Şrift:
“Ermənistanın İrana qarşı sanksiyaya qatılmamasını Qərb yaxşı anlayır”
13.01.2012 [01:49] - Xəbərlər
Bu gün dünyanın aparıcı mövzularından biri atom proqramını dayandırmadığına görə İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmaq məsələsidir.

Ermənistanın da bu aksiyaya qatılıb-qatılmayacağı az maraq doğurmur. Çünki bu ölkə həm İslam Respublikasının, həm də Rusiyanın ən etibarlı müttəfiqi sayılır.

Erməni iranşünaslar iddia edir ki, Ermənistanı İrana qarşı sanksiyalara qoşulmağa məcbur etmə olmaz. Bu gün keçirdiyi mətbuat konfransında erməni şərqşünas Mğer Baqdarsaryan deyib ki, ölkəsi İslam Respublikası ilə qonşu olmaqla yanaşı, çox yaxşı əlaqələrə malikdirlər: “Bundan başqa Ermənistanın blokadadan çıxması üçün yeganə yoldur. Ölkəmiz Türkiyə və Azərbaycanın blokadasındadır. Bu və başqa bu səbəblər Qərbə Ermənistanın ağır durumunu anladır. Qərb başa düşür ki, İranla sərhədi bağlamağa və ya sanksiyaya qoşulmağa Ermənistanı məcbur etmək olmaz”.

“Ehtimal olunan hərbi əməliyyatlar başlayacağı halda bunun Ermənistan üçün nəticələri haqda” suala cavab verən erməni mütəxəssis qeyd edib ki, savaş ilk növbədə Ermənistana qaçqın axını deməkdir: “Belə bir vəziyyət yaranacağı halda Azərbaycan Dağlıq Qarabağla bağlı avantüraya əl ata bilər”.

Ermənilər yenə beynəlxalq ictimaiyyəti bu sayaq çıxışları ilə aldatmağa çalışır. Halbuki Ermənistan da İran üçün az önəm daşımır. Bu ölkə vasitəsi ilə Tehran hakimiyyəti qaçaq yolla silah-sursat əldə edir. İrəvan həm də İranın atom-nüvə proqramında fəal iştirakçılardandır. Bu baxımdan İslam Respublikasına bu sayaq yardımlarına görə İranla yanaşı Ermənistana da sanksiyalar tətbiq edilsə bölgədə sabitlik uzun müddətli olar. Çünki ermənilər dünyada terrorçuluğu dəstəkləyən bir hakimiyyətə hər tərəfli yardım göstərir.
Yeri gəlmişkən onu da xatırladaq ki, qəbul edilmiş sanksiya yalnız Tehran hakimiyyətinə qarşı deyil, onunla yasaqlanmış sahələr üzrə əməkdaşlıq edən ölkələrə tətbiq ediləcəyi də istisna edilmir. Bəhs etdiyimiz sənəd qəbul olunmazdan öncə, ABŞ-ın İrəvandakı səfiri Mari Yovanoviç İrana qarşı sanksiyanın Ermənistana da təsirsiz ötüşməyəcəyini söyləmişdi: “Sanksiya Amerika deyil, BMT tərəfindən qəbul edilir. Ermənistanda BMT-nin üzvüdür. Odur ki, qətnamə qəbul olunacağı halda Ermənistanda bu sənədə əməl etməlidir”.
Beləliklə, Ermənistandan olan mütəxəssislər bu sayaq çıxışları ilə indidən beynəlxalq ictimai rəyi çaşdırmağa, Azərbaycan və Türkiyənin “cəzalandırılmasına” çalışırlar.

Sədrəddin Soltan
Bu xəbər oxucular tərəfindən 1160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed