Şrift:
“Energetika haqqında” yeni qanun layihəsi hazırlanıb
19.09.2023 [10:54] - Gündəm, İqtisadiyyat
Sentyabrın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Komitə sədri Sadiq Qurbanov iclasın gündəliyinə daxil edilən məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.

Əvvəlcə Sadiq Qurbanov 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin gördüyü işlərə dair hesabatını diqqətə çatdırıb. O deyib ki, bu müddətdə komitənin 12 iclası keçirilib, 40 məsələyə baxılıb. Bildirilib ki, komitədə 9 qanun layihəsinin üç oxunuşda müzakirəsi keçirilərək Milli Məclisdə qəbul edilib. Habelə qeyd olunub ki, digər 9 qanun layihəsi isə bir oxunuşda müzakirə olunaraq qəbul edilib.

Komitə sədri bildirib ki, 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş ərizə və məktublara baxılıb və lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib.

Sadiq Qurbanov “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, mövzu ilə bağlı komitə üzvlərinin qatıldığı tədbirlər barədə məlumat verib.

Sonra o, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planını təqdim edib. Komitə sədri, sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, bəzi qanunlarda ediləcək dəyişikliklərin müzakirə olunacağını söyləyib. Bildirilib ki, sessiya ərzində Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi, Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı, içməli su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə, Qarabağ iqtisadi rayonu ərazisinin ekoloji vəziyyətinə dair, işğal zamanı Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərində ekologiyaya vurulmuş zərərlə bağlı və bir sıra digər mövzularda müzakirələrin keçirilməsi nəzərdə tutulub.

İclasda 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin gördüyü işlərə dair hesabatı qənaətbəxş hesab olunub, 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib.

Sonra gündəlikdəki növbəti məsələ - “Energetika haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub. Sənədi diqqətə çatdıran Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev bildirib ki, 6 fəsil, 28 maddədən ibarət qanun layihəsi “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli Sərəncamının 1-ci hissəsinin icrası məqsədilə hazırlanıb.

Qeyd olunub ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir.

Layihə ilə bağlı çıxış edən komitə üzvləri İltizam Yusifov, Nəsib Məhəməliyev sənədi dəstəkləyərək, bəzi fikir və qeydlərini söyləyiblər. İclasda iştirak edən energetika nazirinin müavini Samir Vəliyev, Energetika Nazirliyinin şöbə müdiri İbrahim Ağayev çıxışlarda səsləndirilən sualları ətraflı cavablandırıb, bəzi məqamlara aydınlıq gətiriblər.

Müzakirələrin sonunda “Energetika haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Sonra iclasda bir sıra cari məsələlərə baxılıb.

Sadiq Qurbanov, komitənin üzvləri İltizam Yusifov, Nəsib Məhəməliyev, energetika nazirinin müavini Samir Vəliyev, ekologiya, və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Su Ehtiyatları Dövlət Agentliyi rəisinin müavini Rafiq Aslanov ölkəmizdə ekoloji vəziyyətə dair fikirlərini açıqlayıb, bu sahədəki problemlər, onların həllinə yönəlmiş tədbirlərdən söhbət açıblar. Çıxışlarda qlobal iqlim dəyişikliklərinin törətdiyi fəsadlardan danışılıb, bəzi statistik rəqəmlər diqqətə çatdırılıb, su resurslarının düzgün idarə olunmasının aktuallığından bəhs edilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektorunun müdiri Əkbər Əsgərov “Hacıqabul gölünün reabilitasiyası” mövzusunda təqdimatla çıxış edib. O, gölün ekoloji problemləri, keçirilən monitorinqlər, aparılan ölçmələrin nəticələri, gölün bərpası istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verib.

Sonra komitə üzvü Fatma Yıldırım sahibsiz itlərlə bağlı məsələyə toxunub. O, bu sahədə mövcud vəziyyət, yaranan problemlərin aradan qaldırılması, sahibsiz heyvanlara nəzarət mexanizmlərinin yaradılması, bununla bağlı qanunvericilik sisteminin təkmilləşdirilməsinə dair fikirlərini açıqlayıb.

Komitənin sədri Sadiq Qurbanov bu məsələnin aktuallığından danışaraq, onun daim komitənin diqqət mərkəzində olduğunu bildirib, mövzu ilə əlaqədar gələcəkdə də aidiyyəti qurumlarla müzakirələrin aparılacağını söyləyib.

Komitə üzvləri İltizam Yusifov, Nəsib Məhəməliyev də məsələ ilə bağlı bəzi qeydlərini səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed