Şrift:
Yarıməsrlik təntənəli yubiley
24.12.2012 [14:37] - Xəbərlər, Gündəm
Fərəc Quliyevin 50 illiyi qeyd olundu

MDHP isə 10 yaşını bayrama çevirdi

Xəbər verdiyimiz kimi, bu günlərdə Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin deputatı Fərəc Quliyevin 50 yaşı tamam oldu. Bu münasibətlə «Xudafərin» şadlıq sarayında keçirilən tədbirdə Milli Məclisin deputatları – Əli Məsimli, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, habelə digər millət vəkilləri - Qənirə Paşayeva, Elxan Süleymanov, Adil Əliyev, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədri Əli Hüseynli, ictimai-siyasi xadimlər: - Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev, Tərəqqi Partiyasının rəhbəri Çingiz Dəmiroğlu, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, incəsənət ustaları - müğənnilər, mədəniyyət xadimləri, keçmiş hərəkatçılar, tələbələr, jurnalistlər və baş redaktorlar iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Himnin oxunuşundan sonra Milli Dirçəliş Hərəkatı Partiyasının 10, onun yaradıcısı və lideri Fərəc Quliyevin yubileyi münasibətilə düzənlənən mərasimdə millət vəkilinin həyat və fəaliyyəti, o cümlədən MDHP-nin hesabatı sənədli film şəklində qonaqlara təqdim olundu. «Fərəc Ulusoy- 50» sənədli filmi MDHP-in 10 illiyi və millət vəkilinin yubileyi münasibətilə Milli Dirçəliş Hərəkatı Partiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanmışdı.
Qeyd olundu ki, 1962-ci ilin 22 dekabrında Ordubad rayonunun Üstüpü kəndində dünyaya gələn Fərəc Quliyev 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1989-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə AXC İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin birinci müavini olmuşdur. 1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarındandır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Demokratik Blokun üzü olmuşdur. İstiqlalçı deputat «müstəqillik aktı»nın həmmüəlliflərindən olan Fərəc Quliyev 1990-cı il qanlı 20 Yanvar hadisələrindən sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərəkatçıların da iştirakı ilə yarım hərbi «Qisas» təşkilatı formalaşdırıb. Naxçıvanda ən yüksək zirvədə yerləşən «Soyuq» adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən 24 nəfərlə birlikdə ələ keçirib. Bu əməliyyata görə prezident Ə.Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də, həmin addan imtina edib. Bununla yanaşı, Ordubadda Azərbaycan Milli Ordusunun təməli olan özünümüdafiə könüllü batalyonların yaradılmasına rəhbərlik edib. 1995-2002-ci illərdə siyasi məhbus kimi həbsdə olan Fərəc Quliyev azadlığa çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaradıb, bu təşkilatın prezidenti seçilib. 2003-cü ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırıb və 2005-ci ilin mayında keçirilmiş birinci qurultayda MDH sədri seçilib. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə yenidən üzv seçilən Fərəc Quliyev parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin, «Avronest» Parlament Assambleyasında nümayəndə heyətinin üzvüdür.
Fərəc Qulyevlə bağlı xatirələrini bölüşən deputat həmkarları – Fazil Mustafa, Elxan Süleymanov, habelə MDHP sədrinin yaxın dostları, ictimai-siyasi xadimlərdən – Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu, Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, eləcə də mədəniyyət xadimləri onun barəsində təbrik nitqlərini səsləndirdilər. Müxtəlif musiqilərlə zəngin olan yubiley mərasimində qeyd olundu ki, 10 illiyini qeyd edən Milli Dirçəliş Hərəkatı 2011-ci ilin 31 mayında dövlət qeydiyyatına alınıb. Milli Dirçəliş Hərəkatının yaradılması isə 2003-cü ildə foormalaşdırılan təşəbbüs qrupu tərəfindən irəli sürülüb. MDHP Azərbaycanın varlığını, inkişaf və təhlükəsizliyini milli gücün tam olmasında görür. Yubiley mərasimində «Bütöv Azərbaycan eposu», habelə millət vəkilinin çıxışları, görüşləri, müsahibələri toplusundan ibarət «Fərəc Ulusoy-50» kitabları iştirakçılara təqdim olundu.

Anar
Bu xəbər oxucular tərəfindən 1794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed