Şrift:
Muxtar Babayev: COP29-un hədəfi Paris Razılaşması üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir
18.09.2024 [10:20] - Siyasət
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasında əsas hədəf Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizə aparılması yollarını müəyyənləşdirməkdən, eləcə də bu istiqamətdə konsensus əldə etməkdən ibarətdir".

Bunu Bakıda keçirilən İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin 3-cü iclasında COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, konfransın iştirakçısı olan tərəflər iqlim dəyişikliyinin ayrı-ayrı ölkələrə vurduğu zərərlərin aradan qaldırılmasının yollarını da müzakirə edəcəklər.

M. Babayev onu da vurğulayıb ki, bu ay açıqlanan hesabata görə, təkcə Afrika ölkələri iqlim dəyişikliyi problemi nəticəsində ümumdaxili məhsulun 5 faizə qədəri həcmində itkiyə məruz qalır:

"Bir həqiqət məlumdur ki, iqlim dəyişikliyi nəticəsində insan itkilərinin təsiri digər faktorlarla müqayisədə daha çoxdur. Bir müddət əvvəl baş vermiş qasırğanın Asiya regionunun müxtəlif nöqtələrində insanların faciəvi ölümünə səbəb olduğunu xatırlamaq bu fəsadları anlamaq üçün kifayət edir".

O bir qədər əvvəl Filippin Prezidentinin iqlim dəyişikliyinin vurduğu zərərin kompensasiyası üçün fondun yaradılması barədə qərar imzaladığını xatırladıb:

"Biz bu addımı yüksək qiymətləndiririk. COP29 çərçivəsində iqlim dəyişikliyinin aradan qaldırılmasının maliyyələşdirilməsi məsələsinin həll edilməsi mühüm addım olacaq. Bizim bunun üçün qarşıda 54 günümüz var".
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed