Şrift:
Fərəc Quliyev:Naxçıvanda bir neçə məsələ bir-birinə qarışıb
23.12.2022 [10:53] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bütün bunlar gözləndiyi halda Naxçıvan Ali Məclisi deyilən quruma yeni sədrin seçilməsi göründüyü qədər məqbul sayılmır”

Məlum olduğu kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov tutduğu vəzifədən istefa verib. Maraqlıdır ki, onun yerinə yeni sədr seçkisi keçirilməyib. Qanunvericiliyin tələbinə görə, onun səlahiyyətləri Ali Məclis sədrinin birinci müavini Azər Zeynalova keçib. Sessiya Naxçıvan Ali Məclisinin yeni sədrini niyə seçmədi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Naxçıvanda bir neçə məsələ bir-birinə qarışıb: “Əvvəla, qanunun aliliyinin təmin olunması üçün tədbirlər görülür. Çünki ciddi şəkildə qanun pozuntuları vardı. İkinci bir tərəfdən, Naxçıvan muxtariyyəti sözünün arxasında gizlənib, Azərbaycanın unitarlığına zərbə vuran hərəkətlər ediblər. Üçüncü isə, orda olan müəyyən qruplar nəinki korrupsiyanın qarşısını almayıb, tamamən korrupsiyanın içərisində olublar. Tutulan üç böyük məmurun birlikdə mənimsədiyi, ilkin araşdırmalarda 500 milyon manat civarında vəsait var ortada. Biz həmişə demişik ki, bu qurumlar artıq, əlavə qurumlardır. Ona görə burada islahatlar getməlidir, struktur dəyişiklikləri olmalıdır. Hansı formada olması, təbii ki, Prezidentin iradəsinə bağlıdır. Çoxu deyir ki, burada Qars və Moskva müqavilələri olduğu halda muxtariyyət məsələsinə toxunmaq olmaz. Əvvəla, Qars və Moskva müqavilələrində inzibati ərazinin necə adlandırılması göstərilmir. Bu ərazidə idarəetmənin hansı formada olmasını Azərbaycan dövləti müəyyanləşdirir və istənilən formanı da tətbiq edə bilər”.

Fərəc Quliyevin sözlərinə görə, ən uyğunu son vaxtlar tətbiq olunan iqtisadi zonalar prinsipi ola bilər:
“Məsələn, Naxçıvan iqtisadi zonası ola bilər və Konstitusiyada dəyişiklik edib, Naxçıvan Muxtar Respublikası əvəzinə Naxçıvan iqtisadi zonası yazmaq mümkündür. Beləliklə də orada yeni strukturlaşma işləri gedə bilər. İndinin özündə də Nazirlər kabinetinin, Ali məclisin olması artıq məsələ kimi görünür. Azərbaycan unitar dövlətinin bir qanunverici orqanı var və bu kifayət edir. Naxçıvan rayonları birbaşa Azərbaycan tərəfindən idarə oluna bilər. Mən hesab edirəm ki, ilk olaraq bu islahatlar çox vacibdir. Ona görə də, bütün bunlar gözləndiyi halda Naxçıvan Ali Məclisi deyilən quruma bir yeni sədrin seçilməsi göründüyü qədər məqbul sayılmır. Və müvəqqəti idarə olunacaq qurum kimi saxlanılır. İkinci tərəfdən isə, orada korrupsiyaya qarşı mübarizədə kimlərin adının hallanacağı hələ bilinmir və bizə məlum olmasa da, ola bilər ki, istintaqda bəzi adlar çəkilir. Ona görə orada bir adamın seçilməsinin problem yaradıb-yaratmayacağı hələ məlum deyil. Düşünürəm ki, bu formada saxlanması, hələ ki, doğrudur. İndiki halda da ölkə Prezidenti rahatlıqla idarə etmək üçün ora bir nümayəndəsini təyin edə bilər və idarəetməni tamamilə öz üzərinə götürə bilər. Hələ ki, dərin işlər getməlidir. Çünki çox ciddi məsələlər var. İdarəetməyə, qanunçuluq bərpası üçün islahatlara, həm də xarici siyasətə də Naxçıvanda baş verənlərin ciddi şəkildə mənfi təsirləri oldu. İranla, İraqla müəyyən əlaqələr olubmuş. Bunlar da aydınlaşacaq. Dövlət Təhlükəsizlik Xidmətinə məlum olan, bizə məlum olmayan başqa məqamlar ortaya çıxa bilər. Bunlar aradan qaldırılmalıdır. Zəngəzur dəhlizi açılacaq. Burda Naxçıvanın kilid yer olaraq narkoterror tranziti kimi istifadə olunması üçün ilkin addımlar atılıbsa, onun rüşeymləri qazılıb çıxarılmalıdır. O mənada hələlik Naxçıvanda Ali Məclisə rəhbər seçilməməsi, tələskənlik göstərilməməsi anlaşılan olmalıdır. Hadisələrin gedişinə baxaq və gözləyək. Məncə, mürəkkəb bir şey olmayacaq. Ölkə Prezidenti çox rahatlıqla orada öz nümayəndəsini və müəyyən nazirliklər də oradakı yerlərdə, rayonlarda öz yeni şöbələrini, adamlarını təyin etməklə idarəetməni sahmana sala biləcəklər. Naxçıvanda korrupsiyaya bulaşmış adamların cəzalanması kimi gözləntilər var. Bunlar da sahmana düşəndən sonra Naxçıvanda əhalinin dövlətə inamı bərpa olunacaq. Həm də rahat şəkildə bütün ölkə ərazisində işlərin sahmana salınması qaydaya düşəcək”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed