Şrift:
Rusiyada tütün və tütün məhsullarının qiyməti qalxır
08.07.2013 [16:22] - Gündəm, İqtisadiyyat, DAVAMın yazıları
Samir Əliyev: “Rusiyada tütün məhsullarının qalxması Azərbaycanda da qiymət artımına səbəb olacaq.”

Məlumata görə, gələn ilin əvvəlindən Rusiyada siqaretin qiymətinin təxminən 50 faizədək bahalaşacağı gözlənilir. Buna səbəb kimi tütün və tütün məhsullarına qarşı dövlət səviyyəsində aparılan mübarizə göstərilir. Rusiya Maliyyə Nazirliyi tütün məhsulları üçün nəzərdə tutulan aksiz vergisinin artırılmasını onunla əlaqələndirib ki, aksiz vergisinin dəyəri Avropa ölkələri səviyyəsinə və Ümumdünya Səhiyyə Təşkilatının standarlarına uyğunlaşdırılmalıdır. Bu arada Rusiyanın baş narkoloqu Evgenie Briyon yerli mətbuata açıqlamasında bildirib ki, adıçəkilən ölkədə məktəblilər arasında təxminən 30 faiz siqaret aludəçisidir. Bu isə gələcəkdə gənclərin narkotik vasitələrə meyillənməsinə şərait yaradır. Buna görə də baş narkoloq Rusiyada siqaretlə mübarizə çərçivəsində nəzərdə tutulan qanun layihəsini müsbət dəyərləndirib və belə sənədlərin davamlı olmasının vacibliyini vurğulayıb.
Yeri gəlmişkən, hazırda tütündən istifadə etmə dünyada ən yayılmış pis vərdişlərdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, indi dünyada 1 milyarddan çox siqaret istifadəçisi yaşayır. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəlikləri yaradır. Bu qeyri-yoluxucu xəstəliklər üçün qarşısı alına bilən ən birinci risk faktorudur. Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir. Digər 600 min insan isə tütün tüstüsündən, yəni passiv siqaret çəkmədən ölür.
Qeyd edək ki, siqaret istifadəçilərinin sayına görə, dünya ölkələri arasında Azərbaycan da ön yerləri tutur. Qeyri-rəsmi məlumatlara görə, ölkəmizdə hər 10 nəfərdən 7-si siqaretdən istifadə edir. Ən açınacaqlısı isə odur ki, son illər orta məktəb şagirdləri arasında siqaretdən istifadə edənlərin sayı durmadan artır. Bu pis vərdiş xüsusilə 12-14 yaşlı yeniyetmələr arasında geniş yayılıb. Bəs qonşu Rusiyada qəbul olunması gözlənilən yeni qanun Azərbaycanın siqaret bazarına necə təsir göstərəcək? Ümumiyyətlə, aksiz vergisinin artırılması məsələsinin siqaretlərin bahalaşmasına təsir göstərəcəyi realdırmı?
İqtisadçı ekspert Samir Əliyev “Davam az” saytına açıqlamasında bildirdi ki, qəbulu gözlənilən yeni qanun Rusiya ilə yanaşı, Azərbaycan bazarına da ciddi təsir göstərəcək. Onun sözlərinə görə, bir ay öncə Bakıda siqaretin qiymətinin gözlənilmədən artması da dünya bazarında tütün məmulatlarının qiymətində baş verən artımlarla bağlı idi: "Əslində siqaret elə bir məhsuldur ki, onun qiymətinin yüksəlməsi əksər ölkələrdə mütəmadi olaraq müşahidə edilir. Bu eyni zamanda ölkə daxilində bazarın xüsusiyyətindən doğan bir məsələdir. Tutaq ki, ilin əvvəlində ABŞ -da siqaretin qiyməti 6 faiz bahalaşdı. Bu, həm siqaret istehsalı üçün istifadə olunan xammalın qiymətinin yüksəlməsi ilə, həm də digər məhsullarda olan artımlara uyğun olaraq tənzimlənən qiymətlərlə əlaqədar oldu. Düzdür, Amerikadan Azərbaycana o qədər də böyük həcmdə tütün məhsulu ixrac olunmurdu. Lakin bu istər-istəməz Azərbaycan bazarına təsirsiz ötüşmədi. Nəzərə alsaq ki, Rusiya həm məsafə, həm də iqtisadi münasibətlər baxımından bizə daha yaxındır, o zaman qiymət artımını proqnozlaşdırmaq elə də çətin məsələ deyil. Həmsöhbətimiz onu da vurğulayıb ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda aksiz vergisi spirtli içkilərə, tütün məhsullarına, neft məhsullarına, istirahət və idman məqsədi ilə ölkəyə gətirilən yaxtalara tətbiq olunur. Onun sözlərinə görə, Vergilər Məcəlləsinə əsasən, ölkəmizdə bütün növ tütün məmulatlarına 12,5 faiz aksiz vergisi tətbiq edilir: "Bir məsələni qeyd edim ki, ölkəyə idxal olunan 3 blok siqaret aksiz vergisi tətbiq olunmadan buraxılır. Əgər ölkəyə daxil edilən tütün məhsullarının həcmi sözügedən göstəricidən çox olarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aksiz vergisinə cəlb edilir".
Xarici ölkələrdə tütün məhsullarına tətbiq olunan aksiz vergisinə gəlincə, ekspert bu təcrübənin hər ölkədə müxtəlif olduğunu bildirib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə tütün məmulatlarına 10, inkişaf etməkdə olan ölkələrdə isə 12-15 faiz aksiz vergisi tətbiq edilir.
S.Əliyev Rusiyada tütün məhsullarının qalxması Azərbaycanda da qiymət artımına səbəb olacağını dedi.

Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 1386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed