Şrift:
Mövlud Çavuşoğlu: Cənubi Qafqazdakı münaqişələr Avrasiyada sülh və sabitliyi təhdid edir (MÜSAHİBƏ)
25.02.2015 [10:29] - Xəbərlər, Türk dünyası-Turan, Müsahibə
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Trend-ə müsahibəsi

- Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv olmaq üçün indiyədək bir sıra islahatlar həyata keçirib. Aparılan islahatlara və ölkədəki inkişafa baxmayaraq, Türkiyənin bu quruma üzvlüyü hələ də təxirə salınır. Fikrinizcə, bunun başlıca səbəbi nədir?

- Vətəndaşlarımıza yüksək standartlar və Aİ qanunvericiliyi təqdim etmək üçün Türkiyədə islahatlar qətiyyətli şəkildə davam etdirilir. Bu səylərimizə baxmayaraq, təəssüflər olsun ki, danışıqların nəticəsi arzuolunan səviyyədə deyil. Müzakirə prosesində durğunluğun olmasının başlıca səbəbi Avropa İttifaqıdır. Yeni fəsillərin müzakirəsi üçün Aİ daxilində yekdilliklə qərar qəbul edilməsi lazımdır. Lakin Aİ Türkiyə ilə səkkiz, Kipr Respublikası isə altı fəslin müzakirəsinə əngəl törədir. Fransa 2007-ci ildə beş fəslin müzakirəsini əngəlləyəcəyini açıqlasa da, müzakirə fəsillərindən biri (22 nömrəli Regional Siyasət və Struktur Vasitələrin Koordinasiyası) üzərində olan maneəni 2013-cü ildə aradan qaldırmışdı. Fransa tərəfi ilə yüksək səviyyədə keçirdiyimiz görüşlərdə bu ölkənin Türkiyənin Aİ-yə üzvlüyünə mane olmayacağı, müzakirələr üçün yeni fəsillərin açılması mümkün olarsa, bunu edəcəyi bəyan edilmişdi. Ancaq Kipr məsələsi həll olmadan Kipr Respublikasının Aİ-yə üzv qəbul edilməsi nəticəsində qarşılaşdığımız siyasi maneələr Aİ-Türkiyə müzakirələrinə təsir edir.

Türkiyə tərəfi olaraq, Aİ ilə danışıqların texniki bir proses kimi davam etdirilməsinin labüdlüyünü hər zaman qeyd edirik. Digər tərəfdən, Türkiyə Aİ ilə müzakirə prosesində öz üzərinə düşən işləri görməyə, üzvlük meyarlarına uyğunlaşmanı təmin etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək.

“Avropa İttifaqına üzvlüyümüz regionumuzda birtərəfli xarici siyasət yürüdəcəyimiz mənasına gəlməyəcək”

- Türkiyə xarici siyasəti və iqtisadi potensialı sayəsində Yaxın Şərqin qabaqcıl dövlətlərindən biri olsa da, Aİ-yə üzv olmaq üçün davamlı səy göstərir. Aİ-yə üzvlük Türkiyəyə nə qazandıracaq və bu üzvlük Türkiyəni Yaxın Şərqdən ayıracaqmı? Türkiyənin Aİ-yə üzvlüyü əngəllənərsə, Ankara bu quruma alternativ axtarışında olacaqmı?

- Aİ-yə üzvlük Türkiyənin strateji hədəfidir. Türkiyə eyni qanun və dəyərlər ətrafında birləşən Avropa ölkələrinin bu birliyi daxilində yer almağı və bu qurumda iştirak etməyi arzulayır. Aİ-nin sahib olduğu, demokratiya, insan hüquqları, qanunun aliliyi, qanun və dəyərlər Türkiyənin apardığı islahatların təməl xüsusiyyətlərindəndir. Bizim üçün Aİ hər şeydən əvvəl bu dəyərlərin güclü bir şəkildə qorunduğu və qanunvericilik yolu ilə inkişaf etdirildiyi bir mərkəzdir.

Üzvlük istiqamətindəki fəaliyyətimizin əsas hədəfi bu qanun və dəyərlər baxımından yüksək standartlara çatmaqdır. Üzvlüklə bağlı müzakirələrin müddətinin tamamlanmasından sonra tərəflər Aİ-yə üzv olub-olmamaq məsələsində son qərarları özləri verəcəklər. Türkiyə üçün ən əhəmiyyətli xüsusatlardan biri də vətəndaşlarımızın rifahı və hər bir sahədə ən yüksək standartların təmin edilməsidir.

Avropa İttifaqına üzvlüyümüz regionumuzda baş verən hadisələrə laqeyd qalacağımız və ya birtərəfli xarici siyasət yürüdəcəyimiz mənasına gəlməyəcək. Türkiyə coğrafi mövqeyinin, tarixi və mədəni bağlarının tələb etdiyi çoxistiqamətli xarici siyasət hədəflərini yerinə yetirməyə davam edəcək. Bu proses qarşılıqlı faydalı bir prosesdir. Bu baxımdan, Türkiyə Aİ-yə üzv olacağı təqdirdə, Avropa İttifaqı da daha geniş bir coğrafiyada böyük təsirə malik olmaq imkanı əldə edəcək ki, bu da Aİ-nin iqtisadiyyatının dinamiklik qazanmasına şərait yaradacaq. Bu, öz növbəsində, mədəniyyətlərarası qarşıdurmaya dəstək verən qüvvələrin əlindən ciddi arqumenti almış olacaq ki, bu da regional və qlobal sabitliyə və sülhə töhfə verəcək.

- Avropa İttifaqının Cənubi Qafqaz və Azərbaycan üzrə siyasətini necə dəyərləndirirsiniz? Sizcə, Cənubi Qafqazdakı problemlərin hələ də öz həllini tapmamasının ən başlıca səbəbi nədir?

- Qonşu olduğumuz Cənubi Qafqaz bölgəsi, Aralıq dənizi və Qara dəniz hövzələri bütövlükdə tarix boyunca böyük mədəniyyətlərin beşiyi olub, insanlığın bu gün çatdığı məqama ciddi töhfə verib. Bu xüsusiyyətlərinə görə də həmin bölgə daim mühüm əhəmiyyətə malikdir. Təəssüflər olsun ki, Türkiyə üçün böyük əhəmiyyət kəsb edən bu regionda qeyri-müəyyənlik qaynağı olan Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi həlli uzanan problemlər də mövcuddur.

Etnik, dini, ərazi baxımından yaranan münaqişələr, təhlükəsizliyin olmaması sadalanan problemlərin həllinə mənfi təsir edir. Bu problemlərin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində, dinc yolla həlli sadəcə region xalqlarının mənafeyinə deyil, beynəlxalq ictimaiyyətin də maraqlarına xidmət edən amildir.

Sadalanan problemlər Cənubi Qafqaz daxil olmaqla, Avrasiyada sülh və sabitliyi təhdid edir. Dolayısilə, beynəlxalq ictimaiyyət, xüsusilə də BMT və ATƏT başda olmaqla, əlaqədar beynəlxalq təşkilatların bölgədəki münaqişələrin həlli üçün daha çox səy göstərməsi lazımdır. Bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin Türkiyənin xarici siyasət kursunun əsas prioritetlərindən biri olduğunu xüsusilə vurğulamaq istəyirəm. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesləri hər zaman yaxından izləyir, problemin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən səylərdə fəal olmağa çalışırıq.

Minsk qrupunun üzvü olaraq, digər çoxtərəfli platformalarda və üçüncü ölkələrlə təmaslarımız zamanı öz problemimiz hesab etdiyimiz Dağlıq Qarabağ münaqişəsi mövzusunu hər zaman gündəmə gətiririk. Qardaş Azərbaycanın bu ciddi probleminin beynəlxalq ictimaiyyətin gündəmində saxlanılması və mümkün olan ən qısa zamanda həlli üçün fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

Cənubi Qafqazın, xüsusən də Azərbaycanın Avropa İttifaqı üçün önəminə gəlincə, Aİ-nin Azərbaycana ciddi dəyər verdiyini söyləyə bilərəm. Azərbaycan Türkiyənin olduğu kimi, Aİ-nin də Xəzər hövzəsi və Orta Asiyaya açılan əsas qapılarından biridir. Azərbaycan başda enerji və nəqliyyat təhlükəsizliyi olmaqla, Aİ-yə bir çox sahədə ciddi töhfə verə biləcək potensiala sahibdir.

Avropa İttifaqının da "Şərq Tərəfdaşlığı" çərçivəsində region dövlətləri ilə münasibətlərini dərinləşdirmək üçün çalışdığını görürük. Avropa İttifaqına namizəd və bölgənin xüsusiyyətlərini yaxşı bilən bir ölkə kimi, "Şərq Tərəfdaşlığı" layihəsini yaxından izləyirik. Bu təşəbbüsün region ölkələrinin iqtisadi prioritetləri və maraqları nəzərə alınaraq inkişaf etdirilməsinin lazım olduğuna inanırıq.

“TANAP sayəsində Xəzər bölgəsi ilə Avropa arasında təbii bir bağlantı qurulacaq”

- Azərbaycan-Türkiyə münasibətləri sadə deyil, daha geniş və əhatəlidir. Tərəflərin enerji sahəsində reallaşdırdıqları layihələri, xüsusilə də TANAP layihəsinin regiona təsirini necə dəyərləndirirsiniz?

- Türkiyə enerji asılılığını azaltmaq və enerji təhlükəsizliyini təmin etmək məqsədilə enerji dəhlizləri və enerji mənbəyi olan ölkələrə ciddi əhəmiyyət verir. Türkiyə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyini təmin etməyi hədəfə alır. Buna görə də ötən müddət ərzində Azərbaycanla strateji, çox önəmli layihələr həyata keçirib.

Bu layihələrə bariz nümunə kimi Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasına imkan verən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini göstərmək olar. Azərbaycanla həyata keçirdiyimiz digər layihə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməridir. Cənub Qaz Dəhlizinin "bel sütunu" hesab edilən, ölkəmizin və Avropanın enerji təhlükəsizliyini təmin edəcək TANAP layihəsi Azərbaycanla ortaq həyata keçirdiyimiz və strateji əhəmiyyətə malik digər layihədir. Bu layihənin həyata keçməsi ilə Azərbaycanın təbii qazı Avropada öz əhəmiyyətli yerini alacaq.

Bununla yanaşı, TANAP sayəsində Xəzər bölgəsi ilə Avropa arasında təbii bir bağlantı qurulacaq. TANAP, eyni zamanda, gələcəyə yönəlmiş bir layihədir. Gələcəkdə Türkmənistan da bu boru xətti ilə qaz tədarük edə bilər.

Layihənin tez bir zamanda gerçəkləşməsi üçün ciddi iş görülür. Türkiyə TANAP layihəsinin ikinci böyük ortağı olaraq, həm "Şahdəniz-2", həm də TANAP boru kəmərinin tikintisi üzrə layihələrin nəzərdə tutulan müddətdə həyata keçirilməsinə ciddi əhəmiyyət verir.

“İŞİD Türkiyənin milli təhlükəsizliyini təhdid altına alır”

- Qərb mediası davamlı olaraq Türkiyəni Suriyadakı radikal qüvvələri dəstəkləməkdə ittiham edir. Türkiyə isə terrorizmlə mübarizəyə hər cür dəstək verir. Qərb mediasının Türkiyə əleyhinə təbliğatını necə qitmətləndirirsiniz?

- Türkiyə terrorizmdən çox əziyyət çəkən bir ölkə olaraq, bu günə qədər terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığı müdafiə edən, bu istiqamətdə öndə gedən ölkələrdən biridir. Türkiyə bir tərəfdən, Terrorizmlə Mübarizə Qlobal Forumunda və İŞİD-in maliyyələşdirilməsinin qarşısının alınması ilə əlaqədar FATF layihəsində yaxından iştirak edir, digər tərəfdən isə İŞİD və əcnəbi terrorçular haqqında daha çox məlumat mübadiləsi aparır. Terrorizmlə mübarizənin uğurlu olması üçün beynəlxalq ictimaiyyətin də bu mübarizədə birləşməsi, bu təhdidin aradan qaldırılması məqsədilə əhatəli bir strategiya daxilində iş görməsi lazımdır.

İŞİD-ə gəlincə, Türkiyə öz milli mənafelərinin qorunması ilə yanaşı, İŞİD-ə qarşı beynəlxalq koalisiya çərçivəsində də Suriyada radikallıqla mübarizədə fəal yer tutur. Radikallıqla birgə mübarizə aparılmalı və buna qarşı kollektiv mübarizə üsulu və strategiya hazırlanmalıdır. Lakin hər dəfə qeyd etdiyimiz kimi, bu dəfə də vurğulayırıq ki, radikallıq səbəb yox, nəticədir. Bölgəmizdə İŞİD terror təşkilatının meydana gəlməsinin, bu təşkilatın həm Suriya, həm də İraqa yayılmasının əsas səbəbkarı, bu təşkilatı öz ölkəsindəki müxalif qruplara qarşı mübarizədə istifadə etmək məqsədi ilə dəstəkləyən Əsəd rejimidir. Dolayısilə, İŞİD-lə mübarizə apararkən bu təhdidin yaranmasının əsas səbəbkarı olan Əsəd rejimi kənarda qalmalı deyil. Əks təqdirdə, bu rejim region üçün daha yeni təhdidlər yaratmağa davam edəcək.

Əsəd rejimini təzyiq göstərərək danışıqlar masasına oturtmaq, eyni zamanda, Cenevrə sazişi çərçivəsində xalqın tələblərinin təmin edilməsi ilə Suriya probleminin siyasi həll yolunu tapmaq vacibdir.

Burada qəbul edilə bilməyəcək bir məqam var ki, o da Əsədin özünü İŞİD-lə mübarizə üzrə əməkdaşlıq edilə biləcək bir aktyor kimi təqdim etmə səyləridir. Kimsə əvvəlcədən təhdid yaradıb sonra onunla mübarizədə ortaq ola bilməz. İŞİD Türkiyənin milli təhlükəsizliyini təhdid altına alır. Ölkəmizin istər Suriya böhranının həlli istiqamətində atdığı addımlar, istər beynəlxalq koalisiya daxilində, istərsə də digər səyləri göz önündədir. Suriyadakı böhran və radikallıq hər şeydən əvvəl ölkəmizi təhdid edir. Bu səbəbdən də öz prioritetlərimizi zəruri addımlar daxilində dost və müttəfiq ölkələrlə birlikdə nəzərdən keçiririk. Bizi ittiham edən ölkələr regiondan uzaqda olduqları halda, biz bu bölgədə yaşayırıq. Türkiyə olaraq, xoş niyyətlə hazırlanan xəbər və şərhlərdən faydalana bilərik, lakin qərəzli manipulyasiya xarakterli iddialara əsla məhəl vermərik.

- ABŞ-ın liderliyi ilə koalisiya qüvvələri İŞİD terror təşkilatına qarşı hələ ciddi müvəffəqiyyət əldə edə bilməyib. Bu uğursuzluğun səbəbi nədir?

- Beynəlxalq koalisiya İŞİD Kobaniyə hücum etdikdən sonra Suriyaya hava zərbələri endirməyə başladı. Biz bunun gecikmiş bir addım olduğunu dəfələrlə söyləmişik. İŞİD-in Münbiç, Cerablus, Çobanbey məntəqələrini ələ keçirməsini müşahidə etməyin doğru olmadığını qeyd etmişik.

Xüsusi olaraq vurğuladığımız bir məqam isə odur ki, təkcə hava əməliyyatlarının aparılması effektiv olmayacaq. Bu gün də eyni mövqedə dayanırıq. İŞİD terror təşkilatı Suriyada səbəb yox, nəticədir. Dolayısilə, radikallığın səbəbini araşdırmaq lazımdır. Suriya probleminin siyasi həlli olmayacağı təqdirdə, böhranın həll ediləcəyini, sülhün bərqərar olacağını və radikallığın bitəcəyini söyləmək olmaz.
Bu xəbər oxucular tərəfindən 1062 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed