Şrift:
Kalmık aktyorları Bakıya gələcək
01.03.2013 [12:24] - Gündəm, Türk dünyası-Turan
Martın 1-dən 3-dək Rusiya Federasiyasının Kalmık Respublikasının B. Basanqov adına Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatrdan verilən məlumata görə, qastrol səfəri çərçivəsində teatrın yaradıcı heyəti uşaqlar üçün “Ağ ayın nağılı”, böyüklər üçün isə italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” tamaşalarını nümayiş etdirəcək.

Müəllifi və rejissoru Rusiya Federasiyası və Kalmık Respublikasının əməkdar incəsənət xadimi Boris Manciyev olan “Ağ ayın nağılı” tamaşasının baletmeysteri Kalmık Respublikasının əməkdar mədəniyyət işçisi İrina Samsonova, bəstəkarı Kalmık Respublikasının əməkdar incəsənət xadimi Arkadi Manciyevdir. Tamaşa mart ayının 1-dən 3-dək saat 12.00 və 15.00-da nümayiş etdiriləcək.

Martın 2-3-də nümayiş etdiriləcək iki hissəli “Mehmanxana sahibəsi” komediyasının rejissoru Kalmık Respublikasının əməkdar incəsənət xadimi Sergey Burlaçenko, rəssamı Yelena Varova, plastika üzrə rejissoru Kalmık Respublikasının əməkdar mədəniyyət işçisi İrina Samsonovadır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyası Kalmık Respublikasında fəaliyyət göstərən Milli Dram Teatrı rəhbərlikləri arasında imzalanmış qarşılıqlı qastrol mübadiləsinə dair müqaviləyə əsasən bu ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2 tamaşa ilə Kalmık Respublikasına qastrol səfərinə yola düşəcək.
Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed