Şrift:
Əbülfəz Bahaduri: Təbriz xalıları, Göy məscidin rənglərindən ilham almışam (videomüsahibə)
23.03.2015 [11:34] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Davam.az Virciniya ştatında yaşayan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin Amerikanın Səsi radiosuna verdiyi müsahibəni təqdim edir:



Virciniya ştatında yaşayan azərbaycanlı rəssam Əbülfəz Bahaduri abstrakt rəsm əsərlərinə verilən Evelin Turner mükafatina layiq görülüb. Təbrizdə anadan olan rəssamin əsərləri ABŞ paytaxtı Vaşinqtonda və Amerikanın bir sıra ştatlarında keçirilən sərgilərdə nümayiş etdirilib. Əbülfəz Bahaduri Amerikanın Səsinə müsahibədə boya-başa çatdığı Təbrizin qədim tarixi abidələri və mədəniyyətinin onun yaradıcılığına təsirləri, boya sənəti, realizm və abstrakt incəsənətlə bağlı fikirlərini bölüşüb.

Vaşinqtonun Amerika İncəsənət Liqası abstrak kateqoriyada mükafatı Evelin Turner mükafatını Əbülfəz Bahaduriyə “Paradoks” əsərinə görə təqdim edib. O deyir ki, rəsm əsərlərini hazırlıq görmədən başlayır: “Bilmədiyim təsadüflər bezin üzərində baş verir. Sonra rəsm əsəri sanki özü mənə yol göstərir.”

Əbülfəz Bahaduri Təbrizdə anadan olub, rəsm çəkməyə uşaqlıq illərindən başlayıb. Özü deyir ki, anasının sözlərinə görə, o danışmaqdan əvvəl şəkil çəkməyə başlayıb. İlk illər Əbülfəz Bahaduri incəsənətə həvəs göstərdiyi üçün bu sahədə təhsil alıb, lakin ali təhsilini texniki sahədə davam etdirib, kompyuter qrafikası mütəxəssisi olub. O eyni zamanda, toxuculuq texnologiyasına sahəsində təhsil alıb. Amma özü deyir ki, həyatında rəsm çəkmədiyi bir dövr olmayıb.

Əbülfəz Bahaduri deyir ki, uşaqlıq və gənclik illərini Təbrizdə keçirməsi onun yaradıcılığına öz təsirini göstərib. O, Təbrizdə Göy məscidin, xalça və xalıların rənglərindən ilham aldığını deyir: “Göy məscid məktəbdən evimizə gedən yolun üstündə idi. Mən tez-tez oradan keçərdim. Onun rəngi dünyada yeganə belə mavi rəngdir. Baxmayaraq ki, 18-ci əsrdə zəlzələ nəticəsində dağılıb, inqilab və müharibənin mərkəzində olub, o kaşılarda olan mavi rəng məni həmişə cəlb edib. Yadımdan çıxmır ki, mən oradan keçəndə o boyaları təqlid etməyə çalışırdım, kağızları gedib o kaşıların yanından tutub baxardım ki, o rəngi yarada bildim, yoxsa yox və bu, mümkün deyildi.”

Əbülfəz Bahaduri rəssamlıq yaradıcılığında Təbrizin xalıları və miniatürlərindən ilham aldığını və tez-tez Vaşinqtonda Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin sənət nümunələri, o cümlədən, Təbriz miniatürlərinin saxlandığı Freer qalereyasını ziyarət etdiyini deyir.
Rənglər, rəngli boyalar Əbülfəz Bahadurinin yaradıcılığında müstəsna əhəmiyyətə malikdir. Rəssam deyir ki, bu rənglər daxildən gəlir və hər rəsm onun özünə yol tapacaq yeni əsər kimidir. “Motivlər daha çox beyindən gəlir, rənglər isə ürəkdən gəlir”-deyə o bildirir.

Müsahibənin videosuna qaynağımız olan aşağıdakı linkdən baxa bilərsiniz:
TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 1293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed