Şrift:
Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi” layihəsinin təqdimatı keçirilib
22.10.2014 [12:05] - Xəbərlər
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatının həyata keçirdiyi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi” layihəsinin təqdimatı keçirilib.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev tədbirdə çıxış edərək deyib ki, Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalayıb, layihənin məqsədi dövlət orqanlarının bu sahədə potensialının gücləndirilməsidir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, dünyada 232 milyon nəfər miqrant mövcuddur və onlar dünya əhalisinin 2,2 faizi deməkdir. Bunların əsasını əməkçi miqrantlar təşkil edir və bu, miqrasiya probleminin nə qədər böyük məsələ olduğunu göstərir. M. Kərimli qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədaxili və xarici miqrasiya əsas məsələlərdən biri olub və bu istiqamətdə müxtəlif qanunlar qəbul edilib, hüquqi baza yaradılıb. Onun sözlərinə görə, Azərbaycan miqrasiya prosesinin tənzimlənməsində beynəlxalq əməkdaşlığa üstünlük verir və 15-ə yaxın beynəlxalq əməkdaşlıq sazişi imzalayıb. Bir sıra ölkələr, o cümlədən İsveçrə, Almaniya ilə analoji sazişlərin imzalanması gündəmdədir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib ki, bu layihə tərəfdaşlarla birgə həyata keçiriləcək: “Əsas öhdəliyimiz Azərbaycana bu sazişlərin həyata keçirilməsində dəstək olmaqdır. Avropa İttifaqı Azərbaycanı miqrasiya sahəsində çox önəmli tərəfdaş kimi görür".

M. Mard layihənin büdcəsinin 3,2 milyon dollar təşkil etdiyini və 2017-ci ildə başa çatacağını söyləyib.

Beynəlxalq Miqrasiya Təşkilatının şərqi, cənub-şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Heldin isə bildirib ki, bu prosesdə birgə səylər çox vacibdir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq miqrantlar üçün təyinat ölkəsinə çevrilib. R. Helden Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəni gücləndirdiyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed