Şrift:
Fərəc Quliyev:HDP-dən başqa Türkiyədəki bütün siyasi qüvvələr milli məsələlərdə vahid mövqe ortaya qoyur
17.05.2024 [09:46] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı dövlət çevrilişi cəhdi ilə bağlı Ankaraya xəbərdarlıq edib. Bundan sonra Prezident Rəcəb Tayyib Ərdoğan gecə saatlarında kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə təcili toplantı keçirib.

Nəticədə Ankarada Təhlükəsizlik Xidmətinin bəzi əməkdaşları vəzifədən uzaqlaşdırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiya iclasında deyib ki, biz burdayıq, sapsağlamıq, qanundankənar hərəkətlərə yol verənləri məsuliyyətə cəlb edəcəyik:

“Biz həm kuklanı, həm də kuklaçını çox yaxşı tanıyırıq. Ölkədə bürokratik qəyyumluğa imkan verməyəcəyik. Gündəmə gələn bu hadisəni ən xırda detallarına kimi izləyirik. Ölkə və millətə qarşı vəzifəni yerinə yetirməmək üçün heç bir bəhanə ola bilməz. Bizə qəzet başlıqlarında vaxt təyin edənlər oldu. Qorxanlar, ambisiyalarına yenilənlər oldu. Onlar indi yoxdurlar, unudulublar. Biz burdayıq, güclü şəkildə dayanmışıq”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə dövlət çevrilişinə mümkün hazırlıq barədə məlumatı şərh edərkən bildirib ki, Rusiya Türkiyə ilə xüsusi kanallar vasitəsilə dialoq aparır. Diplomatdan Rusiyanın 2016-cı ildə olduğu kimi, bu vəziyyətdə də Türkiyəyə kömək edib-etməyəcəyi soruşulub. Zaxarovanın cavabı belə olub:

“Mənə elə həmin hadisəni xatırlatdığınız üçün deyirəm ki, o vaxt bu, ictimai şəkildə yox, müvafiq kanallar vasitəsilə konstruktiv şəkildə edildi. Ənənəvi olaraq türkiyəli həmkarlarımızla belə dialoqu davam etdiririk”.

Türkiyədə kim çevriliş etmək istəyir və indiki məqamda bu nə dərəcədə real görünə bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dövlətlər arasında kəşfiyyat məlumatlarının bölüşdürülməsi və paylaşılması praktikası vardır: “Müttəfiq olan dövlətlərlə yanaşı, aralarında heç bir xüsusi müqaviləsi olmayan ölkələr də bunu edir. Yazılmamış qanunlar əsasında belə proses həyata keçirilir ki, kəşfiyyat məlumatları ilə bağlı mübadilə aparılsın. Belə addımlar dövlətlər arasındakı münasibətləri də yaxşılaşdırır. Böyük güclərin bu məsələdə mövqeyi də bilinir. Kimin-kimlə müttəfiq, kimlə rəqib olduğu aydın görünür. Türkiyə ilə Rusiya arasındakı münasibıtlərdəki mövcud vəziyyət Moskvanın belə davranmasını da təbii hal kimi səciyyələndirir. Rusiyanın hazırda Türkiyə kimi böyük ölkəyə ehtiyacı var. Bir aralar bu münasibətləri pozmağa çalışdılar. Rusiya təyyarəsinin vurulması, səfirinin güllələnməsi vəziyyəti çox pisləşdirdi. Lakin qısa müddət münasibətlər normallaşdı. Hazırda iki ölkə arasındakı münasibətlər bütün sahələr üzrə uğurla davam etdirilir. Elə məsələlər var ki, orada fikir ayrılıqları var. Məsələn, İraq və Suriya məsələsində fikir ayrılıqları olsa da, bu, münasibətlərə təsir eləmir. Türkiyədə çevriliş planını cızanlar həmin ölkəni müəyyən qədər zondaj edirlər, bu xəbərlə silkələmək istəyirlər. Bununla Türkiyəni Qərblə münasibətlərini normallaşdırmağa, Rusiya və digər ölkələrlə münasibətlərdə korrektə etməyə vadar etməyə çalışırlar. Güman etmirəm ki, real çevriliş təhlükəsi olsun və bu baş tutsun. Təbiidir ki, Türkiyədə hər zaman dövlət çevrilişləri etməyə çalışıblar. Bu ölkəyə qarşı PKK və onun yançıları olan siyasi qanadları açıq mübarizə aparır. 2016-cı ildəki məlum məsələlə də ortadadır. Bayden hakimiyyəti yeni gələndə hətta Türkiyəni təhdid də etmişdi ki, müxalifəti dirçəldib, onu toparlamağa çalışacaqlar. Məncə bunlar yoxlama xarakteri daşıyır. Son seçkidə CHP-nin önə çıxması da Türkiyiəyə qarşı olan qüvvələri fəallaşdırıb onlara əlavə motivasiya vermiş olub. Hesab edirəm ki, HDP-dən başqa Türkiyədəki bütün siyasi qüvvələr milli məsələlərdə vahid mövqe ortaya qoyur. Belə cəhdlərlə Türkiyəni qorxutmaq mümkün deyil. Bu yöndə hazırlıqlar varsa, bununla bağlı kəskin tədbirlər görüləcək. Türkiyə kifayət qədər oturuşmuş dövlətdir. Ona belə üsullarla təsir etmək mümkün olmayacaq”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed