Şrift:
Güney Azərbaycanda son günlərdə nələr oldu
18.01.2013 [12:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz İnqilab Məhkəməsi 15 nəfəri azadlıqdan məhrum edib

Əmir Çəməni, Davud Əzimzadə və Bəhmən Xaliqi həbs olunub

Arəş Məhəmmədi müvəqqəti azadlığa buraxılıb, Yürüş Mehrəlibəyli və Məhəmməd Xətibidən isə heç bir xəbər yoxdur


İranın Şərqi Azərbaycan vilayətindəki zəlzələ bölgəsinə yardım apararkən həbs edilən azərbaycanlı fəallara hökm oxunub. Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilən Hüseyn Rövnəqi Məliki 2 il, Bəhruz Ələvi 2 il 3 ay, Həmidrza Musəbian 2 il 6 ay, Vahid Hulusi 2 il, Bəhnam Şucai 2 il həbs cəzasına məhkum edilib. Fərid Ruhani, Həsən Rövnəqi Məliki, Şayan Vəhdəti, Mürtəza İsmayılpur, Məhəmməd Ərcməndirad, Məhəmməd İsmayıl Salmanpur, Məhəmməd Əmin Salehi, Möhsün Samei, Milad Pənahipur və Əmir Runasi isə 6 ay azadlıqdan məhrum ediliblər. Məhkəmə Nəvid Xancani barədə hələlik qərar çıxarmayıb. Bu azərbaycanlı fəallar hökumət əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə təqsirləndiriliblər. Qeyd edək ki, mühakimə edilən azərbaycanlı fəallar 2012-ci il sentyabr ayında zəlzələ bölgəsinə yardım apardıqları üçün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») əməkdaşları tərəfindən həbs ediliblər. Daha əvvəl onlara qarşı irəli sürülən ittihamlardan biri zəlzələdən zərərçəkənlərə istifadə müddəti bitmiş və keyfiyyətsiz ərzaq paylamaq olub. Lakin iddiaçılar məhkəmə prosesində bu ittihamı təsdiqləyən dəlil təqdim edə bilməyiblər.
Eyni zamanda Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində tanınmış azərbaycanlı fəal yanvarın 13-də həbs edilib. «Ettelaat»ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən yerli vaxtla saat 16:00-da yaşadığı mənzildə tutularaq naməlum istiqamətə aparılan Əmir Çəməninin harada saxlanılması ilə bağlı hələlik məlumat yoxdur. Evdə yoxlama aparılıb, milli fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb. Təbriz Universitetinin tələbəsi olan azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir. Qeyd edək ki, daha öncə də həbs edilən Əmir Çəməni hökumət əleyhinə təbliğat aparmaqda, İranın ali dini liderini və prezidentini təhqir etməkdə ittiham olunub. 50 milyon tümən zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəalın işinə 2012-ci il iyulun 5-də Təbriz İnqilab Məhkəməsində baxılıb. Əmir Çəməni 9 ay 1 gün həbs və 40 zərbə şallaq cəzasına məhkum edilib.
Bundan əlavə, Güney Azərbaycanın Marağa şəhərində daha bir tanınmış azərbaycanlı fəal həbs edilib. «Ettelaat» əməkdaşları yerli vaxtla saat 17:30-da Davud Əzimzadənin yaşadığı evə basqın edərək axtarış aparıblar. Azərbaycanlı fəalın şəxsi əşyalarını müsadirə edərək onu naməlum istiqamətə aparıblar. Davud Əzimzadənin harada saxlanılması ilə bağlı hələlik məlumat yoxdur. Qeyd edək ki, Davud Əzimzadə 2006-cı ildə «İran» adlı rəsmi qəzetin azərbaycanlıları böcəyə bənzərək təhqir etməsinə etiraz olaraq keçirilən aksiyalar zamanı həbs edilmiş, 30 milyon tümən zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılmışdı.
Eyni zamanda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, İranın Şərqi Azərbaycan əyalətinin Binab şəhərində «İşıq» kitab mağazasının sahibi Bəhmən Xaliqi tutulub. Hadisə iki gün əvvəl baş versə də, xəbər yenicə yayılıb. «Ettelaat»ın Binab şöbəsinin əməkdaşları Bəhmən Xaliqini yanvarın 13-də mənzilində tutub naməlum istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, binablı fəala məxsus kompüter və Azərbaycan dilində nəşr etdiyi kitablar götürülüb. Bəhmən Xaliqi son aylarda İranla Ermənistan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə qarşı Marağada keçirilən etirazlara qatıldığı üçün dəfələrlə təhdid edilib ifadə vermək üçün «Ettelaat»a çağırılsa da, soydaşımız həmin müraciətə məhəl qoymamışdı. Azərbaycanlı fəalın hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı bilinmir.
Bundan əlavə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Arəş Məhəmmədi 2013-cü il yanvarın 10-da Təbrizin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılıb. Soydaşımız 2012-ci il sentyabrın 15-də öz işi barəsində məlumat almaq üçün məhkəməyə müraciət etdiyi zaman tutulub və həbs hökmünün icrası üçün Təbrizin mərkəzi zindanına köçürülüb. O, azad edilənə qədər zindanın karqah bölümündə Təbrizdə yerləşən öz evlərində qardaşı Siyavuş Məhəmmədi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və sonra «Ettelaat»a aparılıb. Soydaşımız 66 gün saxlanıldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.
Bu arada «Ettelaat»ın Təbrizdəki təcridxanasında saxlanılan Yürüş (Ayət) Mehrəlibəyli və Məhəmməd Xətibidən heç bir xəbər yoxdur. Hər iki milli fəalın ailəsi hələ də onlarla əlaqə saxlaya bilməyiblər. Məlumatsızlıq qohumlarında nigarançılığı daha da artırıb.

Azərbaycan türklərindən ABŞ rəhbərliyinə çağırış

Yanvarın 13-də Ağ Evin internet saytının «Biz xalqıq» («We the people») səhifəsində ABŞ prezidenti Barak Obamanı İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün hüquqlarının pozulması probleminə diqqət yetirməyə çağıran müraciət yerləşdirilib. Müraciətdə bu tələblər yer alıb: «Biz Obama administrasiyasını İran hökumətinin Azərbaycan türklərinin fundamental hüquqlarını pozmasını tanımağa çağırırıq. Amerikanın Azərbaycan İcması olaraq Obama administrasiyasından xahiş edirik ki, İran hakimiyyətinin bu ölkədəki etnik və digər azlıqların fundamental hüquqlarını daim pozduğunu tanısın. Tehran rejimi azərbaycanlılara öz doğma dillərində təhsil almaq, Azərbaycan dilində azad mətbuata malik olmaq, öz mədəni ənənələrini həyata keçirməyə imkan yaratmaqdan imtina edir. Bu cür məsələləri qaldırmaq istəyənlər isə təqiblərə məruz qalır, oğurlanır, günahsızcasına zindana salınır, həbsxanada işgəncələrlə üzləşir, hətta öldürülürlər. Biz həmçinin xahiş edirik ki, Obama administrasiyası azərbaycanlıların məsələsini İran haqqında məsələlərin gündəliyinə daxil etsin». Xatırladaq ki, qaydalara görə, Ağ Evin saytında müraciəti ABŞ-da yaşayan vətəndaşlar yerləşdirə bilər. Əgər bir ay ərzində, yəni fevralın 12-dək müraciəti 25 min adam dəstəkləyərsə, sənəd baxılmaq üçün administrasiyaya təqdim olunur. İlk gün sənədə 60-dan artıq onlayn imza da atılıb.

Urmiya gölünün ətrafındakı 50 kənd boşalıb

Urmiya gölünün quruması nəticəsində 50 ətraf kənd tamamilə boşalıb. Bu barədə İran parlamentinə Urmiyadan deputat seçilmiş Nadir Qazipur məlumat verib. O bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: «Urmiya gölü baxımsızlıq ucbatından sürətlə qurumağa doğru gedir. Araşdırmalar nəticəsində bəlli olub ki, hazırda Urmiya gölünün ətrafındakı ən azı 50 kənd tamamilə boşaldılıb. Gölün su səviyyəsi kəskin düşüb. Problemlər tezliklə həll olunmasa, bu göl biryolluq məhv olacaq və onun yenidən bərpası üçün yüz milyardlarla dollar vəsait ayrılması lazım gələcək. Urmiya gölü quruduqdan sonra isə ölkədə irimiqyaslı duz tufanlarının şahidi olacağıq. Hazırda küləyin qaldırdığı duz hissəciklərinin Kərəc və Tehrana qədər yayılmasının şahidi oluruq. Bu fəsadlar hamıdan artıq əkinçilərin ciddi narahatlığına səbəb olub».
İranın Azərbaycandakı səfirliyinin məsələyə münasibəti isə belə olub: «İran tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması istiqamətində işləri davam etdirir və bunun üçün müəyyən büdcə ayrılıb». Səfirlikdən deyilib ki, gölün qurumasının qarşısını almaq üçün yaxınlıqdakı çaylar gölə axıdılır və buludlar süni şəkildə yağdırılır: «Ümumiyyətlə, hər bir deputatın seçildiyi seçki dairəsindən məsələni gündəmə gətirməsi çox təbii hadisədir».

Azərbaycan türkcəsində yazılan lövhələrə qadağa

İranda ticarət mərkəzləri, mağazalar və reklam lövhələri üzərində qeyri-fars sözlər, adlar və terminologiyaların işlədilməsinə qadağa qoyan qanunun daha ciddi şəkildə icra olunmasına qərar verilib. Ölkənin rəsmi xəbər agentlikləri qərarla bağlı yanvarın 8-də məlumat yayıblar. Xəbərdə bildirilir ki, bununla bağlı ilk iclas yanvarın 8-də Tehranda İran İslami İrşad və Mədəniyyət Nazirliyində müxtəlif hökumət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Toplantıya nazirliyin mətbuat və informasiya işləri üzrə müavini ilə yanaşı, Sənədlər və Mülklər Qeydiyyatı İdarəsi, Tehran şəhər bələdiyyəsi, Sənaye, Ticarət və Mədənlər Nazirliyi, Səhiyyə və Tibbi Təhsil Nazirliyi, Fars dili və ədəbiyyatı Akademiyası, peşəkar birliklər və polis rəsmiləri qatılıblar. İclasın başlıca hədəfi kimi fars dili və əlifbasını qorumaq üçün ticarət lövhələrinin yad sözlərdən təmizlənməsi istiqamətində sözügedən hökumət orqanları arasında koordinasiyanın yaradılması qərara alınıb. İran islami irşad və mədəniyyət nazirinin mətbuat və informasiya müavini Məhəmməd Cəfər Məhəmmədzadə ticarət reklamları, mağaza lövhələri və malların qablaşdırılmasında fars dili və əlifbasını qorumaqda hökumətin qərarlı olduğunu bildirib. Onun sözlərinə görə, əlaqədar orqanlardan mövzu ilə bağlı problemlər və qanuni maneələrin diqqətlə təsbit edilməsi istənilib. Qeyd edək ki, qeyri-fars adların işlədilməsinin qadağan edilməsilə bağlı ilk qanun 1979-cu il inqilabından bir neçə il sonra İran İslam Mədəni İnqilab Yüksək Şurası tərəfindən hazırlanmışdı. İndiki qanun isə 1997-ci ildə İran parlamentində qəbul olunub. Son on ildə insan haqları qrupları bir neçə dəfə Güney Azərbaycan vilayətlərində türkcə adların qadağa edilməsi haqda bəyanatlar yayıblar. 2007-ci ildə sabiq təbrizli millət vəkili Əkbər Ələmi deputatlıq dövrünün son aylarında İran parlamentindəki çıxışı zamanı Azərbaycan şəhərlərində türkcə adlara qoyulan qadağalara etiraz edərək, daxili işlər nazirini izahat vermək üçün parlamentə çağırmışdı. O, son 6 ildə namizədliyini irəli sürdüyü bütün seçkilərdə qeydiyyata alınmayıb. Hüquq müdafiəçilərin yaydıqları hesabatlara görə, bəzi azərbaycanlıların mağaza lövhəsi üzərində türkcə yazmaları məhkəmədə ittihamnamə kimi onların əleyhinə istifadə olunub. Qərbi Azərbaycan vilayətinin Qoşaçay (fars şovinistləri Miyandab olaraq dəyişdirib) şəhərində Baxış Film və Şəkil Evi adında fotoqrafiya mağazasının sahibi Behbud Quluzadə 2010-cu ilin yanvarında bu növ ittihamlarla üzləşib.

Təbrizdə 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq

Azərbaycanın Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin 23-cü ildönümüylə əlaqədar anma mərasimi keçiriləcək. Tədbirə İran rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, yerli mətbuat təmsilçiləri dəvət olunublar. Mərasimdə faciənin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunacaq, kitab və fotolar sərgilənəcək, iştirakçılara Azərbaycan və fars dillərində əyani vəsaitlər paylanacaq, ehsan süfrəsi açılacaq. Məktəblilər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər oxuyacaqlar.

«Traktor» «Rah Ahən»i məğlubiyyətə uğradıb

İranın futbol üzrə ölkə çempionatının (superliqa) XXI həftəsi çərçivəsində Təbrizin «Traktor» komandası Tehran şəhərinin «Rah Ahən» klubunu qəbul edib. Təbrizin «Səhənd» stadionunda keçirilən görüşdə «Traktor» böyük hesablı qələbə qazanıb — 3:0. Təbriz komandasının qollarını Flavyo Lopez (46) və Mehdi Salehi (48, 61) vurublar. Bu qələbədən sonra «Traktor» 38 xala malik olmaqla müvəqqəti olaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed