Şrift:
Xarici kəşfiyyat fəallaşıb?!
17.01.2013 [14:31] - Gündəm, Siyasət
Rusiyanın “Kasperski” antivirus laboratoriyası tarixdə ən irimiqyaslı kibercasusluğun üstünü açdığı ilə bağlı xəbər yayıb.

“The Wall Street Journal” qəzetinin və digər çoxsaylı xarici KİV-lərin yazdığına görə, şirkət bəyan edib ki, hansısa xüsusi xidmət strukturunun hazırladığı “Qırmızı oktyabr” adlı casus-proqram 5 il ərzində Azərbaycan da daxil olmaqla, keçmiş sovet bloku ölkələrində dövlət strukturlarının, şirkətlərin, araşdırma mərkəzlərinin, diplomatik nümayəndəliklərin və digər vacib strukturların sənədlərini ələ keçirib. Bildirilir ki, bu güclü kiberhücumun qarşısını almağa nə mobil telefonların, nə kompüterlərin serverləri qadir deyil.

“Qırmızı oktyabr” proqramının serverinin müxtəlif ölkələrdə yerləşdiyi bildirilir. Bəzi məlumatlara görə, serverlər əsasən Almaniyada və Rusiyada yerləşib. Virusun Azərbaycanda neft-qaz şirkətlərinin, araşdırma mərkəzlərinin, nüvə institutlarının və dövlət strukturlarının kompüterlərinə hücum etdiyi bildirilir. Lakin konkret ünvanlar göstərilmir.

Publika.Az-a açıqlamasında “Qərb-Şərq” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu informasiyanı şərh edib.

O, informasiyanın inandırıcı görünmədiyini bildirib: “Ona görə ki, həqiqətən də belə bir hadisə olubsa, Rusiya tərəfinin bunu niyə açıqladığı maraqlıdır. Sual yaranır ki, belə bir informasiyanı açıqlamaqla Rusiya nə əldə edir? Məsələ burasındadır ki, Rusiya ilə bütün MDB ölkələri arasında terrora, mütəşəkkil və transmilli cinayətkarlığa qarşı mübarizə barəsində saziş var. Əgər, belə bir məlumat Rusiya xüsusi xidmət orqanlarının əlinə düşübsə, bunu açıqlamamalı idilər. İlk növbədə MDB-dəki partnyorları ilə müzakirə etməliydilər. Çünki bu, terrora, mütəşəkkil və transmilli cinayətkarlığa qarşı birgə mübarizənin bilavasitə şərtlərindən biridir. Sözügedən informasiyada söhbət bir neçə ölkədən gedir. Söhbət bir neçə ölkədən gedirsə və Rusiyanın da bundan məlumatı varsa, Rusiya ilk növbədə MDB-dəki tərəfdaşlarının təhlükəsizlik məsələlərinə diqqət çəkmələri üçün ən azından onları məlumatlandırmalıydı. Məlumatın bu şəkildə açıqlanması hesab edirəm ki, daha çox təxribat xarakteri daşıyır. Bu, Rusiyadan başqa digər MDB ölkələrinə maraq göstərən, onlarla əməkdaşlığa can atan ölkələrin üzərinə kölgə salmaq niyyəti güdür”.

Ərəstun Oruclu sözügedən casus-proqramın “Qırmızı oktyabr” adlandırılmasına da münasibət bildirib: “Qırmızı oktyabr" terror təşkilatının adıdır. Təşkilat 1972-ci ildə Münhen Olimpiadasında İsrail idmançılarına qarşı terror həyata keçirib. Ola bilər ki, belə bir məlumatın yayılması bir sıra MDB ölkələri ilə İsrail arasındakı geniş əməkdaşlığa qarşı mənfi bir mesajdır”.

Bir neçə gün bundan əvvəl isə ABŞ Müdafiə Nazirliyi İranın kəşfiyyat xidməti sayılan ETTELAAT-ın müxtəlif ölkələrdəki fəaliyyəti ilə bağlı hesabat yaymışdı. ETTELAAT-ın ən çox fəaliyyət göstərdiyi ölkələr arasında Azərbaycanın da adı çəkilmişdi.

Ərəstun Oruclu bildirib ki, İranın kəşfiyyat xidmətinin Azərbaycanda geniş fəaliyyət göstərməsi bu ölkənin Azərbaycandakı maraqları ilə bağlıdır: “Hər hansı bir ölkənin xüsusi xidmət orqanlarının başqa ölkədə fəaliyyətinin dar və ya geniş olması, kəşfiyyatın mənsub olduğu dövlətin fəaliyyət göstərdiyi ölkədə strateji maraqları ilə bağlıdır. Azərbaycan İran üçün önəmli ölkədir. Xüsusilə, İranın beynəlxalq izolyasiyasının genişləndiyi şəraitdə Azərbaycanın bu önəmi daha da artıb. Azərbaycan Qərblə yaxın partnyorluq münasibətlərindədir. Və Azərbaycanın yaxın tərəfdaşlarından biri də İsraildir. Bu baxımdan da İran kəşfiyyatının Azərbaycanda yüksəlişi anlaşılandır. Azərbaycan əhalisinin önəmli hissəsi azərbaycanlılardır. Digər tərəfdən isə Azərbaycan İranın qonşuluğunda yerləşən və əhalinin əksəriyyəti şiələrdən ibarət olan iki ölkədən biridir. Azərbaycanda dünyəvi siyasi münasibətlər sistemi mövcuddur. İran bunu özü üçün təhdid hesab edir. Çünki İranda teokratiya rejimindən bezmiş əhali üçün Azərbaycanın dünyəvi dövlət quruluşu daha cəlbedicidir. Bütün bu sadaladığım və digər səbəblərdən də İranın Azərbaycanda kəşfiyyat fəaliyyəti başadüşüləndir”.

Ömər Əmirov
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed