Şrift:
Diktator və özgür məhbuslar
29.11.2011 [05:17] - Güney Azərbaycan-Təbriz
Avtoritar rejimlərin iqtidar olduğu dövlətlərdə canlı və cansız olmaqla bütün sərvətlər ölkədə hakim olan diktatora xidmət edir. İqtidarda qalmaq üçün bütün imkanları səfərbər edən diktator istənilən qüvvənin fəaliyyəti ilə bağlı əmr verib fərman çıxara bilər.

Hakimiyyətinin davamı üçün hər vasitəyə əl atan rejim vəziyyətdən və günün nəbzindən asılı olaraq dondan-dona girməyi, siyasətin minbir rənginə boyanmağı bacarır. Bu səbəbdən də diktarorlar vətəndaşlarına qarşı çox vaxt amansız və sərt, bəzən isə zahirən mərhəmətli olurlar. Qəddarlıq rejimin mahiyyətinin təzahürüdürsə, saxta xeyirxahlıq isə beynəlxalq aləmin və ölkənin daxili təzyiqinin tələbi ilə gerçəkləşir. Diktatorların ictimai göstəriş üçün hesablanmış mərhəmət nümunələrindən biri də zaman-zaman məhbuslar barədə əfv fərmanlarının imzalanmasıdır. İrandakı avtoritar rejim də bu ənənələşmiş üsuldan istifadə edir. Yaxın günlərdə İran Ali Məhkəməsinin sədri Sadiq Amoli Laricani “Qədir-xum” bayramı münasibətilə ali dini rəhbər, ayətullah Seyid Əli Xamneyiyə müraciət edib. Müraciətdə Ali Məhkəmənin sədri ali dini liderdən 912 məhbusun əfv olunmasını xahiş edib. Ayətullah Xamneyi də səlahiyyətlərindən istifadə edərək məhbusların əfv olunmasına dair fərman imzalayıb.

“Daxilə hesablanmış zahiri humanizm”
Gözdən pərdə asmaq üçün verilən əfv fərmanları hər məhbusa şamil olunmur. Yalnız həbs müddətinin bitməyinə az qalan və ya şərti azadlığa buraxılmaq haqqı olan, ən əsası isə rejimə qarşı çıxmayan məhbuslara aid edilir. Vətəndaşları haqsız yerə zindana salan diktator əvf fərmanı imzalamaqla insanların azadlıq haqqını onlara “hədiyyə” edib “mərhəməti”nin minnəti kimi təqdim edir. Rejimi saxlamaqda maraqlı olan qüvvələr bu cür “xeyirxahlıq” fərmanlarını əldə bayraq edib ayətullah Xamneyini rəhmli, xalqını sevən, bağışlayan rəhbər olaraq insanlara tanıtmağa çalışırlar. Diktatorun cinayətkar simasını ifşa etməyə çalışan məhbusların isə haqlı iddiasına kölgə salaraq onların amalını, şərəfini, mübarizəsini ləkələməyə çalışırlar.

“Tamaşaçısını itirən “əfv tamaşaları””
Dəfələrlə təkrarlanan “əfv tamaşaları” tədricən ictimai təsirini itirir. Rejimin amansız üzünü görən vətəndaşlar bu cür “mərhəmət” jestlərinə inanmırlar. Dövlət vətəndaşların haqlı tələbini yerinə yetirmək əvəzinə, onları həbs edərək öz təhlükəsizliyini təmin etməyə çalışır və bu siyasəti böyük bir nailiyyət hesab edir. Bu cür anti-demokratik idarəçilik bir neçə məhbusu azad etməklə nəinki müsbət imic qazanır, əksinə, avtoritar rejim və ali dini rəhbər daha çox ictimai nüfuzunu, etimadını itirir.

Güney Azərbaycanda bir neçə siyasi məhbusun zəmanətlə azadlığa buraxılması da mərhəmət “ssenaris”inin bir parçası idi. Heç bir hüquq pozuntusuna yol verməyən, dinc və demokratik yollarla milli haqqını tələb edən soydaşlarımızın azadlığa çıxmaq təbii haqlarıdı. Əslində İran adlanan yerdə azadlıqda olan Azərbaycan türkləri sözün əsl mənasında azad deyillər. Milli haqları qandallanmış 35 milyondan çox “məhbus” İran adlanan zindanda yaşayır. Elə bir zindanda ki, şərəfinin, qürurunun, ləyaqətinin, kimliyinin, mədəniyyətinin, tarixinin zəncirləri ayətullah Xamneyi adlı diktatorun boğazından asılıb.

Elçin HATƏMİ
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed