Şrift:
Meksika Konqresinin Deputatlar Palatası erməni silahlı qüvvələrinin Xocalıda soyqırımı törətməsini kəskin pisləyən qərar qəbul edib
22.12.2011 [12:01] - Xəbərlər
Meksika Konqresinin Deputatlar Palatası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət qərar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qərarda münaqişənin tarixi haqqında ətraflı məlumat verilərək, Azərbaycan ərazisinin iyirmi faizinin hələ də erməni işğalı altında qalması, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün qismində yaşadığı, BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişə ilə bağlı dörd qətnaməsinin indiyədək yerinə yetirilmədiyi, 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunsa da, atəşkəsin Ermənistan tərəfindən pozulması faktlarının mövcudluğu və Azərbaycanın mülki əhalisinin hələ də bundan fiziki və mənəvi əziyyət çəkdiyi vurğulanır.

Daha sonra, qərarda Azərbaycan ərazilərinin işğalı, Azərbaycan tərəfindən verilmiş insan itkiləri, xüsusən də Xocalıda erməni silahlı qüvvələrinin məhz Soyqırımı törətdiyi qəti şəkildə pislənir.

Eyni zamanda, münaqişənin hələ də həll olunmamış qalması təəssüflə qarşılanır və tərəfləri münaqişənin həlli istiqamətində dialoqu davam etdirməyə səsləyir.

Azərbaycan Respublikasında bir milyon qaçqın və məcburi köçkünün olduğunu nəzərə alaraq, ölkədəki humanitar böhran barədə Meksikanın BMT-dəki Daimi Nümayəndəliyi vasitəsilə Meksika Konqresinə hesabatın təqdim olunması tövsiyə olunur.

Meksikanın BMT-dəki Daimi Nümayəndəliyi tərəfindən bundan sonrakı fəaliyyəti zamanı Ermənistan hökumətini BMT TŞ-nın qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən öz qoşunlarını çıxarmağa səsləməsi tövsiyə olunur.

Qərar Meksika dövləti adından beynəlxalq qurumlar qarşısında Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi zorakılıq aktlarını dərhal dayandırması, Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını dərhal çıxarması və münaqişənin həllində maraqlı olan bütün tərəfləri regionda daha iri miqyaslı münaqişənin qarşısının alınması və regionda sülh və təhlükəsizliyin bərqərar olunması üçün hər növ zorakılıq və müdaxilədən çəkinməyə çağıran bir müraciət qəbul etməyə səsləyir.
Bu xəbər oxucular tərəfindən 1359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed