Şrift:
Volodimir Zelenski: NATO sammitində Ukraynaya etibarlı və aydın təhlükəsizlik zəmanəti verilməlidir
10.07.2023 [09:58] - Gündəm, Siyasət
İyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukrayna Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrdən Ukraynanın bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.
Bu barədə “ABC News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

V.Zelenski qeyd edib ki, əks halda Ukrayna dövlət başçısı Litvanın paytaxtında görüş üçün heç bir səbəb görmür, çünki o, “əylənmək üçün Vilnüsə getmək istəmir”.

Zelenski qarşıdan gələn sammiti çox vacib adlandırıb.

"Ukrayna NATO-da olmadığı müddətcə aydın təhlükəsizlik zəmanəti almalıdır. Yalnız bu şərtlər daxilində görüşümüz məna kəsb edəcək", - deyə Ukrayna Prezidenti əlavə edib.

Zelenski Ukraynanın təhlükəsizliyini təmin etmək üçün tərəfdaşlarla işləməkdən də danışıb.

“Biz həm də tərəfdaşlarımıza sammit öncəsi müəyyən nəticələrə gəlməkdə köməklik etmək üçün çalışırıq. Ukrayna tərəfi bütün qərarların sammitdə olmasını istərdi. Belə olan halda, təbii ki, mən orada olacağam və əlimdən gələni edəcəyəm”, - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, sammitin başlamasına bir gün qalsa da, Ukrayna Prezidenti Volodimir Zelenskinin orada iştirakı ilə bağlı yekun qərar yoxdur.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed