Şrift:
Qardabanidə Zəfər Gününə həsr edilmiş inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
02.11.2021 [09:14] - Gündəm, Sosial
“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Bölgədə sülh və ədalət naminə!” adlı inşa və rəsm müsabiqəsi keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə reallaşan müsabiqənin Qardabani rayonu üzrə qalibləri müəyyən olunub.

Tədbirdə səfirliyin birinci katibi Sərxan İsmayılov, AZEBİ-nin icraçı direktoru Vasif Osman, “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı, təşkilatın üzvləri, şagirdlər və valideynlər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sərxan İsmayılov çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən danışıb, müharibə dövründə Gürcüstanda yaşayan soydaşlarımızın dəstəyini xüsusi qeyd edib.

O, bu cür müsabiqənin azərbaycanlılar yaşayan digər bölgələrdə də təşkil olunduğunu bildirib, şagirdlərin yarışa böyük maraq göstərdiyini yüksək qiymətləndirib.

Vasif Osman müsabiqəyə təqdim edilən inşa yazıları və rəsmlərin yüksək səviyyədə olduğunu deyib. O, müsabiqənin yalnız Qarabağda deyil, həm də Abxaziya və Osetiyada şəhid olan qəhrəmanların xatirəsinə həsr edildiyini bildirib, bölgədə sülh və sabitliyin vacibliyini qeyd edib.

Bildirilib ki, 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Bölgədə sülh və ədalət naminə!” adlı inşa və rəsm müsabiqəsində Kvemo-Kartli bölgəsinin Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında fəaliyyət göstərən Azərbaycandilli ictimai məktəblərin 150-dək şagirdi iştirak edib.

Yarışmaya ümumilikdə 200-dək müxtəlif rəsm əsərləri və inşa yazıları təqdim olunub. Hər iki nominasiya üzrə I, II və III yerlərə çıxan 24 şagirdə planşet, telefon və ağıllı saatlar, eləcə də diplom, müsabiqənin bütün iştirakçıları isə sertifikatlarla təltif ediləcək.

Növbəti mükafatlandırma tədbiri sabah Dmanisi və Marneuli rayonlarında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed