Şrift:
Avropa Parlamentinin üzvü: Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır
18.09.2013 [13:43] - Gündəm, Siyasət
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunu işğal altında saxlamaqda davam etməsi beynəlxalq hüququn, o cümlədən, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrin pozulması kimi qiymətləndirilməlidir.Bu barədə Avropa Parlamentinin üzvü Vasilika Viorika Dancila Avropa Azərbaycan Cəmyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair (AAC) sorğusuna cavabında bəyan edib.

O, qeyd edib ki, qətnamələrin qəbulundan 20 il keçməsinə baxmayaraq, Ermənistan beynəlxalq hüququ pozaraq Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirir. Buna son qoyulmalıdır:

"Azərbaycanlı məcburi köçkünlər Azərbaycanın işğal altındakı ərazilərinə təhlükəsiz qayıtmaq hüququnu özlərində saxlayırlar. Azərbaycan Avropa Qonşuluq Siyasətinin bir hissəsidir və Avropa İttifaqı (Aİ) tərəfdaş ölkələrlə sülhsevər münasibətlərin qurulmasında çox maraqlıdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa nöqteyi-nəzərindən çox vacibdir".

V.V.Dancilanın sözlərinə görə, Aİ hər zaman bəyan edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır: "Misal kimi, 2010-cu ilin mayında Dağlıq Qarabağda keçirilmiş qondarma "parlament seçkiləri"ni və ya 2012-ci ilin iyulunda keçirilmiş qondarma "prezident seçkiləri"ni göstərmək olar. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton sözügedən seçkilərin qeyri-legitimliyini açıq şəkildə bəyan etdi. Beynəlxalq hüquq Dağlıq Qarabağı tanımır və bu seçkilər işğala dair mövcud status-kvonun yolverilməzliyi fikrini daha da gücləndirdi. Belə bir vəziyyət Avropa İttifaqının marağında ola bilməz".

Parlament üzvü bildirib ki, Aİ-nin ATƏT və Minsk qrupu ilə birlikdə regionda münaqişənin sülh yolu ilə həllinə nail olmaq, xüsusilə də Dağlıq Qarabağ probleminin həllinə və məcburi köçkünlərin qayıtmasına kömək etmək məqsədilə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi fəaliyyət göstərir: "Vacib olan odur ki, o, regiondakı digər beynəlxalq tərəfdaşları ilə birgə addım ataraq tərəfləri sülh danışıqlarının bərpa olunmasına həvəsləndirir".
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed