Şrift:
Gənclərə xoş xəbər!
22.06.2013 [12:04] - Gündəm, Gənclik
Ölkədə ilk dəfə olaraq “Azərbaycan Könüllülük Xidməti” proqramına start verilib

Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Könüllülük Xidməti” proqramına start verilib. Proqram Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. ARGTMŞ-dən veriən məlumata görə, proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirilməsi ilə Azərbaycanda ilk dəfə regionlararası könüllü mübadiləsini təşkil etməkdir.

Bir ay müddətində həyata keçirilən proqram Bakı, Sumqayıt, Lənkəran, Quba, Şəki, Gəncə, Beyləqan və İsmayıllı şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edəcək və proqram nəticəsində könüllülərarası şəbəkə yaradılacaq.
Proqram çərçivəsində Azərbaycanın sözü gedən ərazilərindən olan gənclər, ölkənin digər regionlarında yerləşən təşkilatlarda könüllü fəaliyyət göstərərək bilik və bacarıqlarını inkişaf etdirmək, geniş işgüzar şəbəkəyə sahib olmaq imkanı əldə edəcəklər. Proqramda iştirak edən təşkilatlar müxtəlif regionlara könüllülərinin göndərilməsi və ya müxtəlif regionlardan könüllülərin cəlb olunması ilə təşkilatın insan kapitalı bazasını gücləndirmək, müxtəlif regionları təmsil edən təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi imkanlarından faydalanacaqlar.

Proqramda uğurla iştirak edən könüllülər şəhadətnamə və ARGTMŞ tərəfindən təqdim olunan tövsiyyə məktubu ilə təltif olunacaqlar. Proqramın iştirakçısı olan təşkilatlar isə Azərbaycanda ilk dəfə olaraq, könüllülərin göndərilməsi və qəbul olunması üzrə Milli Akkreditasiya Sertifikatı əldə edəcəklər.

Proqramda sözü gedən şəhərləri təmsil edən bütün 18-29 yaşlı gənclər və gənclər təşkilatları iştirak edə bilərlər. Təşkilatlar eyni zamanda könüllünü "qəbul" edə və "göndərə" bilərlər.

Proqramda iştirak üçün ətraflı məlumatı http://www.facebook.com/events/613243888694668/ ünvanından əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 1106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed