Şrift:
Fərəc Quliyev:Ankaranın baxışı Azərbaycanın maraqları ilə tam üst-üstə düşür
05.05.2023 [09:51] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Deməzdim ki, azərbaycanlılar Türkiyədəki seçkilərlə bağlı siyasi azara tutulub, yaxud siyasətə yersiz müdaxilə var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

O, mayın 14-də Türkiyədə keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərinə azərbaycanlıların böyük maraq göstərməsinin səbəblərini izah edib:

“Sadəcə olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dili ilə desək, artıq uzun müddətdir ki, Azərbaycan və Türkiyə gələcəyini ortaq müəyyənləşdirir. Azərbaycan və Türkiyə cəmiyyəti bilir ki, Türkiyənin güclənməsi, Azərbaycanın güclənməsi isə Türkiyənin güclənməsi deməkdir”.

F. Quliyevin fikrincə, son Qarabağ müharibəsində Türkiyə hakimiyyətinin tutduğu mövqe Azərbaycan əhalisini kifayət qədər məmnun edib:

“Amma bu, o demək deyil ki, başqaları hakimiyyətə gəlsə, Türkiyə-Azərbaycan münasibətləri dəyişəcək. Bu günün reallığında Ərdoğan hakimiyyətinin Azərbaycana dəstəyini hiss edənlər Türkiyədəki seçkilərdə Ərdoğanın qalib gəlməsində maraqlıdırlar. Onlar ortaya mövqe qoyurlar, hətta bununla bağlı əks fikir söyləyənlər də var”.

Partiya sədri əlavə edib ki, bu həm də Türkiyədəki seçkiləri özününkü hesab etməkdir:

“Yəni insanlarımız sanki bir evin iki otağı kimi davranırlar. Amma siyasi yanaşmaya görə, əlbəttə, xalqın iradəsi birmənalı şəkildə hamımız tərəfindən qəbul olunacaq. Yəni kim seçiləcəksə, onu qəbul edəcəyik, tanıyacağıq.

Fakt budur ki, Ankaranın baxışı Azərbaycanın maraqları ilə tam üst-üstə düşür. Həm Türk Dövlətləri Təşkilatının (TDT) formalaşması və inkişafı, həm Azərbaycanın düşmənləri qarşısında dayanmasında tək olmaması, həm də bütün mənalarda bir-birimizə dəstək verməyimizi buna misal göstərə bilərik.

Güman etmirəm ki, başqası seçilsə, bunlar olmayacaq. Amma hər halda bu qədəri olmayacaq demək də mümkündür. Çünki yeni iqtidarın öz komandasını formalaşdırması, xarici siyasətdə böyük fiqurlara hansı önəmi verəcəyi, Rusiya-Türkiyə, habelə ABŞ-Türkiyə münasibətləri necə olacaq və s. - bunlardan asılı olan məsələlər var”.

Müsahibimiz hesab edir ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər xalqın içindən gələn çağırışdır deyə, bu, siyasətə çevrilib:


“Azərbaycanda bu seçkilərə olan marağı anlayışla qarşılamalayıq. Amma bir daha deyirəm ki, bu, o anlama gəlməli deyil ki, biz seçkilərə təsir edəcəyik, yaxud orada olan seçkilərin nəticələrini şübhə altına ala bilərik. Türkiyədəki milli iradə nə olacaqsa, təbii ki, ona ehtiramla yanaşacağıq”.

Rafi MÜSLÜMOV/yenisabah.az
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed