Şrift:
“Yaşıl” enerji: Kiçik ölkənin böyük hədəfləri
05.04.2022 [09:44] - Gündəm, İqtisadiyyat
Müasir dünyamızda baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə, ətraf mühitin çirklənməsi və ənənəvi enerji daşıyıcıları ilə əlaqədar böhranlar bərpa olunan enerji mənbələrinə və onların istehsal etdiyi “yaşıl” enerjiyə marağı daha da artırır.

Hazırda dünyada enerji istehlakının 17,9 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. 2018-ci ildə dünya üzrə bərpa olunan enerji texnologiyalarına 296 milyard ABŞ dolları yatırılıb və bu sahədə aparıcı rol oynayan ABŞ və Çin əsas etibarilə diqqəti külək, su, günəş və bioyanacağa yönəldiblər. Bərpa olunan enerji mənbələrinin inkişafı marafonuna nəinki karbohidrogen ehtiyatları az və ya heç olmayan ölkələr qoşulub, “yaşıl” enerji infrastrukturunun inkişafı həm də neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələr arasında da trendə çevrilib, necə deyərlər, dövlət siyasətinin tərkib hissəsi olub.

Alp dağlarının qoynunda yerləşən Avstriya Avropada bərpa olunan enerji mənbələrindən geniş istifadə olunan ölkələr arasında yer alır. “Yaşıl” enerji istehsalı üçün ölkədə əsas mənbə kimi biokütlə, geotermal istilik, su, külək və günəş enerjisindən istifadə edilir. Əsrimizin əvvəllərinə kimi Avstriyada bu sektorda inkişaf tempi aşağı olsa da, hazırda ölkənin enerji tələbatının 33,4 faizi bərpa olunan enerjinin payına düşür. Ölkənin ümumidaxili enerji istehlakı illik 1451 petacoula bərabərdir ki, onun da 430 petacoulu bərpa olunan enerji mənbələrindən əldə olunur.

Avstriyanın İqtisadiyyat Nazirliyi bərpa olunan enerji mənbələri kimi ölkədə beş istiqaməti müəyyən edir. Onlardan ən qədimi biokütlə əsasında əldə edilən enerjidir və onun klassik nümunəsi odun hesab edilir. Müasir dövrdə isə bərk (odun), maye (bioyanacaq) və qaz (bioqaz) formasında biokütlə həm istilik, həm də elektrik enerjisinin əldə edilməsində istiffadə edilir. Kömür, neft və təbii qaz kimi fosil və ya tükənən enerji daşıyıcıları ilə müqayisədə biokütlə bərpa olunan və ya regenarativ enerji daşıyıcıları arasında yer alır. Avstriyada ümumdaxili enerji istehlakının təxminən 17 faizi biokütlə hesabına təmin olunur və əsasən istilik enerjisi olaraq istifadə edilir.

Digər mənbə isə geotermal enerjidir və tarixi qədim dövrlərə gedib çıxan bu enerji növü ötən əsrin 70-ci illərində Avstriyada yenidən aktuallıq qazanıb. Lakin bu enerji növü istilik enerjisinə tələbatın 2,5 faizi, elektrik enerjisinin isə 0,1 faizini təmin edə bilir.

Bərpa olunan enerji mənbələri arasında günəş enerjisi xüsusi çəkiyə malikdir. Təkcə 2020-ci ildə dünya üzrə 139 qiqavatt elektrik enerjisi hasil etmək gücünə malik fotovoltaik qurğuları quraşdırılıb, günəş enerjisini istilik enerjisinə çevirən qurğular isə 25,2 qiqavatt gücündədirlər. Dünyada günəş termal qurğularının sayına görə Çin ilk yerdə dayanır, Avstriya isə 8-ci yerdə olmaqla ABŞ və Hindistan kimi nəhəngləri qabaqlayır.

Avstriyada illik orta günəş şüasının miqdarı hər kvadratmetr üçün 1000 kilovatt saata bərabərdir. Bu göstərici Saxara səhrasına düşən günəş şüasının intensivliyinin yarısına bərabər olsa da, Avstriyada hər kvadratmetrə düşən günəş enerjisinin illik həcmi 100 litr yanacağa ekvivalentdir.

Alp dağlarının kiçik çayları və su hövzələri müxtəlif həcmli su elektrik stansiyalarından istifadəyə geniş imkanlar açır. Avstriyada ümumi elektrik enerjisi hasilatının 57,9 faizi məhz su enerjisinin hesabına başa gəlir. Bu sahədə gücü 10 meqavatta kimi kiçik stansiyalar mühüm rol oynayırlar.

Enerji istehsalı üçün təbiətin insanlara bəxş etdiyi ən sərfəli mənbələrdən biri də külək enerjisidir. Avstriyada ilk külək enerjisi “dəyirmanı” 1994-cü ildə qurulub. Avstriyanın Burqenland federal əyalətində geniş ərazilərdə külək enerjisi parkları yaradılıb. Hökumətin hədəfi 2030-cu ilədək ölkədə elektrik enerjisi tədarükünü 100 faiz bərpa olunan enerji mənbələri əsasında təmin etməkdir və külək enerjisinin həcmi 26 faizə çatdırılmalıdır (hazırda 19 faiz).

Avstriyanın enerji sektorundakı xüsusiyyətlərindən biri də ölkənin nüvə enerjisindən qətiyyətlə imtina etməsidir. 1978-ci ilin dekabr ayında ölkədə keçirilən referendumdan sonra ölkədə inşası gedən bütün nüvə reaktorları bağlandı və onlar nüvə tədqiqatları mərkəzi ilə əvəzləndilər. Avstriyada nüvə enerjisindən imtinaya dair qanun Konstitusiya ranqındadır, nüvə tullantılarının saxlanması və nüvə enerjisinin tədarükü ölkə üzrə qadağan edilir.

Avstriyanın müasir iqlim və enerji strategiyası “#mission2030” adlanır və Paris İqlim Sazişinin hədəflərinə nail olmaq üçün günümüzün enerji təminatı sisteminin təkmilləşdirilməsi və eləcə də elektrik enerjisi, istilik, mobillik və sənayə sektorlarında bərpa olunan enerjiyə transformasiya proseslərini əhatə edir. Hökumətin qəbul etdiyi strategiya 2030-cu il və 2050-ci ilədək qət ediləcək dekarbonizasiya yolunun hədəf və fəaliyyət planını müəyyən edir. Buraya havaya buraxılan zərərli qazların 2005-ci illə müqayisədə 2030-cu ilədək 36 faiz azaldılması, ümumi enerji istehlakında bərpa olunan enerjinin payının hazırda 33,4 faizdən 45-50 faizə çatdırılması nəzərdə tutulur. Bu gün Avstriyada istehsal olunan elektrik enerjisinin artıq 72 faizi bərpa olunan mənbələrdən əldə edilir və 2030-cu ilədək bu göstəricinin 100 faizə çatdırılması kimi cəsarətli plan üzərində iş gedir.

Bərpa olunan enerji sektoru eyni zamanda innovativ texnologiyalardan istifadəyə görə Avstriya şirkətlərinin beynəlxalq bazarda cəlbediciliyini də artırır. Biokütlə, fotovoltaik, günəş termal enerjisi, istilik nasosları və külək enerjisi sahəsində ixtisaslaşmış Avstriya müəssisələri 2017-ci ildə ümumilikdə 4,9 milyard avro həcmində dövriyyəyə malik olublar və bu sektorda çalışan işçilərin sayı 32 min nəfər təşkil edib. İnnovativ enerji texnologiyaları sayəsində indiyədək ölkədə 66,3 teravatt/saat bərpa olunan enerji istehsal olunub və ətraf mühitə zərərli 13,2 milyon ton CO2 ekvivalentində emissiyanın yaranmasının qarşısı alınıb.

Qlobal istiləşmə və iqlim dəyişiklikləri, dünya enerji bazarlarında ənənəvi enerji daşıyıcılarının qiymət oynaması, böhran və sair problemlər, eləcə də cəmiyyət daxilində innovativ texnologiyalar əhəmiyyətinin qəbul edilməsi təkcə Avstriya kimi ölkələrdə deyil, eləcə də bütün dünyada “yaşıl” enerji sektorunun yaxın gələcəkdə sürətlə inkişaf edəcəyini bariz şəkildə nümayiş etdirir.
Bu xəbər oxucular tərəfindən 918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed