Şrift:
Güney Azərbaycanın folklor örnəkləri
29.10.2013 [15:05] - Mədəniyyət, Güney Azərbaycan-Təbriz
İranın milli-etnik tərkibilə bağlı dünya türkologiyası uzun müddət aldadılıb

Zəngin Türk ruhlu Güney Azərbaycanımızın folklor örnəklərinin, mədəniyyət soraqlarının toplanılması, araşdırılması olduqca gərəklidir. Mərhum professor
İsrafil Abbaslının bu mövzuda araşdırmasında məsələyə hərtərəfli yanaşma var: «Güney Azərbaycanda folklor toplamağın çətinliklərindən söz açan şair-publisist və folklorçu Mirhidayət Hesari qeyd edirdi ki, Azərbaycan şifahi söz sənəti örnəkləri farscaya çevrilərək həm İran radiosu, həm də mətbuatda fars folklor örnəkləri kimi təqdim olunurdu. Bununla da fars folkloruna qarışmış nümunələri seçmək, ayırd etmək mümkün deyildi. Bu baxımdan, M.Hesari Əli Əkbər Dehxudanın 4 cildlik «Məsəllər və hikmətli sözlər» əsərini Azərbaycan folklorunu fars örnəkləri kimi təqdim edən nəşrlərdən sayırdı. 53 illik Pəhləvi rejimi dönəmində Azərbaycan türkcəsində danışmağın yasaq olunması, bu məsələ ilə bağlı cərimə tətbiq edilməsi barədə öz xatirələrində söz açan tanınmış dilçi və ədəbiyyatşünas Həmid Nitqi yazır: «…İbtidai məktəbdə oxuduğum vaxt dilimiz yasaq olunduğu illər türkcə danışdığım üçün məndən ilk cəriməni aldılar, onda mən türkcənin və farscanın fərqinə vaqif oldum. Anladım ki, fərqləri varmış, evdə olanda atam deyərdi ki, filan kəlmənin farscası yoxdur». Əlbəttə, Azərbaycan türkcəsinin, geniş anlamda isə ümumiyyətlə, türk dilinin fars dili ilə müqayisədə daha zəngin çalarlara, söz ehtiyatına malik olduğu haqqında istər ünlü tarixi simalar, istərsə də çağdaş araşdırıcılar onlarla tədqiqatlar yazıb və dəyərli fikirlər söyləyiblər. Əmir Əlişir Nəvainin çağatay dilinin farsca müqayisədə hansı üstünlüklərə, zənginliklərə malik olduğunu müəyyənləşdirən «Mühakimətül-lüğəteyn» əsəri də daxil olmaqla bu problemin öyrənilməsi güneyli həmkarlarımızın da həmişə diqqət mərkəzində olub. Maraqlıdır ki, Cavad Heyət «Moğoyesət-ül-lüğəteyn» («Müqayisəli lüğət») əsərində 1650 türk sözünün fars dilində qarşılığının olmamasını aşkarlayıb və belə bir nəticəyə gəlib ki, farslar bu sözlərin əvəzinə ərəb və türk dillərindən alınan sözlərdən istifadə ediblər. Bu baxımdan Güney folkloru toplusunda təqdim olunan mətnlərin qeyd edilən səbəblər ucbatından farscadan Azərbaycan türkcəsinə tərcüməsi zamanı canlı danışıq dilinin, milli koloritin nə dərəcədə qorunduğunu yəqin etmək mümkündür. Son illərdə aparılmış araşdırmada Güney Azərbaycan türklərinin ictimai-siyasi, mədəni-mənəvi mühiti belə səciyyələndirilib: «…Azərbaycan dilinin, ədəbiyyatının, mətbuatının və bir sözlə desək — Azərbaycan milli-mədəni varlığının yasaq olunduğu illərdə bu milli varlığın ən geniş və kütləvi sahəsi sayılan xalq yaradıcılığı məhsullarının toplanması, araşdırma və nəşr məsələsi hələ öz yerində qalsın, hətta ana dili, xalq varlığı, xalq ədəbiyyatı və xalq inancları kimi sözləri ağıza alıb danışmaq belə bağışlanmaz günah sayılırdı». Həmin fikirləri özgə bir formada ifadə edən güneyli həmkarımız M.Səbri M.Fərzanənin «Varlıq»da nəşr olunmuş (1996, s.29-41) «Pəhləvi rejimində Güney Azərbaycanda şifahi xalq ədəbiyyatının toplanması, araşdırılması və nəşri tarixindən» məqaləsinə istinadən qeyd edir ki, Pəhləvi rejimi xalqın milli-mənəvi duyğu və düşüncələrindən süzülüb gələn və onların tarixi milli qəhrəmanlıqlarını, mədəni bədii varlıqlarını canlandıran xalq ədəbiyyatının toplanması və nəşrinə imkan verməyib».
İ.Abbaslı bu fikirdədir ki, M.Fərzanə araşdırmalarında dəfələrlə vurğulayıb, Güney Azərbaycanda xalq ədəbiyyatının səmərəli toplanılıb mətbuatda çap olunması 1945-1946-cı illərə təsadüf edir: «Müəllifin «Varlıq» dərgisinin ayrı-ayrı saylarında çap olunmuş «Ana dilimiz və milli varlığımız uğrunda mübarizələr dəftərindən» silsilə yazılarında, habelə «Azərbaycan el ədəbiyyatından atalar sözü və məsəllərə aid bir orijinal əsər», «Azərbaycan el mahnıları», «Dədə Qorqud boylarının dil və üslub özəlliklərini Azərbaycan türkcəsində aramalıyıq», «Novruz — el bayramı, bahar bayramı B.Səhəndin şeirində», «Pəhləvi rejimində Güney Azərbaycanda şifahi xalq ədəbiyyatının toplanması, araşdırılması və nəşri tarixindən», «Söz dünyamız və folklor», «Molla Nəsrəddin lətifələri» və s. kimi məqalələrində folklorumuzun çoxyönlü qayğıları, qaynaqları kimi bir sıra önəmli məsələlərə toxunulub. İranda yaşayan türk mənşəli tayfalar: qaşqaylar (2 milyondan çox olub, 90 oba və eldə məskunlaşıblar), şahsevən, xəlac, türkman, padar, tərəkəmə — ümumilikdə isə Azərbaycan türkləri etnik baxımdan az yad edilib, xalqın mənəvi irsinin toplanmasında misilsiz zəhməti olan hüquqşünas folklorçu — Əli Kəmalinin sözləri ilə desək, «…İranın milli və etnik tərkibi ilə bağlı dünya türkologiyası uzun müddət aldadılıb». İran hakimiyyətinin Güney Azərbaycanla bağlı dövlət siyasəti onlarla araşdırmalar, nəşrlər mövzusuna çevrilib. Bu istiqamətdə xeyli işlər görülüb və görülməkdədir. Son illərdə güneyli ziyalılarla, folklor həvəskarları ilə görüşlərimiz zamanı İran hakimiyyətinin dövlət siyasətində ermənilərə bəslənilən münasibətlə bağlı suallar vermiş, erməni dilində folklor nəşrlərindən nə dərəcədə xəbərdar olduqları barədə maraqlanmışıq. Sorğularımıza cavab ala bilməmişik. Bu gün çoxlarını düşündürə bilər ki, tarixi torpaqlarında yaşayıb öz əsrlik gələnəklərini davam etdirən və sayları milyonlarla ölçülən İran türklərinin maddi-mənəvi irsləri azlıqda qalan ermənilərin mədəniyyətləri ilə bir səviyyədə dayana bilərmi?
Bu problem tarixi xronoloji baxımdan açıqlanmalı və çoxyönlü araşdırmaların predmetinə çevrilməlidir. Biz isə bu məsələ ilə bağlı düşüncələrimizi güneyli həmkarlarımızla bölüşdürmək istərdik. Heç bir müdaxilə etmədən İran erməniləri ilə bağlı erməni qaynaqlarında qorunmuş əsas məqamları təqdim etmək bir çox mətləblərə aydınlıq gətirə bilər».
Araşdırmaçı daha sonra bildirir: «Erməni dilli qaynaqlardakı ayrı-ayrı faktlar təsdiq edir ki, hələ XI-XII əsrlərdə fars dili ermənilər içərisində tədris olunurmuş. XI yüzilliyin birinci yarısından etibarən farscadan ermənicəyə tərcümə əsərlərinə təsadüf edilir. İlk dəfə olaraq Əbubəkr Məhəmməd ibn Zəkəriyyə Razinin (869-925) tibb əsəri ermənicəyə çevrilib. XVIII əsrin müəllifi Gevork Dpir (1737-1812) tərəfindən farsca-türkcə lüğət əsasında hazırlanmış «Farsca-ermənicə lüğət» də fars-erməni münasibətlərinin tarixində mühüm mədəni hadisələrdən sayılıb. Fars-erməni ədəbi əlaqələrinin mühüm bir həlqəsi də «Şahnamə», «Sasna dzrer», «Rüstəm-Zal» mənqəbəsinin qarşılıqlı müqayisəli təhlilindən irəli gələn məsələlərdir. «Firdovsi: İran mifik motivləri «Şahnamə»də və erməni qaynaqlarında», «Şahnamə və erməni mənbələri» və bu tipli araşdırmalarda Firdovsinin öz tarixi əsərində erməni mifik qaynaqlarından faydalandığını müəyyənləşdirməyə cəhd göstərilib. Bu ötəri xatırlatmadan sonra düşünürük ki, «Şahnamə»nin Oğuz-türk mifoloji qaynaqları əsasında öyrənilməsinin vaxtı çatıb. Güneyli həmkarlarımızın araşdırmaları bu məsələyə qismən də olsa cığır açıb. Doktor Həmid Nitqinin (1920-1999) «Təzə nəzəriyyələr: tanıtmaq və tanıtmağa doğru» məqaləsini təhlil edən ədəbiyyatşünas N.Hüseynova yazır: «…Doktor Həmid Nitqi göstərib ki, 1071-ci il Oğuzların Azərbaycana son gəlişi sayılır. Amma müəllif (Həmid Nitqi) onların burada miladdan qabaqkı üçüncü və ikinci minilliklər arasında yaşadıqlarını tarixi faktlara söykənərək müəyyənləşdirib». Bu mənada «Şahnamə»ni Oğuz-türk mifologiyası kontekstində öyrənmək daha məntiqli, tutarlı və məqsədyönlü sayıla bilər. Belə bir tədqiqatın aparılması gündəmdə duran mühüm məsələlərdən olmalıdır. Bu yerdə prof. Xalıq Koroğlunun araşdırmalarından bir məqamı xatırlatmaq yerinə düşər. Ötən yüzilliyin 70-ci illərindən başlayaraq Moskvada «SSRİ xalqları eposu» seriyasında nəşr olunacaq Azərbaycan «Koroğlu»sunun variantlarından birinə ön söz yazmış prof. X.Koroğlu eposun mifoloji qaynaqlarına toxunaraq «Şahnamə»ni oğuz-türk mifologiyası əsasında öyrənilməsini də ön plana çəkmiş və mövzunun əsas xətlərini, məqamlarını, görüntülərini müəyyənləşdirməyə çalışmışdı. Lakin Azərbaycan «Koroğlu»sunun Moskva nəşri baş tutmadı. Erməni-fars tarixi, mədəni-ədəbi əlaqələrinin əsrlik köklərə, rişələrə malik olduğunu vurğulayan özgə araşdırmalar da var.
Erməni qaynaqlarında ermənilərin tarixən İranda məskunlaşması, farslarla sıx siyasi-iqtisadi və mədəni əlaqələrdə yaşamaları barədə araşdırmalar çoxdur. Burada köçürülmələr, məskunlaşmalar haqqında rəsmi rəqəmlərin statistikası barədə ötəri xatırlatmalarla kifayətlənmək istərdik: I Şah Abbasın köçürmə siyasəti (rus tarixşünaslığına «Velikiy syurgin» istilahı ilə daxil olmuş bu söz əslində Arakel Təbrizliyə məxsusdur) dövründə (1603-1604) İrana köçürülmüş ermənilərin sayı təxminən 500 min nəfərə çatıb. Köçürülmüş ermənilər Qəzvində, İsfahan və onun ətrafında, Mazandaranda, Gilanda, Şirazda, 1605-ci ildə əsası ermənilər tərəfindən qoyulmuş Nor-Cuğada (tezliklə bura ticarət, sənətkarlıq, mədəniyyət mərkəzinə çevrilib) məskunlaşıblar».

Uğur
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed