Şrift:
"Vatikan kitabxanasında Azərbaycan nəsrinin ən qədim nümunələrindən biri tapılıb"
13.01.2012 [12:42] - Müsahibə
XV əsrə aid “Hekayələr toplusu” Azərbaycan ədəbi dilinin ən qədim nümunələrindən biridir

Azərbaycanın tarixi torpaqlarının təsbit edilməsi üçün daha bir imkan yaranıb. Bu, Vatikanda tapılan Azərbaycana aid sənədlərdir. Bu barədə öz müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib.

-Bu yaxınlarda Vatikanda Azərbaycanla bağlı məxfi sənədlər tapıldı və ölkəmizə gətirildi. Sənədlərdə nədən danışılır?

-Vatikanın məxfi arxivlərində tapılaraq Azərbaycana sürətləri gətirilən sənədlər əsasən orta əsrlərə aiddir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavablar, müxtəlif missionerlərin hesabatları və s. sənədlərdən ibarətdir. Bu sənədlər vasitəsilə Azərbaycan tarixinin çoxlu gizli məqamlarına aydınlıq gətirmək mümkün ola bilər.

Ötən ilin son günlərində Bakıya gətirilən sənədlərin sürətlərində Azərbaycan haqqında çox şey var. Sənədlər tam tərcümə olunmadığı üçün təfsilatı ilə deyə bilmərəm. Ümumilikdə, missionerlərin hesabatında Azərbaycanın çoğrafi mövqeyi, iqtisadiyyatı, əhalisi, ərazisi, mədəniyyəti, hərbi qüvvəsi, hansı dillərdə danışıldığı, milli mədəniyyəti haqqında məlumatlar var. Bunlar tarixi siyasi cəhətdən çox maraqlıdır. Onlar təfsilatı ilə tərcümə edilməlidir. Məsələn göstərilib ki, hansı şəhərlər, hansı abidələr var, hansı xalqlar, tayfalar yaşayıb, xristian əhalisi varmı. Hesabatlarda Ərdəbil, Təbriz, Xoy, Urmiyada türkdilli əhalinin yaşadığı qeyd edilib. Çox hallarda qonşularımız ərazi iddiaları ilə çıxış edirlər. Bu qeydlərin tarixi torpaqlarımızı təsbit etməkdə çox böyük köməyi var. Bizim folklor, milli adət ənənələr qeyd edilib. Məktublarda gizli sazişlər, hərbi əməkdaşlıq haqqında da məlumatlar var.

-Sənədlər necə aşkar edildi?

-Azərbaycana adi əlyazmalar, sənədlər ötən il tapılaraq Bakıya gətirilib. Lakin Vatikan Apostol kitabxanasında işləmək elə də asan proses deyil. Məxfi arxivlər, kitabxanada işləmək üçün yüksək instansiyalardan xüsusi icazələr, buraxlış tələb edilir. Vatikan özü balaca yer olsa da 100 milyonlarla katoliki idarə edir. Onların böyük arxivləri, kitabxanaları var. Çünki, katolik kilsəsi Roma imperiyasının varisidir. Bura bütün dünyadan minlərlə kitab toplanıb. Böyük hissəsi də Apostol kitabxanasında saxlanılır. Orada təxminən 1500 illik sənədlər mühafizə edilir. Kitabların bir hissəsi kitabxanada, bəziləri məxfi arxivlərdə saxlanılır. Kitabxanada işləmək üçün hansısa sanballı universitetlərin rektorları tərəfindən xüsusi sənədlər hazırlanmalı, buraxlış tərtib edilməlidir. Məxfi sənədlər saxlanılan arxivə isə daha yüksək instansiyalar səviyyəsində razılaşma olmalıdır. Mən ora Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın xətti ilə, Vatikan-Azərbaycan arasında olan mədəni əməkdaşlığa dair sazişə əsasən getmişəm. Əsas məqsəd Azərbayacana aid sənədlərin aşkar edilməsi idi.

Bu məqsədlə Vatikan Apostol Kitabxanasına gedən ilk mütəxəssis mən olmuşam. Düzdür, Azərbaycandan Vatikana daha öncə də tədqiqatçı getsə də, tədqiqat aparılmayıb. 2011-ci ilin aprel-mart aylarında 1 ay müddətində orada araşdırma aparmışam. Bir aylıq işin nəticəsində Apostol kitabxanasında Azərbaycana aid qədim, orta əsr və yeni dövr – XX əsrin əvvəllərinə aid 60-dan artıq qədim əlyazma, məxfi arxivdən isə 500-dən artıq sənəd aşkar edilib. Onların çoxu orta əsrlərə aiddir.
Bundan sonra biz bərpaya ehtiyacı olan sənədlərlə maraqlandıq. Onlar layihə tərtib edib, büdcə hazırladılar və bizim hökumətə göndərildi. Heydər Əliyev Fondu bu işi öz öhdəsinə götürdü və maliyyələşdirdi. Nəticədə bərpaya ehtiyacı olan tarixi əsərlər yenidən bərpa olundu.

-Sizin kitabxanada apardığınız araşdırma daha hansı məsələlərin üstünü açdı?

- Ən azından indi bu böyük kitabxanada “Azərbaycan əlyazmaları” adlı məfhum yaranıb. Çünki bundan öncə orada belə anlayış olmayıb. Belə ki, kitabxanada Azərbaycana aid əylazmalar 3 hissəyə bölünüb - ərəb - fars - türk. Məsələn, dahi şair Nizami Gəncəvinin əsərləri fars, Bəhmənyar Əl Azərbaycaninin əsərləri ərəb, Məhəmməd Füzulinin əsərləri isə türk kataloqunda yer alıb. Tədqiqatdan sonra bunların hamısı toplanaraq, birləşdirilib və Azərbaycan kolleksiyası adı altında yenidən təqdim edilib. Ötən yay əlyazmaların CD-yə yazılmış sürətləri də Azərbaycana gətirilib.

-Sənədlərin Azərbaycana gətirilməsində hər hansı problem yaşanmadı?

- Sürətlərin Azərbaycana gətirilməsi üçün müəyyən məbləğ ödənilib. Orta ölçülü bir kitab üçün təqribən 60-70 manat ödənilib. Əlində bu, çox aşağı məbləğdir. Ancaq bu kitablar, sənədlər bizim üçün qiymətsizdir. Çünki onlar informasiya bazasıdır. Ancaq onu da qeyd edim ki, məxfi arxivlərdən çox sənədi bizə vermirlər. Bizə verilənlər ancaq məxfiliyi götürülən sənədlərdir. “Dədə Qorqud” dastanı Vatikandan Bakıya gətirilən yeganə əsər idi. Bundan başqa Vatikandan heç bir əsər bizdə yox idi. Gətirilən bəzi əlyazmalar, sənədlər haqqında Azərbaycanda bu vaxta kimi təsəvvür olmayıb. Onlar bizim üçün yeni, lakin geniş informasiya mənbəyidir.

-Sənədlər nə vaxt geniş ictimaiyyətə təqdim olunacaq?

-Hazırda İnstitutda gətirilən sənədlərin sistemləşdirilməsi aparılır. Bundan sonra isə mütəxəssislər tərəfindən onların tərcüməsinə başlanacaq. Onların tərcüməsi çox çətin və uzun müddətli məsələdir. Bizə məlum olan ən sadə dillər ərəb-fars dillərindən tərcümə bəzən iki ilə başa gəlir. Hətta bəzən bir sözü oxumağa 3-4 gün tələb edilir. Sənədlərin böyük əksəriyyəti isə latın, qədim italyan dilindədir. Onların arasında uyğur, monqol dilində olanlar da var. Məhz bununla bağlı olaraq, müxtəlif dilləri bilən xüsusi işçi qrupu tərtib oluna biləcəyini istisna deyil.

-Vatikan arxivlərində Azərbaycanla bağlı sənədlərin hamısı aşkar edilibmi?

-Bir aylıq iş nəticəsində yüzlərlə sənəd tapılsa da, bu hələ son deyil. Vatikan arxivlərində hələ istənilən qədər Azərbaycana aid sənəd ola bilər. Çünki, məxfi arxivlərdə nələrin olduğunu bilmək çox çətindir. Onların üzərindən hələ məxfilik götürülməyib, bunlar haqqında məlumat bazalarında heç bir informasiya yoxdur. Üzərindən məxfilik götürülən on minlərlə sənədin arasında da ölkəmizə aid sənədlər ola bilər. Əsaslarını biz gətirmişik. Ancaq bunun üçün orada oturub işləmək lazımdır. Əsasən son 90-100 ildə tərtib edilən sənədlərdə məxfilik qalıb. Çünki onlar hələ aktuallıqlarını itirməyiblər.

-Vatikanda yenidən araşdırma aparılacaqmı?

-Perspektivdə yenidən orada işləmək məsələsi olsa da, bunun dəqiq vaxtı hələ bəlli deyil.

Məlum olmayan əlyazmalar

-Vatikan kitabxanasında bizə indiyədək məlum olmayan əsər və ya fakt tapmısınızmı?

-Yayda Azərbaycana rəqəmsal disk formatında gətirilən əlyazmalar arasında bizə məlum olmayanlar var. Bunlardan biri XV əsrə aid türk dilində “Hekayələr toplusu”dur. Adıçəkilən toplu Azərbaycan ədəbi dilinin ən qədim nümunələrindən biridir. Orada “Dədə Qorqud”un dilinə yaxın olan bir dildə yazılan ədəbiyyat nümunələri var. Bu, dilimizin qədimliyini sübut edir. Vatikanda Şirvan alimlərinin məlum olmayan bir çox əsərləri tapılıb. Türkiyə, Osmanlı imperiyasında yaşayan Mahmud Şirvaninin, İllaqi adlı əslən Şirvandan olan həkimin bir neçə təbabət haqqında əsəri aşkar edilib.

Məlum olan müəlliflərdən isə Hinquşah Naxçivanin riyaziyyata aid əsəri, Təbriz, Ərdəbil alimlərinin, Zəncanilərin, Azərbaycanda geniş məlum olan şəxslərin, Nizaminin, Füzulinin, Şah İsmayıl Xətainin qədim əlyazmalarının adını çəkə bilərəm. Bu nüsxələr bizdə yox idi. Nüsxənin qədimliyi çox vacidir. Onun əlyazması bizdə varsa, bu o demək deyil ki, başqa əlyazma bizə lazım deyil. Çünki orta əsrlərdə onu qələmə alan yazıya nə isə əlavə edə, nəyi isə ixtisar edə bilərdi. Ona görə, müasir nəşrlər hazırlananda 5-6 orta əsr əlyazması tutuşdurulur. Vatikanda da ən qədim əlyazmalar tapılıb.

Vatikanda ermənilərlə bağlı sənədlər var?

Məxfi arxivlərdə Vatikanın erməni kilsəsi ilə işləməsi ilə bağlı məlumatlar var. XIX əsrdə, XX əsrin əvəllərində həm Cənubi, həm də Şimali Azərbaycan ərazisində katolik məktəblərinin açılması barədə məlumatlar yer alıb. Bu məktəblərdə də əsasən katolikliyi qəbul edən ermənilər oxuyurdu. Katolik məktəblər Urmiya, Təbrizdə, Şamaxıda, Bakıda açılıb. Göstərilir ki, katolikliyi qəbul edən ermənilər çoxu bir müddət sonra heç bir mənfəət görməməkdən gileylənərək yenidən qriqoryanlığa qayıdırdılar.
Bundan əlavə orada qədim Alban müəlliflərinin əsərləri var ki, onlar erməni siyahısındadır. Çünki, indiki nüsxələr erməni dilindədir. Ermənilər Musa Kalankatlı adlı alban tarixinin müəllifinin özlərininki olduğunu deyirlər. Ancaq o özü öz ölkəsinin –"Qafqaz Albaniyasının tarixi"ni yazdığını bildirib. Qafqaz alban müəlliflərinin əsərləri erməni dilində olduğu üçün erməni kataloqundadır. Gəncəli olan İtar Quşun əsərləri erməni dilində gəlib çatıb. Ermənilər onu ədəbiyyatlarının klassiki hesab edir.

Kitabxanada Azərbaycan irsi 3 hissəyə bölünsə də, erməni kataloqu arxivlərdə ayrıcadır. Bunun səbəbləri isə yalnız qərəzliliklə bağlı deyil. İş ondadır ki, erməni əsərləri erməni dilində yazılsa da, Azərbaycan dili türk dilindən ayrılmadığı üçün türk siyahısına salınıb. Düzdür, orta əsrlərdə bu, türk dili adlandırılırdı. Azərbaycan dili qədim olsa da, məfhum kimi bir az sonradan yaranıb. Bu siyahıda da bütün türk dilli xalqlarının ədəbiyyatı cəmləşdirilib. Bundan əlavə orada dövlətlərlə bağlı siyahı da yoxdur. Məsələn, ərəb əlyazması adı altında Misir, İordaniya, Əlcəzair və sairə əlyazmalar cəmlənib.

Fikrimcə, Azərbaycan kitabxanada öz kataloqunu tərtib etməlidir. Artıq bu kataloqun özülü də var. Ancaq bu, Vatikan qrifti ilə, onların nəşri kimi yaradılmalıdır. Çünki, bu, Vatikanın nəşri olandan sonra heç kim deyə bilməz ki, “Vatikan Azərbaycanı tanımır?”.//anspress//
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed