Şrift:
Qardabanidə “Gürcü dili Evi” istifadəyə verilib
07.12.2011 [12:47] - Borçalı
Azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində “Gürcü dili Evi” açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan elm və təhsil naziri Dmitri Şaşkin və Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze iştirak edib. Təhsil və elm nazirliyindən APA-ya verilən məlumata görə, “Gürcü dili Evi” milli azlıqların yaşadığı hər bir bölgədə istifadəyə veriləcək və buraya gürcü dilini öyrənmək istəyən hər bir şəxs müraciət edə bilər. Bu “Ev”lərdə gürcü dili müəllimləri xüsusi dil kursları keçəcək və proqramlar öyrənəcəklər. Nazirliyin əmrinə əsasən, qeyri-gürcü məktəblərində eyni vaxtda gürcü dilini və ana dilini tədris edən müəllimlərin maaşına 200 lari əlavə ediləcək.
Dmitri Şaşkin bildirib ki, nazirliyin yeritdiyi vahid siyasətin əsas prioritetlərindən biri odur ki, etnik azlıqlar gürcü cəmiyyətinə inteqrasiya olunsun. “Bu məqsədlə nazirlik bir sıra layihələr həyata keçirib. Bu layihələrdə gürcü dilinin dərindən öyrədilməsi başlıca əhəmiyyət kəsb edir. İndiki mərhələdə biz “Gürcü dili-gələcək uğurlarımız üçün” layihəsini həyata keçiririk,”- nazir qeyd edib.
APA-nın məlumatına görə, artıq 4 “Gürcü dili Evi” Kvemo-Kartli və Samsxe-Cavaxetidə fəaliyyət göstərir. Gələn ildən belə “Ev”lər regionun digər rayonlarında, eyni zamanda Kaxeti bölgəsində də açılmağı nəzərdə tutulub. Təhsil nazirliyinin yaydığı məlumatda bildirilib ki, “Gürcü dili Evi”ndə dil öyrənən dinləyicilər Kutaisi şəhərində fəaliyyət göstərən dövlət idarəçilik məktəbində təşkil edilən müəyyən intensiv kurslarda da gürcü dilini daha mükəmməl öyrənə bilərlər. Qeyd edək ki, məlumatda regionlarda fəaliyyət göstərən “Gürcü dili Evi”nin işinin tənzimlənməsi Z.Jvaniya adına Kutaisi Dövlət İdarəçilk Məktəbinə həvalə olunub.
Bu xəbər oxucular tərəfindən 1533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed