Şrift:
İşıqlı Atalı yazıçı Əkrəm Əylislinin romanına münasibət bildirib
04.02.2013 [09:48] - Gündəm, Mədəniyyət
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı son günlər ictimai çevrədə geniş dartışmalara nədən olmuş xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanında yer alan antimilli fikirlərə münasibət bildirib: «Əkrəm Əylislinin «Daş yuxular» romanı onun xalqsızlığının təsdiqidir. Yazıçı səylə sübut etməyə çalışır ki, guya ədəbiyyat başqa bir sahədir, burada yaradıcı insan istədiyini yaza bilər və buna o qədər də bənd olmaq gərək deyil və s. Hətta o, bu yerdə konstitusiyanı da sipərə çevirir. Məntiqsiz yanaşmadır. Bütün yaradıcılıq yönləri ilk olaraq insanla, xalqla bağlıdır və Əkrəm Əylisli də məsuliyyətini unutmamalıdır. Əslində o, özünü dolaşdırdığını gözəl başa düşür, düşdüyü durumdan çıxmağa çalışır. Əsərdə ermənini qaldırmaq, türk xalqını isə ayağa salmaq bəşərilikdirmi? Ermənilərlə birgə yaşamağa məcburuq deyə, türkə böhtanmı atılmalıdır?
Yazıçı özünü haqlı çıxarmaq üçün rus ədəbiyyatından Tolstoyun «Hacı Murad»ını misal gətirir. Tolstoyun əsərinin böyüklüyü göz qabağındadır. Əsərdə Rus imperiyası ilə Şeyx Şamilin arasında qalan Hacı Muradın faciəsi təsvir olunur. Tolstoy tarixən baş vermiş faciələri peşəkar yazıçı olaraq qələmə alıb. Tolstoy dünya nəsrinin zirvəsidir. Ancaq Əkrəm Əylisli tarixə “düzəlişlər” edir, türkləri soyqırıma uğrayan xalq kimi yox, qaniçən kimi təqdim edir. Əsərdə erməniyə sevgi, türkə isə nifrət göz qabağındadır.
Hələ 13-14 il qabaq Məmməd Səid Ordubadinin «Qanlı sənələr» adlı əsəri haqqında mətbuatda yazmışdım. Bununla bağlı Mir Möhsün Nəvvabın da əsəri var. Vaxtilə Ordubadinin yaşadığı bölgədə baş verən hadisələri təsvir etməsi ilə Əylislinin təsviri arasındakı fərq yerlə göy qədərdir.
Əylisli deyir ki, təsvirlərində bir kəndin sınırlarından qırağa çıxmayıb, ancaq yüz arxın suyunu bir-birinə qatdığı göz qabağındadır. Millətsevərlik olmayan yerdə bəşərsevərlik də yoxdur. Bizim millətsevərliyimiz bəşərsevərliyimizə bərabərdir. Bu cür yazıların isə sabahı yoxdur».
Ocaq Yükümlüsü sonda yaradıcı şəxsiyyəti məsələsinə münasibət bildirib: «Mütləqə İnam Ocağı olaraq dəfələrlə vurğulamışıq ki, yazdığına bərabər olmayan yaradıcı – yaradıcı deyil. Bu gün telekanallarda, qəzetlərdə, internetdə xalqın ruhunu hərraca qoyan oyunbazlar meydan sulayır. Əslində toplumun bütün bunlara ciddi dirənişi olmalıdır. Xalqa yağı çıxan “xalq yazıçı”mız kimi, xalqın əxlaqını, mənəviyyatını tapdayan, onu ələ salan, hər gün hər yerdə gözümüzü yağır, qulağımızı dəng edən “xalq artistləri” də çoxdur. Onları xalqın boynundan düşürməyin vaxtıdır. Bütün dərdlərin isə bir əlacı var: İnsanlaşma. İnsanlaşmadan böyük dirəniş yoxdur».
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed