyulmuş, yerlə-yeksan edilmiş ərazilərdə son bir ildə aparılan quruculuq işləri heyranlıq doğurur. Keyfiyyət baxımından yeni yanaşma irimiqyaslı müasir infrastruktur layihələri nəinki Azərbaycan, bütün region üçün iqtisadi dividentlər vəd edir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan bu möhtəşəm quruculuq işlərini əsasən öz iqtisadi potensialı və gücü hesabına həyata keçirir.

“Qeyd edək ki, Cəbrayıl erməni işğalından ilk azad olunmuş rayonumuzdur. Cəbrayılın ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdi, daha sonra Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Ölkəmizin cənub sərhədini qoruyan Cəbrayıl rayonun bərpası həm də strateji önəm daşıyır. Ərazisi 1050 kvadratkilometr olan rayonda hazırda elektrik təchizatı ilə bağlı işlər demək olar ki, yekunlaşıb, su elektrik stansiyalarının qurulması işləri də sürətlə davam edir.

Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı şəhərin Baş Planı ictimaiyyətə təqdim olunub. Artıq birinci yaşayış binasının təməli qoyulub. Orada xəstəxana, məktəb, iş yerləri olacaq. Hazırda 4-6 zolaqlı yol çəkilir. Bu, Cəbrayıla gələn vətəndaşlar üçün rahatlıq deməkdir.

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması isə burada başlanılan nəhəng işlərin zirvəsi hesab oluna bilər. 200 hektarı əhatə edən yeni iqtisadi zonaya artıq ilkin maliyyə vəsaiti ayrılıb, ilk investorlar da müəyyən olunub. Xüsusilə Türkiyə və Rusiya şirkətləri burada investisiya layihələrində fəal iştirak edirlər. Cəbrayıl rayonu zəngin təbii ehtiyatlara malikdir və bu, yeni iqtisadi sektorlarının yaradılması üçün zəmin yaradır”, - deyə S.Mikayılova vurğulayıb.

Onun sözlərinə görə, azad olunmuş ərazilərin sürətlə bərpa olunaraq ölkə iqtisadiyyatına inteqrasiyası Azərbaycanın əsas hədəflərindən biri kimi müəyyənləşir və bu, ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradacaq.

Deputat əlavə edib ki, infrastruktur layihələrinin miqyaslı icrası bu məqsədə xidmət edir və bir zamanlar bu yerləri tərk etməyə məcbur qalmış vətəndaşlarımızın geri dönüb burada normal həyata başlamalarını təmin edəcək.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed