Şrift:
Fərəc Quliyev:Beynəlxalq şərtlər Cənubi Azərbaycanda milli hökumət qurmaq üçün uyğundur
17.11.2022 [11:08] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
İki aydır ki, İranda etirazlar dayanmır. Bütün İran boyu yüzminlərlə insan təməl haqlarının qorunması üçün tələblər irəli sürür, etiraz aksiyaları keçirir. Ümumi etiraz dalğasında hər xalqın, hər bölgənin özünəxas istəkləri olduğundan, şüarlar bölgədən-bölgəyə dəyişir.

Məsələn, Tehran sakinləri hicabsız və niqabsız həyat tələb edirlərsə, Cənubi Azərbaycanda yaşayan türklərin istəyi “Azadlıq, Ədalət, Milli Hökumət”dir. Cənubi Azərbaycanda milli hökumət ideyası getdikcə daha da geniş yayılır.

O da məlumdur ki, indiyə qədər 3 dəfə Cənubi Azərbaycanda milli hakimiyyətin qurulmasına cəhd olub. 1905-1911-ci illərdə Təbrizdə Səttarxan hərəkatı İranı sarsıtdı. O zaman Çar Rusiyasının yardımı ilə bu hərakatı zor gücü ilə boğdular. Səttarxan hərəkatının özəlliyi ondan ibarət idi ki, bu hərəkatda fəhlə, kəndli, əkinçi, sənətkar, burjua və xalqın bütün təbəqələrindən olan nümayəndələri iştirak edirdi. Səttarxan hərəkatı özündən sonra dərin bir iz açdı və bu müqəddəs estafeti Məhəmməd Xiyabaniyə uzatdı. Səttarxanın başçılığı altında olan hərəkat Cənubi Azərbaycanda yeni demokratik meyllərə təkan verdi. 1920-ci ilin 7 aprelində Təbrizdə üsyan başladı. Təbrizin məşhur Xamnə kəndindən olan Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında olan üsyan 1920-ci il iyunun 24-də Milli hökumətin – Azadıstan dövlətinin elan edilməsi ilə nəticələndi. Ancaq bu dəfə də fars rejimi xarici himayədarların yardımı ilə 1920-ci ilin sentyabrında Milli hökuməti devirdi, Xiyabani öldürüldü. Qısa zaman ərzndə movcud olmasına baxmayaraq, Azadıstanda böyük işlər görülür: Azərbaycan dili dövlət dili elan olunur, Təbrizdə “Məhəmmədiyyə”, “Hikmət” və “Füyuzat” adında məktəblər qurularaq, Azərbaycan dilində tədrisə başlanılır, “Qızıl Aypara” adlı xəstəxana inşa edilir və s. Daha sonra Seyid Cəfər Pişəvəri 1945-ci ilin 12 dekabrında Güney Azərbaycan Demokrtatik Respublikasının Milli Məclisinin rəhbəri elan edilir. Bu tarixi hadisə ona görə 21 Azər adlandırılırdı ki, 12 dekabr o günün İran təqvimi ilə 21 Azər gününə təsadüf edirdi. Ancaq 1947-ci ildə milli hökumət devrildi.

Hazırda isə dünyada olan geosiyasi vəziyyət tamam fərqlidir. O cümlədən, İranda da vəziyyət dəyişir. Bu baxımdan müasir geosiyasi proseslər Cənubi Azərbaycanda milli hökumətin yenidən qurulması perspektivinə necə şanslar açır? Bütün bunlar hansı şərtlər daxilində reallaşa bilər? Qeyd olunduğu kimi, indiyə qədər 3 dəfə buna cəhd edilib, amma bir sıra səbəblərdən uğursuz olub. Bu dəfə milli hökumətin perspektivləri indiki geosiyasi reallıqlar baxımından nə qədər çoxdur?

“Fars rejimi dəfələrlə milli azadlıq hərəkatını boğa bilsə də, bu dəfə şərtlər fərqlidir və daha münbit şərait yaranıb”


Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, bu dəfə milli hökumətin yaradılması ilə bağlı şanslar daha böyükdür: “Cənubi Azərbaycanda milli azadlıq hərəkatı hər zaman olub və ortada nəticələr də olub. Məsələn, 1945-ci ildə Pişəvəri dönəmində biz nəticəyə nail olduq. Bunun sayəsində bir milli hökumət quruldu, amma Tehran rejimi onu vəhşicəsinə boğdu. Üstəlik, dünya da o zaman bu millətin haqqına sahib çıxmadı. Digər tərəfdən, 1979-cu uldə İranda inqilab baş verəndə aparıcı sima Azərbaycan türkü Məhəmməd Kazım Şəriətmədari idi. Son anda onu sıradan çıxardılar. Başqa bir tərəfdən inqilabın əsas elektoratını Cənubi Azərbaycandakı soydaşlarımız təşkil edirdi. Fars rejimi dəfələrlə milli azadlıq hərakatını boğa bilsə də, bu dəfə şərtlər fərqlidir və daha münbit şərait yaranıb. Birincisi ona görə ki, dünya İran kimi bir imperiyanın dağılmasında israrlıdır. Dünənə qədər sanksiyaların yumuşaldılması gündəmdə idisə, bu dəfə vəziyyət tam əksinədir. Almaniya kansleri açıq şəkildə dedi ki, siz öz xalqınıza güllə atırsınız, biz xalqın yanındayıq. ABŞ da ortaya mövqe qoydu. Bütün sivil ölkələr ortaya mövqe qoyur. Bu ondan irəli gəlir ki, İran bu gün şərin yanındadır, Rusiyaya dəstək verir. Bu baxımdan beynəlxalq şərtlər Cənubi Azərbaycanda milli hökumət qurmaq üçün uyğundur. Cənubda Azərbaycan xalqının əsas hissəsi istiqlaliyyət istəyir. Pişəvəri dönəmində mövcud olmuş hakimiyyətin bərpasını istəyir. Bu gün Təbrizdə, Güney Azərbaycanın digər şəhərlərində ədalət və milli dövlət şüarları öndədir. Bütün bunlar o deməkdir ki, artıq bütün məsələlər milli səviyyəyə keçib. Əsas odur ki, güneylə bağlı bütün təşkilatlar bir amal uğrunda birləşsin, təşkilstlansın. Biz də bu prosesə hər cür mənəvi dəstək verməliyik. İndidən müəyyən strukturların yaradılmasına hazırlaşmalıyıq. Orada Azərbaycan türklərinə olan basqıları dünyaya çatdırmalıyıq. Düzdür, əsas güc cənubdakı soydaşlarımızın üzərinə düşür, amma hər kəs əlini daşın altına qoymalıdır. Bütün bunlardan çıxış edərək inanıram ki, çox yaxın zamanlarda Güney Azərbaycan istiqlaliyyət əldə edəcək”.

Vidadi ORDAHALLI/bakı-xeber.com
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed