Şrift:
Meksika Senatında ermənilərin Xocalıda soyqırımı törətdiyini əks etdirən qərar qəbul olunub
20.12.2011 [17:12] - Xəbərlər
Meksika Senatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət qərar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qərarda bildirilir ki, 26 fevral 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı hücuma keçib və beynəlxalq insan hüquqları üzrə təşkilatların tərəddüd etmədən Soyqırımı kimi adlandırdığı hadisə zamanı əsasən etnik mənsubiyyətinə görə yüzlərlə insanın ölümünə səbəb olublar.

Qərarda eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən bəhs olunur, Madrid Prinsiplərinin mahiyyəti açıqlanır, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi qeyd edilir.

Qərarda Deputatlar Palatası Azərbaycan və Ermənistan xalqlarının suverenliyinə tam hörmətlə yanaşaraq, mümkün hesab edilən formatda ən qısa və sürətləndirilmiş tərzdə Dağlıq Qarabağ regionunda münaqişəyə davamlı şəkildə son qoyacaq razılığın əldə edilməsi üçün Azərbaycan və Ermənistan hökumətlərini səy göstərməyə və ATƏT-in Minsk Qrupunun həmsədrlərini münaqişənin sülh yolu ilə davamlı həllinin təmin edilməsi məqsədilə hər iki hökumətə bütün tələb olunan dəstəyin göstərilməsinə davam etməyə çağırıb.

Qərarda bildirilir ki, Xocalı qətliamından 19 il ötməsinə baxmayaraq, qətliamın qurbanlarının hələ də ədalətə nail olmadıqları göstərir ki, hər hansı sülh razılaşması üçün mərkəzi element qısa zaman ərzində öz yerini tapmalıdır, o cümlədən, insanlar arasında əlaqələr bərpa edilməli və mümkün qədər tez bir zamanda hər iki cəmiyyət arasında yenidən harmoniya yaranmalıdır.
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed