Şrift:
Kerri: İran çoxlu çətin maneədən keçməlidir
26.11.2013 [09:38] - Siyasət
ABŞ dövlət katibi Con Kerri noyabrın 24-də jurnalistlərə açıqlamasında İranın xarici işlər nazir Məhəmmədcavad Zərifin bəyanatını təkzib edib. Noyabrın 24-də İrana qayıdan Məhəmmədcavad Zərif jurnalistlərlə görüşündə Cenevrədəki nüvə danışıqlarında İranın uranı zənginləşdirməklə bağlı hüququnun tanındığını bildirib: “Cenevrədəki nüvə danışıqlarının mühüm və ən böyük nailiyyətlərindən biri odur ki, istər ortaq hədəflərdə, istərsə də uzaq perspektivdə Tehranın uranı zənginləşdirməklə bağlı fəaliyyəti İranın nüvə proqramının ayrılmaz bir hissəsi kimi qalacaq”.
Con Kerri deyib: “Xeyr, Cenevrə razılaşmasında Tehranın uranı zənginləşdirmək hüququ haqda heç nə qeyd olunmayıb. Biz İranın uranı zənginləşdirməklə bağlı hüququnu tanımırıq. Onlar (iranlılar) bu haqda müzakirə apara bilərlər. Lakin məhz apardıqları nüvə proqramının dinc xarakter daşıdığını sübuta yetirəndən sonra digər ölkələr kimi müəyyən edilmiş dərəcə və miqdarda bu sahədə fəaliyyət apara bilərlər. İran bu hüququna nail olmaq üçün qarşısındakı çoxlu çətin maneədən keçməlidir. Lakin bir daha qeyd edirəm ki, əldə olunan Cenevrə razılaşmasında İran üçün belə bir haqq tanınmayıb”.

Cenevrədə Qərblə İranın nüvə danışıqları noyabrın 24-nə keçən gecə razılaşma ilə başa çatıb.

Razılaşmaya əsasən, Tehran 6 ay ərzində Fordu, Nətənz nüvə təsisatlarındakı sentrifuqaların fəaliyyətini məhdudlaşdırmalı, bu obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə və yoxlamasına icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir. Bunun müqabilində isə Qərb İranın blokadaya alınmış pullarından 7 milyard dollara qədərini tədriclə azad edəcək, bəzi sanksiyalar azaldılacaq.

Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed