Şrift:
Ermənistanda Kərki kəndi müzakirə olunur
05.04.2013 [11:02] - Gündəm, DAVAMın yazıları
Azərbaycan dövlətinin və ictimaiyyətinin başı 20 ildən çoxdur Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonunun məsələsinin müzakirə olunduğu danışıqlar prosesinə qarışdığı bir vaxtda faktiki olaraq yaddan çıxmış daha bir işğal ərazisi-Kərki kəndi gündəmə gəlib. Dağlıq Qarabağdan çox-çox uzaqlarda olan və əslində bu bölgədə baş qaldıran separatçı münaqişəyə heç bir dəxli olmayan Kərki kəndi əslində erməni işğalı altına düşən ilk Azərbaycan ərazisidir.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində ərazisi daxilində anklav vəziyyətə düşən Kərki kəndi Qarabağda separatçı münaqişənin qızışmaqda olduğu bir vaxtda işğal olunub. Hansı ki, həmin vaxtlarda ermənilər təkcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə yox, Azərbaycanın Ermənistanla sərhədboyu kəndlərinə qarşı da silahlı terror hücumları həyata keçirirdilər. Kərki kəndinin işğal olunmasına Ermənistanda dislokasiya olunmuş 7-ci sovet ordusunun hissələri də kömək edib.



Bəs 23 ildir işğal altında olan Kərki kəndində indi hansı vəziyyət hökm sürür? Bu barədə Ermənistanın “Qolos Armeniya” radiosunun hazırladığı məqaləyə əsasən müəyyən nəticələr çıxarmaq olar. Sayt qeyd edir ki, Ararat vadisini İrəvanla birləşdirən yeganə avtomobil yolunun kənarında, olduqca əlverişli coğrafi mövqedə yerləşən Kərki kəndi hazırda “Tiqranaşen” adlanır. Daha doğrusu, bu ad kənddə məskunlaşan ermənilər tərəfindən formal olaraq verilib və Ermənistanda bu adda inzibati ərazi vahidi mövcud deyil. Erməni müəllif sovet dövründə Azərbaycanın Kərki kəndini qorumaq üçün hansı səylər göstərdiyi barədə yazır. Bildirilir ki, sovet dövründə Kərki kəndinin gənc ailələrinə əvəzsiz maliyyə yardımları edilib, üstəlik, kəndin hər sakininə orada qalıb yaşadıqları üçün ayda 500 rubl verilib. (Bu məlumatların nə dərəcədə doğru olduğunu dəqiqləşdirə bilmədik-red.) “Bütün bunların nə üçün edildiyini başa düşmək üçün siyasətçi olmağa ehtiyac yoxdur” deyə, erməni müəllif bildirir.


Məqalədə deyilir ki, Kərki kəndi ələ keçiriləndən sonra orada əvvəlcə Azərbaycandan köçən ermənilər məskunlaşıb. Lakin onların əksəriyyəti Bakıdan və Sumqayıtdan köçənlər olduğu üçün kənd yerində duruş gətirməyiblər, şəhərlərə köçüblər. Hazırda kənddə Ermənistanın müxtəlif regionlarından köçən ermənilər də məskunlaşıb. “Kəndi məğrurcasına ”Tiqranaşen" adlandırıblar, ancaq əslində kənd havadan asılıdır. Məlum deyil hansı səbəbə. Bəlkə Avropa strukturlarını əsəbiləşdirməmək üçün, bəlkə də öz başlarını ağrıtmamaq üçün. Məmurlar bu adda kənd olduğunu tanımırlar. Ermənistanın heç bir rəsmi sənədində belə kənd mövcud deyil. Baxmayaraq ki, İrəvana gedən yoldan keçən hər kəs bu kəndi də, onun adını da görür. Lakin bir kənd təkbaşına dövlət ola və yaşaya bilməz. Ona görə də onun tanınması çoxdan yetişmiş zərurətdir" deyə, erməni saytı yazır.


Bildirilir ki, kənd rəsmən mövcud olmadığı üçün onun “sakinləri” də taleyin ümidinə buraxılıblar. Onlara deyirlər ki, necə bacarırsınız, elə də yaşayın. Nəticədə kim diribaşdısa 60 hektar, digəri 40 hektar torpaq ələ keçirib. Başqasına heç bublikin deşiyi də düşməyib. Biri qərara alıb ki, bir halda hakimiyyət mövcud deyil və nə istəsə eləyə bilər, öz ərazisini genişləndirib və küçəni bağlayıb. Nəticədə qonşu öz evinə gedə bilmək üçün digərinin “ərazisindən” keçməli olur. Kəndin yaxınlığındakı dərədə gur bulaq var və su fontan vurur, ancaq onun soyunu kəndə çəkib gətirən yoxdur. Kəndə qismən İrəvandakı “Rotari club İnternational” kömək edir, ancaq su problemini klub həll etmək gücündə deyil. Nəticədə kəndin məktəbində tualeti işlətmək üçün yağış suyundan istifadə etməli olurlar. Əslində məktəb özü də sənədlərə əsasən kəndin özündə mövcud deyil, onu qonşu kəndin məktəbi kimi rəsmiləşdiriblər.


Erməni saytı yazır ki, kəndin “leqallaşdırılması” və onun Ermənistan ərazisi kimi tanınması məsələsi dəfələrlə qaldırılıb. Ermənistan Milli Məclisində, Artaşat vilayət mərkəzində bu məsələ müzakirə olunub. Lakin konkret bir şey deyən olmayıb. Belə görünür ki, Ermənistan hakimiyyəti kəndin məsələsini Qarabağ probleminin həllinə bağlayır. Bu mövqeyə görə Ermənistan hakimiyyətini tənqid edən müəllif yazır ki, kəndin məsələsini “çoxdan həll olunmuş” Qarabağ məsələsinə bağlamaq axmaqlıqdır. “Ona görə də gec də olsa kəndin statusunu tanımaq, onun sakinlərinin torpaq sahələrini rəsmiləşdirmək, kəndə qaz çəkmək və su problemini həll etmək lazımdır” deyə, müəllif yazıb. Məlum olur ki, kəndin indiki “sakinləri” Ermənistanın ayrı-ayrı regionlarında pasport qeydiyyatındadır. Hazırda Kərki kəndində cəmi 19 şagird var, özbaşına kənd ərazilərini zəbt edən ermənilər sonradan “öz ərazilərini” genişləndirərək küçələri belə zəbt ediblər.


Qeyd edək ki, Kərki kəndi ilə yanaşı Dağlıq Qarabağdan uzaqlarda yerləşən daha bir neçə Azərbaycan kəndi-Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Qızıl Hacılı və Xeyrimli kəndləri işğal altındadır. Lakin bu kəndlərin məsələsi heç vaxt Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Qrupu çərçivəsində Ermənistanla aparılan danışıqlarda qaldırılmayıb. Eləcə də ictimai müzakirələrdə bu kəndlərin işğal altında olması faktı az gündəmə gəlir. Ekspertlərə görə, əslində Azərbaycan Naxçıvanın Kərki və Qazağın işğal altındakı yeddi kəndi ilə bağlı məsələni beynəlxalq səviyyədə, danışıqlar prosesində qaldırmamaqla səhvə yol verib. Bu məsələnin qaldırılması Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın iddia etdiyi kimi, heç də “bölgə ermənilərinin öz müqəddəratı uğrunda mübarizəsi” nəticəsində yaranmadığını, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticəsi olduğunu sübut etmək üçün ciddi əhəmiyyət kəsb edə bilər. Hansı ki, bu kəndlər bilavasitə Ermənistan ərazisindən edilən silahlı hücumlar nəticəsində işğal olunub, Qazağın Bağanıs Ayrım kəndində ermənilərin törətdiyi qətliam barədə dəlil-sübutlar mövcuddur.
Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed