Şrift:
Bəhruz Məhərrəmov: Ermənistanın mövqelərimizi intensiv atəşə tutması açıq təxribatdır
11.05.2023 [14:03] - Gündəm, Siyasət
Mayın 10-u axşam saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zod istiqamətindən üzbəüz mövqelərimizi intensiv atəşə tutması, bir hərbi qulluqçumuzun şəhid olması, digərinin ağır yaralaması təsadüfi toqquşma hesab oluna bilməz və birmənalı olaraq açıq təxribatdır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bu gün səhərdən etibarən isə iriçaplı silahlar və minaatanlardan geniş istifadə olunması İrəvanın bu təxribatları qəsdən genişləndirməkdə maraqlı olduğunu göstərir: “Eyni zamanda toqquşmaların gedişində məqsədli və müxtəlif dezinformasiyaların yayılması lokal qarşıdurmadan daha böyük olan total məqsədlərdən xəbər verir. Bu mənada prosesə Basarkeçər-Kəlbəcər istiqamətində toqquşmalar və Ermənistanda revanşist kəsimin niyyəti çərçivəsində yox, bütövlükdə son günlərin regional situasiyaları rakursundan, xüsusən digər qonşularımız, o cümlədən Ermənistana təsir imkanı güclü olan subyektlərin prosesdə mümkün rolu prizmasından baxılmalıdır. Təbii ki, belə müdaxilələrin yeganə məqsədi Azərbaycanın iradəsinə təsir cəhdləri ola bilər. Lakin Prezident İlham Əliyev dünən Şuşadan xalqa müraciət edərkən açıq formada ifadə etdi ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir".

Bəhruz Məhərrəmov qeyd edib ki, hazırda Azərbaycan Ordusu bütün istiqamətlərdə əməliyyat şəraitinə nəzarət edir, bütün formalarda hücum cəhdləri nəinki dəf edilir, üstəlik düşmən layiqli formada cavabını alır: “Erməni xalqı nəhayət, başa düşməlidir ki, artıq 90-cı illərin hər kəs tərəfindən müdafiə olunan Ermənistanı və məğlub Azərbaycanı yoxdur, situasiya dəyişib. Azərbaycan "Dəmir Yumruq" hesabına yeni reallıq yaradıb və bu reallıqda Ermənistan məğlubdur. Məğlub bir dövlətin və toplumun revanşist cəhdləri onları məhvə aparır. Ermənilər nəhayət anlamalıdır ki, alət kimi istifadə olunur və Azərbaycan da bu vəziyyətə daha 30 il dözmək niyyətində deyil. Nə Ermənistan, nə də havadarları unutmamalıdır ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycanın tək yaxud hər hansı müttəfiqi ilə bərabər kollektiv formada regionda sülh və təhlükəsizliyə təhdid yaradan bütün maneələri, harada yerləşməsindən asılı olmayaraq, aradan qaldırmaq hüququna malikdir. Bu son 20 ildə dəfələrlə müraciət edilmiş ümumtanınmış normadır və beynəlxalq birliyin bərabər hüquqlu üzvü kimi Azərbaycan bu hüququndan istifadə etmək, Ermənistan ərazisində bu təhdidləri aradan qaldırmaq haqqına sahibdir”.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed