Şrift:
Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçirəcək
11.10.2023 [10:27] - İqtisadiyyat
Çinin paytaxtı Pekində oktyabrın 17-18-də 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumu keçiriləcək.

Forumda bir neçə dövlət və hökumət başçısı, yüksək vəzifəli rəsmi şəxslər, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcək. Çin Xalq Respublikasının Sədri Si Cinpin forumun açılış mərasimində çıxış edəcək.

Forum çərçivəsində müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Qeyd edək ki, Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə elan edilib. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. “Bir kəmər, bir yol” təşəbbüsü üzrə ilk Beynəlxalq Əməkdaşlıq Forumu 2017-ci ildə keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.


Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed