Şrift:
Azərbaycanda dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb
03.05.2013 [12:24] - Gündəm
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 16 mərtəbəli bina 156 mənzildən ibarətdir. Evlər 22 iyul – Mətbuat günündə jurnalistlərə paylanacaq.

"Evlərin jurnalistlər arasında paylanması hansı prinsiplərə əsaslanmalıdır?” sualı ilə bəzi jurnalist həmkarlarımıza müraciət etdik.


"Olaylar” qəzetinin redaktoru Elman Cəfərli: "İlk növbədə mənzili olmayan, illərdir kirayələrdə yaşayan media nümayənədlərinə ev verilməlidir. Mənzili olanlar gərək özləri imtina etsinlər. Elə jurnalist var ki, 45-50 yaşı var, amma kirayədə yaşayır. Onlar mənzillə təmin olunmalıdır. İkinci mərhələdə mənzil şəraiti yaxşı olmayanlar daha geniş evlərlə təmin olunmalıdır. Jurnalsit yaradıcı adamdır, onların normal iş şəraiti olmalıdır.”


Musavat qəzetinin reportyoru Fərahim İlqaroğlu: "Məncə ehtiyac və iş staj meyarına görə evlər paylanmalıdır. Amma bunun necə müəyyən olunacağı hələlik açıqlanmayıb. Yəqin ki, KİVDF və MŞ-də məsələ ilə bağlı yaradılan komissiya bu işlə məşğul olacaq. Biz jurnalistlərin yaşayış təminatının yaxşılaşdırılması istiqamətində atılan bu addım təqdirə layiqdir. Mənim çalışdığım "Yeni Müsavat" qəzetində mən də daxil olmaqla, bir neçə evsiz jurnalist var. Ümid edirik ki, əməkdaşlarımızdan bir-ikisinə həmin mənzillərdən çatacaq. Jurnalsitlərin binasına gəlincə isə mən bir neçə dəfə həmin binanın tikildiyi yerdən reportaj hazırlamışam, olduqca gözəl binadır. Yaşayış üçün hər şey nəzərdə tutulub. Üstəlik, olduqca əlverişli yerdə dəniz mənzərəli bir ortamda yerləşir”.


"Həftə içi" qəzetinin müxbiri Əli Zülfüqaroğlu: "Məncə, ilk öncə ehtiyacı olanlara verilməlidir. Jurnalistlərin öz vicdanı da olmalıdır. Evi olan yenidən ev tələb etməməlidir. Kirayədə yaşayan, övladlarını normal dolandıra bilməyən həmkarlarımız bu imkandan yararlanmalıdırlar. Bu kriteriyanın problemi həll olunandan sonra digər kriteriyalar üzrə xidməti olanların da ev alması normal haldır”.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed