Şrift:
Azərbaycan Cüdo Federasiyasının prezidenti yeniyetmə cüdoçularla görüşüb
21.07.2022 [05:37] - Gündəm, İdman
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan milli yığma komandasının idmançıları, məşqçi və dəstək heyəti ilə görüşüb.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, R. Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında yeniyetmələrin göstərdiyi yüksək nəticələrə görə onları təbrik edib. O, komandamızın 3 qızıl, 1 gümüş və 4 bürünc olmaqla fərdi yarışlarda 8 medal qazandığını və bunun 2004-cü ildən etibarən qazanılan ən yaxşı nəticə olduğunu bildirib.

Federasiya prezidenti vurğulayıb ki, komandamız medal sıralamasında ümumi hesabda 2-ci yeri, oğlanlar arasında isə 1-ci yeri əldə edib.

Komanda yarışlarında Azərbaycan yığmasının bürünc medal qazandığını deyən Rəşad Nəbiyev vurğulayıb ki, Azərbaycan cüdo tarixində ilk dəfədir ki, yeniyetmələrin Avropa çempionatında komanda yarışında medal qazanıb.

R. Nəbiyev bildirib ki, bütün bu nəticələr ölkə rəhbərliyinin idmana, o cümlədən cüdoya olan qayğısı və dəstəyi nəticəsində əldə edilib. O, yeniyetmə cüdoçulara tək idmançı kimi deyil, həm də layiqli vətəndaş kimi yetişmələri üçün tövsiyələrini verib, təhsillərinə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb.

Görüş zamanı yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığmanın məşqçiləri avqustun 24-28-də Bosniya və Herseqovinada keçiriləcək yeniyetmələrin dünya çempionatına hazırlıq barədə məlumat veriblər. Onlar respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışlarında iştirak etdiklərini, hazırlıqla bağlı federasiya tərəfindən bütün lazımi şəraitin yaradıldığını bildiriblər.

Rəşad Nəbiyev qarşıdan gələn nüfuzlu yarışda cüdoçulara uğurlar arzulayıb.

Görüşdə ACF-in vitse-prezidenti Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov və qurumun baş katibi Rəşad Rəsullu da iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 1972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed