Şrift:
Görkəmli Azərbaycan şairi Mədinə Gülgünün anadan olmasından 87 il ötür
17.01.2013 [09:44] - Gündəm, Mədəniyyət
Yanvarın 17-si görkəmli Azərbaycan şairi, Əməkdar İncəsənət Xadimi Mədinə Gülgünün doğum günüdür.
Mədinə Nurulla qızı Ələkbərzadə (Mədinə Gülgün) 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə onun ailəsi Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşdür.
Mədinə Gülgün daha sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq fabrikində başlamışdır. Gənc yaşlarından demokratik hərəkata qoşulan gələcək şair sonralar Təbriz Dram Teatrında çalışmışdır.
"Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə bütün ömrü boyu həmin inqilabın carçısı olmuşdur.
İnqilabdan sonra yenidən Bakıya qayıtmağa məcbur olan Mədinə Gülgün 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.
Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur.
Görkəmli ədibin poeziyası ildən-ilə, kitabdan-kitaba zənginləşərək, əhatə dairəsini genişləndirmişdir. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir.
Şairin Bakıda və Moskvada "Təbrizin baharı" (1950), “Savalanın ətəklərində” (1950), “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953); “Təbriz qızı” (1956), “Firudin” (1963), “Dünyamızın sabahı” (1974); “Durnalar qayıdanda” (1983), “Dünya şirin dünyadır” (1989), "Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarla digər şeirlər kitabı nəşr olunmuşdur.
Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Mədinə Gülgünün lirik şeirləri və mahnıları dillər əzbəridir.
Görkəmli şair milli ədəbiyyatımızın inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Şərəf Nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" (1948) və digər medallarla təltif olunmuşdur. Respublikanın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
Mədinə Gülgün 1992-ci ildə fevralın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed