Şrift:
Türkdilli ölkələrin diaspor təşkilatları ortaq fəaliyyət strategiyası imzaladılar
16.05.2013 [10:25] - Gündəm, Türk dünyası-Turan, Diaspor
Mayın 14-də Ankarada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II toplantısı keçirilib.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamentinin sədr müavini Bəkir Bozdağın ev sahibliyi ilə keçən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor təşkilatlarının rəhbərləri qatılıb. Toplantıda Azərbaycan tərəfini Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev təmsil edib.


İclasda "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın əhəmiyyəti vurğulanıb. İlk çıxış edən Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamentinin rəhbəri Kemal Yurtnaç bu toplantının indiyidək keçirdikləri iclasların ən önəmlisi olduğunu, onun əhəmiyyətinin qarşıdakı illərdə aydın olacağını deyib: "Xüsusilə türk dünyasındakı ölkələrlə bu addımı atmağı çox vacib sayırıq. Özbəkistan və Türkmənistanın da sıramıza qatılacağına inanıram".


Toplantıda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev də türk dünyasının problemlərini həll etmək üçün türk xalqlarının vahid diaspor altında birləşməsinin vacibliyini vurğulayıb. O deyib ki, soydaş xalqların ortaq fəaliyyəti onların güclü addımlarla irəliləməsini, gələcəkdə türk xalqlarının fərqli mövqedə yer almasını təmin edəcək. Valeh Hacıyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakıda keçirilməsini də Azərbaycanın bu məsələni əhəmiyyətli hesab etməsi ilə əlaqələndirib.


Toplantıya sədrlik edən Bəkir Bozdağ da iclasın əhəmiyyətini vurğulayaraq deyib ki, diasporların xaricdə birgə fəaliyyəti bir çox məsələlərin həllində önəmli rol oynayacaq:


"Türk respublikaları öz aralarındakı əlaqələri fərqli məcraya yönəltməlidirlər. Əlaqələrimizi daha məhsuldar bir mövqeyə gətirməyə qərarlıyıq. Bu səbəbdən bu addımın daha ciddi bir əhəmiyyəti olduğunu düşünürəm. Dost və qardaş ölkələrlə birlikdə atdığımız addımlarımız kimi Türkiyə Cümhuriyyəti olaraq da atdığımız ciddi addımlarımız var. Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamenti də bu məqsədlərə xidmət edir. Qurum xaricdəki bütün soydaşlarımızla olan əlaqələrimizi daha fərqli nöqtəyə gətirmək üçün fəaliyyət göstərir. Ortaq olan mədəniyyətimizi daha da ön plana çıxardıqca aramızdakı əlaqələrin fərqli bir yöndə olacağına inanıram. Bu istiqamətdə hər cür fəaliyyəti hökumət olaraq dəstəkləyəcəyik".


Sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələri - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" imzalanıb.


Toplantı çərçivəsində iyunun 21-də Bakıda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun proqramına dair müzakirələr də aparılıb. Qərara alınıb ki, forumda ümumi iclasdan əlavə üç istiqamətdə - Amerika, Kanada; Avropa; Asiya və MDB üzrə panel müzakirələr də təşkil olunsun.


Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin ilk iclası bu il yanvarın 24-25-də Bakıda keçirilib.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed